22 Dekabr 2021 14:03
2 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabiq polis zabiti 1981-ci il təvəllüdlü Hüseyn Muradxanov ali məktəb müəllimi Dürdanə Vəkilovaya qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Hüseyn 31 iyul 2014-cü ildən 11 may 2017-ci ildək Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində ictimai təhlükəsizlik şöbəsində inspektor vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib.

O, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Məleykə ilə Bakı Nikah Evi tərəfindən 12 sentyabr 2003-cü ildə “1827" akt qeydi ilə rəsmi nikaha daxil olub. Evləndikdən sonra 6 yanvar 2006-cı ildə, yəni Məleykə ilə birgə nikah müddətində “Elit" Mənzil-Tikinti Kooperativinin inşa etdiyi yaşayış binasının birinci mərtəbəsindəki 113,7 kvadrat metr qeyri-yaşayış sahəsini köhnə məzənnə ilə 138.145,5 manata müqavilə əsasında alıb.

Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti sayılmasına baxmayaraq, 8 avqust 2008-ci ildə Ağsu rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupundan istintaqla müəyyən edilməyən şəraitdə aldığı və həmin vaxt evli olmasına baxmayaraq, “ailə vəziyyəti subay" kimi qeyd edilmiş şəxsiyyət vəsiqəsindən istifadə edib, 2015-ci ilin martın əvvəllərində Dürdanə Vəkilovaya həmin qeyri-yaşayış sahəsinin arvadı ilə birgə mülkiyyətində olmasını alıcıdan və kooperativə rəhbərlik edən vəzifəli şəxslərdən gizlətməklə, yalnız özünə məxsus olduğunu bildirib.

O, həmin qeyri-yaşayış sahəsini 180.000 manata Dürdanəyə satıb.

Bundan sonra Məleykənin nikahın ləğvi və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciəti üzrə həmin məhkəmənin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə 113,7 kvadrat metr qeyri-yaşayış sahəsi ilə bağlı payın himayəsində olan uşaqların mənafeyi nəzərə alınmaqla 2/3 hissəsinə onun pay hüququ tanınıb.

“Təmir elətdirdik, idman zalı kimi icarəyə verdik”

Daha sonra Hüseyn və Dürdanə arasında qeyri-yaşayış sahəsi ilə bağlı 6 mart 2015-ci il tarixli əqd etibarsız hesab edilib, həmin qeyri-yaşayış sahəsi Dürdanə Vəkilovadan alınıb.

Bununla da Hüseynin Dürdanəyə məxsus 180.000 manat məbləğində pul vəsaitini ələ keçirməsi müəyyən olunub.

İstintaq orqanı tərəfindən Hüseynin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseyn ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Yasamal rayonu, Salamzadə küçəsində ailəsilə birlikdə yaşayır: “2006-cı ildə MTK tərəfindən tikilmiş hündürmərtəbəli binanın 1-ci mərtəbəsində olan, ümumi sahəsi 113,7 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsini atam Muradxanla bərabər bəyəndik. Atam həmin qeyri-yaşayış sahəsinin pulunu özü verdi, sənədləşmə də mənim adıma aparıldı.

MTK ilə 6 yanvar 2006-cı ildə müqavilə bağlandı, qeyri-yaşayış yerini təmir elətdirdik, idman zalı kimi icarəyə verdik”.

“Saytlarda 190.000 manata satışa qoyuldu”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2013-cü ildə atası Muradxan vəfat etdikdən sonra əmlakları vərəsəliklə onun adına keçib:

“Atamla təxminən 2011-ci ildə münasibətlərimiz korlandı. Ona görə də MTK-ya mənsiz gedərək qeyri-yaşayış sahəsini müqavilə ilə öz adına keçirib. Bundan yalnız atam vəfat etdikdən sonra xəbər tutdum. Onun ölümündən sonra seyfindən çıxan sənədlərin arasında həmin qeyri-yaşayış sahəsinin öz adına keçirilməsi ilə bağlı müqaviləni gördüm. Başa düşdüm ki, mənimlə incik olan vaxt obyekti öz adına keçirib.

113,7 kvadrat metrlik qeyri-yaşayış sahəsini satışa çıxardım, müxtəlif şəxslərə, tanışlara obyekti satmaq istədiyimi dedim. Salon alqı-satqı işi ilə məşğul olan şəxslər tərəfindən saytlarda 190.000 manata satışa qoyuldu”.

“Dediklərimi təsdiq etdi”

Hüseyn bildirib ki, 2015-ci ilin təxminən aprelinda əmlak alqı-satqısı ilə məşğul olan şəxs ona zəng edib və bir nəfər alıcının - sonradan adını bildiyi Bakı şəhər sakini Dürdanənin obyektlə maraqlandığını, həmin yeri almaq istədiyini deyib:

“Mən də razılaşdım. Makler Ziyad və alıcı Dürdanə ilə qeyri-yaşayış sahəsinin qarşısında görüşdük. Dürdanə xanımla qiymətdə razılaşaraq qeyri-yaşayış sahəsini 180.000 manata sata biləcəyimi dedim. Həmin qeyri-yaşayış sahəsinə çıxarış almadığımı, başqa heç bir probleminin olmadığını bildirdim. Dedim ki, buranı dəyərindən ucuz qiymətə satıram, çünki Ağsu rayonunda özümə univermaq tikmək istəyirəm. Qeyri-yaşayış sahəsi olan binada mənzilim və qarajım da var, onları da satışa çıxardığımı söylədim.

Söhbət zamanı binanın komendatı kimi fəaliyyət göstərən Fikrət adlı şəxs də bizə yaxınlaşdı, bina barədə məlumat verdi, dediklərimi təsdiq etdi”.

“Varislərinin razılıq ərizələri olmalıdır”

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra Dürdanə ona 1000 manat beh verib: “Razılaşdıq ki, bir neçə gün sonra yenidən görüşək.

Obyektin qarşısında yenidən görüş zamanı Dürdanə xanımın əri hüquqşünas və makler Ziyadla gəldi. Mən özüm tək gəlmişdim. Söhbət zamanı əmlakın atamdan mənə miras qaldığı barədə, həmçinin digər payçıların həmin payları pay şəkilində verməyə hazır olmaları barədə məlumat verdim.

MTK-nın sədri Famil ilə də görüşdük. Dedim ki, həm mənim adıma, həm də atamın adına müqavilə var, obyekti satmaq istəyirəm. Famil də mənə dedi ki, atan Muradxan küsülü olduğu vaxt gələrək müqaviləni dəyişdirib. Ona görə də qeyri-yaşayış sahəsini satmaq istəyirəmsə, atamın varislərinin razılıq ərizələri olmalıdır, notarial qaydada təsdiq edilməlidir. Mən bu barədə Dürdanəyə və ərinə də məlumat verdim”.

“Razılıq ala biləcəyimi bildirdim”

Hüseyn ifadəsində göstərib ki, bundan sonra pay məsələsinin həll edilməsi və məsləhət almaq üçün 4 mart 2015-ci ildə 19 nömrəli notariusa gediblər: “Orada qeyri-yaşayış sahəsi ilə bağlı MTK-nın sənədlərini, şəxsiyyət vəsiqəsini təqdim etdim. Notariusda da eyni sözləri mənə dedilər.

Söhbət zamanı Dürdanənin hüquqşünası bir daha məndən əmlakın yüklü olub-olmadığını, vərəsəlik qaydasında keçib- keçmədiyini, mənim evli olub-olmadığımı soruşdu. Mən bir daha bildirdim ki, evi özüm almışam, lakin sonradan atam Muradxanın adına keçirilib, evliyəm, əmlak da yüklü deyil.

Daha sonar bildirdim ki, valideyinlərim rəhmətə gedib. 4 bacım var, bacılarımın notariat qaydada razılığını ala biləcəyimi bildirdim”.

