30 Sentyabr 2017 14:44
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, dünən əməkdar artist Röya Ayxanın imza günü və eyni zamanda 15 illik səhnə geyimlərinin sərgisi keçirilib.

Teleqraf.com xəbər verir ki, "Gənclik Mall"da heyranları ilə görüşən sənətçi ticarət mərkəzində hərəkəti dondurub.

İfaçını görmək, onunla şəkil çəkdirmək və avtoqraf almaq üçün Röya sevərlər arasında izdiham yaşanıb.

Əməkdar artist onun üçün ayrılmış səhnəyə çıxaraq gələn qonaqları salamlayıb: “Bu görüşü sizinlə etdik, ona görə ki, neçə illərdir sizinlə çiyin-çiyinə etdiyimiz mahnılar, konsertlər, klipləri yenidən xatırlayaq. Çox sevinirəm ki, bu gecə baş tutdu. Gələn dostlarımın, sevənlərimin hamısına təşəkkür edirəm”.

Gecədə fanatlarının ürəyini qırmayan Röya hər kəslə bir-bir şəkil çəkdirib. İmza mərasimindən sonra müğənni ticarət mərkəzinin ikinci mərtəbəsində geyimlərinin kolleksiyasının nümayişini hər kəslə birlikdə izləməyə qalxıb.

İkinci mərtəbədə də müğənni ilə şəkil çəkdirmək istəyən fanatların əlindən ticarət mərkəzində hərəkət iflic vəziyyətinə düşüb.

Sonda isə müğənni media nümayəndələrinə də vaxt ayırıb, jurnalistlərin suallarını cavablandırıb. O, gecə Türkiyəyə yola düşəcəyini bildirib: “Bugünkü görüş bəhanə idi. Hamını yaxından görmək istədim. Sonadək danışa bilmədik. Ancaq istədim o tənqidləri, konsertləri, geyimləri yada salım. Hələ mən çox açıq-saçıq, hərdən qapalı işlərdə iştirak edəcəyəm. Mənim üçün sərgidəki ən özəl geyimlər 2010-cu ildə keçirilən “Sürpriz” konsertimdəki lələkli, 2005-ci ildəki kamuflyaj, 2014-cü il “Mənəm” konsertindəki şüşəli geyimlərdir. 2005-ci il mənim üçün ilk addım idi, ona görə mənə əzizdir. Lələkli geyimdə isə mən artıq ana idim”.

Tədbir zamanı sadə geyimə üstünlük verən Röya Ayxan bunun səbəbini isə belə açıqlayıb: “Qarderobuma baxsanız, belə geyimim daha çoxdur. Adi həyatda səhnə geyimləri kimi paltarlardan istifadə etmirəm”.

Daha sonra ifaçı ev işlərində də məharətli olduğundan söhbət açıb: “Hamı elə bilirdi ki, yekə arvad olacam, ətli-mətli, evdə kartof qızardacağam. Düzünü desəm, edirəm də. Qab yuyuram, ev süpürürəm. Mənə deyirlər ki, sən axı qadınsan, qab yuyan deyilsən. Ancaq qab yumaq üçün ölürəm, bir toyun qabını yuyaram. Bozbaş bişirməyi sevirəm, vermişel hazırlamağı sevirəm. Mən bişirəndə başqa dadı olur. Pomidor-yumurta hazırlamaq isə çox çətindir. Saat yarıma bişir”.

Müğənni yediyi yeməklərə baxmayaraq necə formada qalmağı barədə belə açıqlama verib: “Mənə iki gün arıqlamaq üçün bəs edir. Paltarı görürəm və deyirəm ki, iki günə səni geyinəcəyəm. İki gün sonra artıq istədəyim kiloda oluram”.

Türkiyədəki işlərindən də söhbət açan müğənni yenidən türk həmkarı ilə duet oxuyacaq: “Orada toplantı olacaq. İki sənətçi var, ola bilər ki, duet oxuyum. Bakı üçün Nihat Odabaşı ilə iki klip hazırlayacağıq. Duet ortağım isə eyni şirkətdə çalışdığım müğənnilər olacaq. Ən yaxınlarım Hande Yener və Gülşendir. Onlara təklif etmərəm, utanaram. Yaxşı deyil. Hande Yenerlə ola bilər, çünki ikimiz də “Poll Production”la çalışırıq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər