14 May 20:04
2 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla Hindistan arasında Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı anlaşma əldə edilib. Həmin razılaşmaya görə, İranın Çabahar limanını icarəyə götürən Hindistan yükləri Azərbaycan üzərindən Rusiya və əks istiqamətdə daşıyacaq, həmçinin bu çərçivədə Dehli ilə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Maraqlıdır, bura qədər Azərbaycana qarşı mövqe tutan Hindistan niyə bu dəhlizin ölkəmizin üzərindən keçən hissəsinə maraq göstərməyə başlayıb? Halbuki Hindistan və İran uzun zamandır Ermənistanı bu xəttə qoşmağa çalışırdı.

Politoloq Elçin Mirzəbəyli Teleqraf.com-a açıqlamasında Hindistanın dəyişən mövqeyinin təsadüfi olmadığını deyib.

Ekspert bunu Ermənistanın hazır infrastrukturunun olmaması, Azərbaycanın qlobal aktorlar üçün önəmi və digər amillərlə əlaqələndirib:

“Qənaətimə görə, bu, önəmli faktordur. Vacib bir məqam da var ki, Şimal-Cənub nəqliyyat dəhlizinin bir layihə kimi ortaya çıxmasında əsas rol oynayan ölkələr var. Bu ölkələrdən biri və birincisi Rusiyadır, daha sonra Hindistan və İran gəlir. İndiki halda layihənin Hindistanın qərbli tərəfdaşlarının istək və maraqlarına uyğun olaraq həyata keçirilməsi heç bir halda Rusiya tərəfindən qəbul olunmayacaqdı.

Bu istiqamətdə cəhdlər təzyiq xarakteri daşıyırdı, Hindistanın bölgəyə hansısa təsir imkanlarının olmayacağı da bəlli idi. Həmçinin Azərbaycanın bölgədə oynadığı rol var. Məlum olduğu kimi, hazırda Ermənistandan heç bir nəqliyyat dəhlizi keçmir. Sadəcə Ermənistanın öz yüklərini daşdığı İran və Gürcüstan üzərindən keçən yollar var, başqa bir potensialı yoxdur. Amma Azərbaycanın həm hazır infrastrukturu, həm Orta dəhlizlə bağlı həyata keçirilən infrastruktur layihələri, həm Şərq-Qərb projesinin tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolu xətti və digər potensial imkanları nəqliyyat dəhlizləri arasında sinerjinin yaradılmasına imkan verir. Bu, vacib faktorlardan biridir.

Azərbaycanın nəqliyyat dəhlizləri arasında qovşaq rolunu oynaması prosesdə iştirak edən digər dövlətlər üçün də geniş imkanlar açır və nəqliyyat xərclərini minimuma endirir. Bu faktorlar da nəzərə alınır. Azərbaycanın bu istiqamətlərdə atdığı addımlar və diplomatik cəhdləri də, çox güman ki, prosesdə əhəmiyyətli rol oynayıb. Həmçinin qənaətimə görə, prosesdə İran-Azərbaycan münasibətlərindəki müəyyən dəyişilik də qismən də olsa, rol oynaya bilər.

Real mənzərə ondan ibarətdir ki, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsi həm təhlükəsizlik, həm də iqtisadi səmərəlilik baxımından hər tərəfə böyük ümidlər verir. Hazırda Ermənistanda infrastruktur və belə layihələrin həyata keçirilməsi üçün vəsait yoxdur. Vəsait ayrılacaqsa, şübhəsiz ki, Qərbdən olacaq. Bu zaman Ermənistanda marşrutlara nəzarət də Qərb tərəfindən həyata keçiriləcək ki, bu da nə Rusiya, nə də İranın maraqlarına uyğundur. Ona görə də, bu məsələdə Azərbaycana alternativ yoxdur”.

Beynəlxalq nəqliyyat dəhlizlərindən kənarda qalan Ermənistan Zəngəzur dəhlizi ilə bağlı yanaşmasını dəyişə bilərmi?

Sualı cavablandıran Elçin Mirzəbəyli hesab edir ki, Ermənistanın başqa variantı yoxdur:

“Şübhəsiz! Alternativ olmayanda mövqe də dəyişir. Əslində Ermənistanın indiki dilemması kommunikasiyaların açılması ilə bağlıdır. Bu məsələnin həlli isə kompleks anlayışdır. Heç bir halda Ermənistan üçün kommunikasiyaların açılması Azərbaycan üçün açılmaması anlamına gələ bilməz. Digər yandan, Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlik Ermənistanın dövlət olaraq üzərinə götürdüyü öhdəlikdir. Yəni bu, fərd olaraq Paşinyanın öhdəliyi deyil. Zəngəzur dəhlizi mütləq reallaşmalıdır. İndiki məqamda bu yöndə müəyyən cəhdlərin olduğunu görürük, amma bunun nə qədər dəqiq olub-olmadığını söyləmək çətindir.

Ermənistan mətbuatı Rusiya sərhədçilərinin Azərbaycanla sərhəd bölgələrindən çəkilməsini həm də Zəngəzur dəhlizi ilə əlaqələndirir. Erməni mənbələrinin iddiasına görə, ortaq məxrəc ondan ibarətdir ki, Zəngəzur dəhlizinin keçdiyi ərazidə üçüncü ölkənin hərbi qüvvələri olmayacaq. Dediyim kimi, bu, sadəcə Putin-Paşinyan görüşündən sonra Ermənistan mətbuatının yaydığı məlumatdır. Amma ümumi mənzərə buna bənzər hadisələrin inkişaf edəcəyini deməyə əsas verir”.


Müəllif: Mənsur Rəğbətoğlu