“Maliyyə arayışı da verildi”

Sabiq polis zabitinin ifadəsinə görə, 6 mart 2015-ci ildə Dürdanə, onun əri, makler Ziyadla Yasamal rayonunda yerləşən 19 saylı notariat kontorunda görüşüblər: “Bacılarımın razılığı barədə notarial qaydada razılıq ərizələrini də, özümün şəxsiyyətimi təsdiq edən sənədi də onlara göstərdim. Daha sonra notariusda işlərimiz tamamlandı. Yasamal rayonu, İsmayıl Qurtqaşınlı küçəsində, Nərimanov heykəlinin yaxınlığında yerləşən MTK-nın baş ofisinə getdik.

Qeyd olunan əmlakın atamdan mənə miras qalması barədə, həmçinin digər payçıların paylarını mənə verdikləri haqda sənədlərin surətini Dürdanəyə təqdim etdim. MTK-nın baş ofisində ərizə yazaraq obyektdən Dürdanənin xeyrinə imtina etdiyimi bildirdim. Dürdanə də həmin obyekti almağı barədə ərizə yazdı. Ərizə notarial qaydada təsdiq edildi.

Bununla əlaqədar kooperativ üzvlərinin ümumi yığıncağı keçirildi. Pay haqqımı tam ödədim. Mənə məxsus qeyri-yaşayış sahəsinin yeni payçı kimi Dürdanənin adına rəsmləşdirilməsi barədə qərar qəbul olundu. Dürdanə ilə kooperativ arasında müqavilə bağlandı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 6-da onların aralarında alqı-satqı baş tutub: “MTK-nın baş ofisində Dürdanə mənə 180.000 manat verdi. Mən də MTK-da bütün sənədləri Dürdanənin dediyi kimi onun adına keçirdim. 180.000 manat pul mənim və digər varislərin arasında bölündü”.

“Zərəri ödəyə bilməmişəm”

Sabiq polis deyib ki, 2016-cı ilin aprelində ailə münasibətləri pozulduğu üçün həyat yoldaşı ilə məhkəmə qaydasında boşanıblar:

“Daha sonra əmlakların bölüşdürülməsi ilə bağlı bir-birimizə qarşı Yasamal rayon Məhkəməsində əmlak iddiası qaldırdıq. Yasamal rayon Məhkəməsi 14 oktyabr 2016-cı il tarixli qətnamə çıxardaraq sözü gedən 113,7 kvadrat metrlik qeyri-yaşayış sahəsininin 2/3 hissəsinin keçmiş arvadım Məlekəyə verilməsini qət etdi. Həmin obyektin Dürdanəyə satılması barədə əqdi isə etibarsız saydı.

Yuxarı məhkəmələrə bu barədə şikayətlər etdim. Bakı Apelyasiya Məhkəməsi 12 oktyabr 2017-ci ildə və Ali Məhkəmə isə 16 aprel 2018-ci ildə Yasamal rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Dürdanə də Nərimanov rayon Məhkəməsində barəmdə iddia qaldırdı. Nərimanov rayon Məhkəməsi 12 dekabr 2018-ci ildə Dürdanənin xeyrinə qətnamə çıxardı və qətnamədə 180.000 manatın tərəfimdən ona verilməsi əks olundu. İcrası üçün Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərildi.

Bundan sonra Dürdanə barəmdə müxtəlif qurumlara şikayət etməyə başladı. Mən də dəymiş ziyanını ödəməyə çalışdım. Pandemiya ilə əlaqədar sərt karantin rejiminə görə bu günədək 180.000 manat zərəri ödəyə bilməmişəm”.

“Dedim ki, danışdıqları hamısı cəfəngiyatdır”

Hüseynin sözlərinə görə, 2016-cı ildə məhkəmə prosesləri zamanı arvadı Məleykə Dürdanə ilə telefonda danışaraq boşandıqlarını, onun xəbəri olmadan qeyri-yaşayış sahəsinin satıldığını, ona görə də 113,7 kvadrat metr qeyri-yaşayış sahəsini məhkəmə yolu ilə alacağını bildirib: “Dürdanə də bu barədə mənimlə telefonla danışaraq nə məsələ olduğunu soruşdu. Dedim ki, Məleykə ilə indi boşanmışıq, onunla aramızda olan problemin sənə aidiyyəti yoxdur, ən pis halda sənin 180.000 manat pulunu qaytaracam.

Həmçinin dedim ki, Məleykənin danışdıqları hamısı cəfəngiyatdır və həmin məsələlər yaxın zamanda məhkəmə yolu ilə mənim xeyrimə həllini tapacaq. Lakin məhkəmələr Məleykənin xeyrinə qərarlar qəbul etdilər. Dürdanə ilə qeyri-yaşayış sahəsinin alqı-satısını həyata keçirən zaman Məleykədən boşanmamışam, normal ailə həyatımz olub. Dürdanə də həmin qeyri-yaşayış sahəsini 6 mart 2015-ci ildən 2018-ci ilə kimi idman zalı kimi icarəyə verərək istifadə edib. Yalnız 2018-ci ildə məhkəmə icraçıları həmin obyektə gedib və oranı boşaldaraq möhürləyiblər”.

“Əmlak mənə atamdan miras qalıb”

Hüseyn həmçinin bildirib ki, qeyri-yaşayış sahəsinin alqı-satqısı aparılan zaman özünü Dürdanəgilə subay kimi təqdim etməyib: “Çünki məndən evli, ya subay olub-olmadığımı kimsə soruşmayıb. Amma şəxsiyyət vəsiqəmi onlara bir neçə dəfə göstərmişəm. Həmin vaxt mənim bir şəxsiyyət vəsiqəm olub, 2008-ci ildə Ağsu rayon polis şöbəsindən almışam.

Vəsiqə verilən zaman texniki olaraq orada səhv gedib, subay olduğum yazılıb. Özümü onlara evli, ya subay kimi təqdim etməyimin heç bir mənası yox idi. Çünki onsuz da qeyd edilən əmlak mənə atamdan miras qalıb”.

“Sosial şəbəkələr vasitəsi ilə bir obyektə rast gəldik”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Dürdanə Vəkilovanın sözlərinə görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbiyyat və dillər kafedrasında dosent vəzifəsində işləyib: “1987-ci ildə rəsmi nikahla ailə həyatı qurmuşam. Həmin nikahdan bir nitq qüsürlü övladım dünyaya gəlib.

Yaş həddimin artıq keçməyini nəzərə alaraq gələcəkdə övladımın yaşayışını təmin etmək üçün hər hansı qeyri-yaşayış sahəsi almaq qərarına gəldik. Təxminən 2015-ci ildə müxtəlif soraqlaşmalardan sonra sosial şəbəkələr vasitəsi ilə bir obyektə rast gəldik və makler Ziyadla tanış olduq. Onunla obyektə birlikdə baxdıq. Məlum oldu ki, obyekt Hüseynə məxsusdur.

Qeyri-yaşayış sahəsi tələblərimə cavab verdiyi üçün almaq qərarına gəldim. Hüseyndən qeyri-yaşayış sahəsini hansı səbəbdən satdığını soruşdum. Bildirdi ki, qarşısında dayandıqları binada mənzili də var, onu da satır. Çünki Ağsu şəhərində özü üçün univermaq tikdirir. Onun bu sözlərini Ziyad da təsdiq etdi. Qeyri-yaşayış sahəsini 180.000 min manata razılaşdıq”.

Zərərçəkmiş daha sonra ifadəsində göstərib ki, təqsirləndirilən şəxslə sənədləşmə işini həll ediblər, qarşılıqlı razılaşma ilə obyekti alıblar. Sonradan məhkəmədə Hüseynlə həyat yoldaşı Məleykə arasında mülk iddiası olub, bu səbəbdən aldığı obyek məhkəmə qərarı ilə ondan alınıb və Meleykəyə verilib.

