16 Fevral 20:39
1 349
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin nəticələrinin elan olunmasından 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq qalib layihələrə nəzərdə tutulan pul mükafatı ödənilməyib. Halbuki hələ 2022-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qalib layihələrin maliyyələşdirilməsi üçün dövlət satınalmasına razılıq verilib.

Bununla bağlı layihə müəllifləri, prodüser və rejissorlar keçən müddət ərzində dəfələrlə nazirliyə müraciət etsələr də heç bir əsaslı cavab alınmayıb. Əvəzində isə Nazirlik nümayəndələri tərəfindən hər dəfə layihənin yaxın zamanda yekunlaşdırılacağı ilə bağlı yerinə yetirilməyən vədlər verilib”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri qalib layihələrin müəlliflərinin mətbuata açıqlamasında yer alır.

Bildirilir ki, iki həftə öncə mədəniyyət naziri cənab Adil Kərimli qalib layihə müəlliflərindən rejissor Tahir Tahiroviçi qəbul edib.

“Görüşün yekununda cənab nazir məsələnin bir neçə gün ərzində həll olunacağını bildirib və bununla bağlı Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) sədri Orxan Fikrətoğluna tapşırıq verib.

Təəssüf hissi ilə bildiririk ki, bu günə kimi heç bir adekvat addım hiss olunmur və hərəkətsizlik davam etməkdədir. ARKA və onun rəhbəri Orxan Fikrətoğlu iki il öncə nazirlik tərəfindən keçirilmiş müsabiqəni tanımaq istəmir və nazirin qərarının əksinə addım atır. Bütün bu baş verənləri aylarla müsabiqəyə hazırlaşan, iştirak edən bütün yaradıcı şəxslərə və prodüserlərə, eyni zamanda, böyük əziyyət çəkərək münsiflər heyəti (Oleq Səfərəliyev, Mehriban Ələkbərzadə, Şamil Süleymanov, Asif Rüstəmov, Nadir Əliyev, Hacı Səfərov) qismində layihələri qiymətləndirən və hələ də gördükləri iş qarşılığında qonorarları ödənməyən peşəkarlara qarşı hörmətsizlik kimi qəbul edirik.

ARKA rəhbərliyinin yekunlaşmaqda olan prosesi məqsədli şəkildə uzatmaq cəhdini böyük məyusluqla qarşılayırıq. İşin yubadılmasına səbəb olan hərəkətsizliyi anlaşılmaz qəbul edərək məsələnin hüquqi müstəvidə həlli üçün müvafiq instansiyalara müraciəti məqsədəuyğun hesab edirik" - deyə, layihə rəhbərləri qeyd ediblər.

"Vəsaitin köçürülməsi istiqamətində işlər görülür"

Teleqraf.com-un “Məsələnin həlli istiqamətində nazirlik hansı addımlar atır?” sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilmişdi ki, qalib şirkətlərə nəzərdə tutulmuş vəsaitin yaxın zamanda köçürülməsi istiqamətində işlər görülür:

"Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan özəl prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş "Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar aidiyyəti qurumlarla razılaşdırmaqla zəruri sənədləşmə işləri həyata keçirilməkdədir. Yaxın zamanda qalib şirkətlərə nəzərdə tutulmuş vəsaitin köçürülməsi istiqamətində işlər davam etdirilir".

"Ödənişlərlə bağlı müvafiq quruma məktub göndərilib"

ARKA isə mətbuata verdiyi açıqlamada bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada Mədəniyyət Nazirliyində həll edilib.

"Mədəniyyət nazirinin əmri ilə nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı ARKA tərəfindən ödənilmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilib", -deyə açıqlamada qeyd olunur.

Ssenari müsabiqəsinin qaranlıq məqamları...

Xatırladaq ki, 2022-ci ildə müsabiqənin qalib layihələri açıqlansa da bir çox məsələlər kino ictimaiyyəti üçün qaranlıq qalmışdı. Belə ki, nazirlik mətbuata açıqlamasında qalib layihələrin siyahısını (“Buta Film” MMC-nin "Ata və oğullar", “Ultra Production”nın "Əlvida, noyabr", “Nova Gorica” Kino Mərkəzi MMC-nin "Qıfıl", “Mandarin Agency” Co-nun "Mavi sviterli adam", “Narimanfilm” MMC-nin "Müqəddəs inək", “Ultra Production” "Ölü Həsən", “Cinemedia” MMC-nin "Uçurum") verməklə kifayətlənmişdi.

Belə fikirlər səslənirdi ki, qalib gəlmiş yeddi layihədən ikisi - “Qıfıl” və “Ölü Həsən” istehsalata yönəlib, qalan layihələrə isə ssenarinin inkişafı ilə bağlı dəstək olunacaq.

Ssenarinin inkişafına yönəlik dəstək hansı formada həyata keçiriləcək və bu məsələdə Mədəniyyət Nazirliyinin nəzarət mexanizmi necə olacaq? Həmin layihələrin ssenarilərinə redaktə və əlavələr olunandan sonra onlarla kim tanış olacaq? Həmin ssenarilərin dövlət tərəfindən istehsalata buraxılması nəzərdə tutulurmu? Ssenarilərin inkişafı ilə bağlı nə qədər vəsait ayrılması mümkün sayılır?

Çünki ümumi büdcə 300 min manat elan olunub. İstehsalat üçün nəzərdə tutulan “Qıfıl” və “Ölü Həsən” layihələri toplamda Mədəniyyət Nazirliyindən 80 min manat istəyiblər. Qalan 220 min manat vəsaitin hansı formada xərclənməsi planlaşdırılır?

Bu kimi bir çox məsələlərə aydınlıq gətirmək üçün məhz 2022-ci ildə Teleqraf.com Mədəniyyət Nazirliyinə sorğu göndərmişdi. Nazirlik isə bildirmişdi ki, ssenarinin inkişafına maliyyə dəstəyinin göstərilməsi nəzərə tutulan beş layihənin yenidən müsabiqəyə təqdim edilməsi tövsiyə olunacaq:

“Müsabiqənin Münsiflər heyəti tərəfindən iki layihənin həyata keçirilməsinə, perspektiv vəd edən beş layihənin isə dünya təcrübəsində olduğu kimi inkişafına maliyyə dəstəyinin göstərilməsi qərara alınmışdır. Sözügedən layihələrin inkişaf etdirilməsi prosesi Münsiflər heyətinin nəzarəti altında həyata keçiriləcək və layihələr üzərində iş başa çatdıqdan sonra istehsalına dövlət dəstəyi göstərilməsi üçün onların yenidən müsabiqəyə təqdim edilməsi tövsiyə olunacaq.

Müsabiqə üçün nəzərdə tutulan ümumi büdcə fondu Nazirliyin bu müsabiqəyə ayıra biləcəyi maksimum dəstək həddini ifadə edir. Qalib layihələrə isə ümumi büdcə çərçivəsində tələb olunan və Münsiflər heyətinin müəyyən etdiyi məbləğdə vəsait ayrılır”.


Müəllif: Nərmin Muradova