Azərbaycanın xarici siyasətində qarşılıqlı maraqlara hörmət prinsipi mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, istər regional, istərsə də daha geniş coğrafiyada Azərbaycan etibarlı tərəfdaş kimi nüfuzunu günü-gündən artırır. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki. ümumiyyətlə, Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında əlaqələrin kifayət qədər tarixi var: “2005-ci ildən Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusa malikdir. Təbii ki, belə bir status bütövlükdə ərəb dünyası ilə Azərbaycan arasında çoxtərəfli əlaqələrin inkişafına mühüm töhfə verməkdədir. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildən qurulub. Bu gün bu əlaqələr kifayət qədər yüksək səviyyədədir. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın ərazi bütövlüyü məsələsində hər zaman açıq-aydın mövqe nümayiş etdirərək, ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib”.
Millət vəkili son illərdə BƏƏ də daxil olmaqla, bir sıra ərəb ölkələri ilə Azərbaycan arasında münasibətlərin dərinləşməsindən bəhs edib: “Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə ilk səfəri iki ölkə arasında münaisbətlərin dərinləşməsinə mühüm töhfədir. Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” ilə yanaşı müxtəlif sahələri əhatə edən anlaşma memorandumları imzalanıb. Bunlarla yanaşı ötən ay daha iki önəmli sənəd imzalanıb. Onlardan biri - Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondunun yaradılmasıdır. İkinci önəmli sənəd informasiya-kommunikasiya sektoruna aiddir”.
Deputat hesab edir ki, ölkələrimiz arasında münasibətlər dostluq və qarşılıqlı etimad zəminində inkişaf edir: “Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Hazırkı mərhələdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın inkişafında enerji sektorunun xüsusi rolu var. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan enerji resurslarının şaxələndirilməsi, eləcə də yaşıl enerji sahəsində önəmli təchizatçıya çevrilmə istiqamətində mühüm addımlar atır. Bu gün Azərbaycanın imkanları nəinki öz enerji tələbatlarını təmin etməyə, alternativ enerjinin ixracına belə şərait yaradır. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin diyardır”.