8 May 2023 15:41
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 pandemiyası ilə bağlı raportu bir daha göstərdi ki, artıq pandemiya bitib. COVID-19-la bağlı ayrı-ayrı yerlərdə xırda epizodlar ola bilər, amma bu, pandemiya demək deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, bu qərarı gözləyənlər çox idi: "Qərarın verilməsi üçün dünyanın aparıcı, mötəbər xəstəliklərə nəzarət və profilaktika mərkəzləri tərəfindən yekdil nəticə ortaya qoyulur. Pandemiyanın həqiqətən baş verən mutasiya prosesləri nəticəsində yenidən alovlanması imkanının aradan qalxması və öz qürubuna yaxınlaşması təsdiq edilir. Bu, elmi məlumatlarla təsbiq edilir və ondan sonra raport verilir.

COVID-19 pandemiyası bizə çox böyük təcrübə verdi. Bir daha əmin olduq ki, pandemiya dövründə yaşamaq mümkündür və bunun öz şərtləri var. İnsanlar üç qızıl qaydanı - məsafə gözləmək, maskadan istifadə etmək, yoluxma mənbələrindən biri sayılan əllərin gigiyenasına diqqət yetirməyi öyrəndi.

Digər tərəfdən, yoluxan zaman hansı tədbirə riayət etmək məsələsinə diqqət yetirilir. Vaksinasiya da bu xəstəliyin vaxtında lokallaşması üçün ciddi rol oynadı. Vaksinasiya imkanları varsa, ondan həmişə yararlanmaq lazımdır".

Həkimin fikrincə, dünyanı pandemiyalar yenə gözləyə bilər: "Məsələn, təbii çiçək, taun, vəba, sarı qızdırma, karantin infeksiyalarının əsrlər boyu böyük pandemiyaları olub və böyük insan tələfatı ilə nəticələnib. Əksəriyyətinin hazırda qarşısını almaq vasitələri var. Təbii çiçək də vaksinasiya nəticəsində yoxa çıxıb.

Amma qripin və digər mutasiya edən virusların nə vaxtsa pandemiyası gözlənilir, ona görə də hesab edirəm ki, biz bu pandemiyanın bitməsindən arxayın düşməməliyik. İstənilən epidemiyalar zamanı, mövsümi soyuqdəymə xəstəliklərində də mümkün qədər az adamın yoluxmasına nail olmaq üçün bu tədbirlərə əməl etməliyik. Düşünürəm ki, ən ağır situasiyalardan da etibarlı və nəticəli dərslər çıxarmaq lazımdır".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər