12 May 18:13
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə İstanbulun gərginliyindən qurtulmaq üçün Bursa şəhərinə yola düşdüm. Osmanlı dövlətinin ilk paytaxtının tarixi yerlərini gəzib, Osman və Orxan bəylərin məzarlarını ziyarət etdim. Dağların arasında salınan şəhərin Azərbaycanla tarixi əlaqələri vardır. XIX əsrdə Qafqazdan Bursaya gedən tacirlər iki bölgə arasındaki ticarət əlaqələrini qurublar. Eləcə də bəzi azərbaycanlılar bu şəhərdə yaşayıb, burada təhsil alıblar.

Bursada yaşamış azərbaycanlı ailələrdən biri də Askeran (Əsgəran) ailəsidir. Şəhərin Hamitler ərazisindəki eyniadlı məzarlıqda Askeran ailəsinin iki dəyərli üzvü dəfn olunub: Çingiz bəy və Gülçöhrə xanım.

Rəfibəylilər nəslinin bir qolu olan Askeran ailəsinin təmsilçisi Dr. Çingiz Askeran 1925-ci ildə Qars şəhərində doğulub. Atası gəncəli Qafar bəy, Rəfibəylilərin digər üzvləri kimi mühacirətə gedib, Səməd və Əyyub bəylərlə birgə erməni və ruslarla savaşıb. Əsgəran keçidi həyatında önəmli rol oynadığı üçün Qarsa gəldikdən sonra o yerin adını soyad kimi qəbul edib. Vəfatından sonra Qarsın Göle bölgəsində dəfn olunub.

Çingiz bəy 1943-cü ildə Qars liseyini, 1949-cu ildə isə İstanbul Universitetinin Tibb Fakültəsini bitirib. Tələbəlik illərində Türkiyədə mühüm fəaliyyətləri ilə yadda qalan Milli Türk Tələbə Birliyinin üzvü olub. Qardaşı İsmət Askeran isə İstanbul Texniki Universitetində makinə mühəndisliyi üzrə təhsil alıb.

Çingiz bəy 1948-ci ildə Səttar və Gülpəri Güldürün qızı Gülçöhrə xanımla ailə həyatı qurub. Bu evlilikdən Nesrin və Handan adlı qızları, İlhami adlı oğlu olub.

Qarsın Göle qəzasında məcburi hökumət təbibliyi edib, Ərzurum və Ankarada hərbi xidmətdə olub. 1953-cü ildə Qarsa qayıdıb, 1987-ci ilə qədər həkim kimi fəaliyyətini burada davam etdirib. Eyni zamanda Qarsın ictimai həyatında mühüm rol oynayıb. Qarsın Kalespor klubunun oyunçusu, daha sonra isə rəhbəri olub. Həmçinin Qarsda digər idman oyunlarının inkişafında da xidmət göstərib.

Gənc yaşlarından siyasətə də baş qoşan Çingiz bəy CXP-nin gənclik təşkilatında olub, Ədalət Partiyasının Qarsdakı idarə heyətində yer alıb.

1987-ci ildə Çingiz bəy Bursaya köçüb. Qızına aid Askeran əczəxanasında vətəndaşlara xidmət göstərib. 28 noyabr 1996-cı ildə bu şəhərdə vəfat edib, Ulu məsciddə cənazə namazı qılındıqdan sonra Hamitler məzarlığında dəfn olunub. 1998-ci ildə Qars bələdiyyəsi adını küçələrdən birinə verib.

Çingiz bəyin həyat yoldaşı Gülçöhrə xanım da Azərbaycandan Türkiyəyə gedən bir ailənin övladıdır. Atası Səttar Güldür Qarsda teatr qurub, Mustafa Kamal paşanı Qarsda qarşılayanlar arasında olub, Üzeyir bəyin əsərlərini səhnələşdirib.

Gülçöhrə xanım 1927-ci ildə Qarsda doğulub. 1944-1946-cı illərdə Qars Xalq Evində xalq rəqsləri müəllimi olub. 1946-1948-ci illərdə Ziraət Bankının Qars şöbəsində çalışıb. 1955-1987-ci illərdə Türk Qadınlar Birliyinin Qars şöbəsinin sədri olub. Həmçinin müxtəlif dərnəklərin, təşkilatların sədrliyində, idarə heyətində yer alıb. 1983-1985-ci illərdə Milliyyətçi Demokratik Partiyanın Qars şəhər sədri olub. 1984-1986-cı illərdə Qars idman klubunun rəhbəri kimi fəaliyyət göstərib. Türkiyənin ilk qadın idman başqanı olub. 1988-1995-ci illərdə Azərbaycan Kültür Dərnəyinin Bursa şöbəsinin qurucu başqanı olub. Hazırda bu vəzifəni qızı Handan Askeran xanım davam etdirir. Digər qızı Nesrin xanım Azərbaycan Kültür Dərnəyinin hazırki sədri Cəmil Ünal bəylə ailə həyatı qurub.

Gülçöhrə xanım “Kars Eli” jurnalında da məqalələr qələmə alıb. 2008-ci ildə Bursada vəfat edib.

Çingiz bəyin qızı Handan xanım makine mühəndisi, idmançı Necmi Ton ilə ailə həyatı qurub. 1974-cü ildə onların Zeynəb adlı qızları doğulub. Zeynəb Ton xanım Harvard Universitetinin professoru kimi önəmli vəzifəyə yüksəlib…


Müəllif: Dilqəm Əhməd