11 Mart 2018 21:59
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Trabzonspor” klubuna UEFA tərəfindən transfer qadağası qoyulub. Klub yay “transfer pəncərəsi”ndə heyəti gücləndirə bilməyəcək.

Bu vəziyyətdə müqavilə ilə Qaradəniz təmsilçisinə məxsus olan, icarə əsasında “Qarabağ”da çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Super Liqa klubuna dönmək şansı yaranacaq.

Bununla bağlı “Trabzonspor”un baş məşqçisi Rza Çalımbay açıqlama verib. O, Ramilin Trabzon klubuna dönmək şansının olduğunu bildirib: “Əlbəttə, Ramil mövsümün sonunda bizim komandaya dönəcək. Çünki müqavilə ilə bizə məxsusdur. Oynamasına gəlincə, bunu indidən deyə bilmərəm. Komandada yaxşı məşq edib özünü göstərə bilsə, növbəti mövsüm üçün heyətdə qalacaq”.

Çalımbay Ramilin yenidən icarəyə verilmə şanslarını isə belə dəyərləndirib: “Bu barədə hələ ki, danışacağıq. Vəziyyətə baxacağıq”.

“Ramil Şeydayevi “Qarabağ”da izlədinizmi” sualına təcrübəli mütəxəssis belə cavab verib: “Hər zaman diqqətimizdədir”.

Baş məşqçi komandadan heç bir futbolçunun göndərilməyəcəyini bildirib: "Transfer cəzasına görə heç bir futbolçu burdan getməyəcək".


Müəllif: Teleqraf.com