“Hətta qadınla özünə toy da edib”

İş üzrə şahid qismində ifadə verən Məleykə bildirib ki, Hüseynlə 2003-cü ildə ailə həyatı qurub, birgə nikahdan iki övladları var: “Hüseynlə ailə münasibətlərimiz 2016-cı ilə kimi normal olub. 2016-cı ilin noyabrında isə rəsmi olaraq Yasamal rayon Məhkəməsi vasitəsi ilə boşandıq. Boşanmağımıza səbəb Hüseynin məndən, ailəsindən xəbərsiz Bakı şəhərində başqa bir qadınla qeyri-rəsmi olaraq yaşaması olub.

Hətta Hüseyn həmin qadınla özünə toy da edib. Bunu sonradan öyrəndim və ailə münasibətlərimiz pozuldu. Hüseyn məndən boşanmaq üçün rəsmi olaraq Yasamal rayon Məhkəməsinə müraciət etdi. Buna cavab olaraq əmlaklarının bölünməsinə dair qarşılıqlı iddia ilə Yasamal rayon Məhkəməsinə müraciət etdim”.

“İddiam təmin edildi”

Məleykənin sözlərinə görə, 2016-cı ildə Yasamal rayon Məhkəməsində boşanma məsələləri həll ediləndə məlum olub ki, Hüseyn ondan xəbərsiz birgə nikah dövründə əldə etdikləri 113,7 kvadrat metr qeyri-yaşayış sahəsini, eləcə də digər bir sıra əmlakları başqa şəxslərə satıb:

“Hüseyn "Elit” MTK-nın binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini Bakı şəhər sakini Dürdanəyə satıb və bununla bağlı 6 mart 2015- ci il tarixli "Kooperativ binada mənzil tikintisi haqqında" müqavilə bağlanıb. Bundan qətiyyən xəbərim olmayıb. Ona görə də Bakı şəhəri Yasamal rayon Məhkəməsi 14 oktyabr 2016-cı il tarixli qətnamə çıxardaraq iddia ərizəm qismən təmin edildi. "Elit” MTK-da olan qeyri-yaşayış sahəsinin Dürdanəyə satılması barədə əqd etibarsız hesab edildi”.

“Atasından miras qalmayıb”

Məleykə bildirib ki, qeyri-yaşayış sahəsinin Dürdanə Vəkilovaya satılması barədə məlumat alan zaman onunla telefonda danışıb: “Dürdanəyə xəbərdarlıq etdim ki, Hüseyndən boşanıram, məhkəmə yolu ilə həmin qeyri-yaşayış sahəsini də alacam. Dürdanə isə dedi ki, Hüseyn ona qeyri-yaşayış sahəsini satıb. Yalnız 2018-ci ildə bilmişəm ki, Hüseyn Dürdanəyə həmin qeyri-yaşayış sahəsini 180.000 manata satıb. Həmin puldan mənə, eləcə də ailəsinə xərcləməyib.

Sonradan öyrəndim ki, Hüseyn alqı-satqı zamanı özünü subay kimi təqdim edib, evli olduğunu gizlədib. Doğurdan da həminki dövrdə şəxsiyyət vəsiqəsində ailə vəziyyəti subay kimi göstərilib. Mənə demişdi ki, Ağsu rayon polis şöbəsində vəsiqə verən zaman texniki səhv olaraq onun ailə vəziyyəti subay kimi göstəriblər. Həmin qeyri-yaşayış sahəsi Hüseyn və mənim birgə mülkiyyətlərimiz olub, atasından miras qalmayıb”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.

Hüseyn 7 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum olunub.

Hüseynin 2019-cu ildə Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə təqsirli bilinərək şərti cəza alması barədə məhkumluğunun müstəqil icra olunması qərara alınıb. O, həmin il Yasamal rayon Məhkəməsinin hökmü ilə 1 il 10 ay 20 gün müddətinə şərti cəzaya məhkum olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər