13 Dekabr 2019 16:43
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin yuxarı palatası – Senatın 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrlə bağlı qətnamə qəbul etməsi əslində Türkiyə ilə ABŞ arasında münasibətlərin pisləşməsi ilə bağlı deyil. Çünki Donald Tramp administrasiyası Türkiyə ilə münasibətlərin müsbət məcrada inkişafından yanadır və bu yöndə konkret addımlar atılır. Biz NATO ölkələrinin dövlət başçılarının dekabrın 3-4-də Londonda keçirilən sammitində prezident Trampın Türkiyəyə yönəlik jestlərində də bunu gördük.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Bu baxımdan müsahibimiz qətnamənin qəbulunu ABŞ-Türkiyə münasibətləri kontekstində baş vermiş hadisə hesab etmədiyini vurğulayıb:

“Bu qətnamənin qəbulu Türkiyə əleyhinə olan qüvvələrin, şəbəkələrin bilavasitə həyata keçirdiyi bir aksiyadır. Bunlar həm Konqress daxilində, həm də ondan kənarda olan müəyyən lobbi qüvvələrdir ki, onlar öz maliyyə imkanları vasitəsilə həmin strukturlardakı nökərlərinə təsir edərək Türkiyə əleyhinə bu cür sənədlərin qəbul edilməsinə rəvac verirlər. Bu məsələdə Türkiyə düşmənçiliyində olan qüvvələrin çox ciddi səyləri var. Bu qüvvələr içərisində əsas yeri erməni lobbisi deyil, əsasən İsrail və onun maraqlarını müdafiə edən lobbilər tutur. Onlar bu prosesdə əsas hərəkətverici qüvvələr kimi iştirak edir. Fikir verirsinizsə, həm Nümayəndələr Palatasında, həm Senatda əsas strukturların rəhbərləri yəhudi mənşəlidir. Təbii ki, onlar bu məsələdə bilavasitə yəhudi dövlətinin və lobbisinin maraqlarını təmin edirlər”.

Natiq Miri qeyd edib ki, bu qətnamənin qəbulunun ABŞ-ın maraqlarına nə qədər cavab verdiyi siyasi baxımdan çox ciddi suallar doğurur:

“Çünki Türkiyə təkcə ABŞ üçün deyil, başında Birləşmiş Ştatların dayandığı NATO-nun da əvəzolunmaz üzvüdür. Bu gün Türkiyənin itirilməsi təkcə ABŞ-a deyil, bütövlükdə Avroatlantik məkanın gücünə endirilən çox ciddi zərbədir. Bilirsiniz ki, Türkiyə NATO-nun cənub sərhədlərini qoruyan yeganə ən böyük gücdür. Əgər Türkiyə alyansdan çıxarsa – hansı ki, proseslər ona doğru gedir – bu, NATO üçün dağıdıcı zərbə olacaq. Çünki NATO daxilində Türkiyəni əvəzləyəcək elə bir güc yoxdur. Ona görə də Senatın bu qətnaməni qəbul etməsi ABŞ və müttəfiqləri üçün böyük boşluq yaradır. Bu boşluq heç zaman əbədi qalmır. Dərhal digər rəqiblər, digər dünya gücləri tərəfindən doldurulur. Yəni, Senatın bu qərarı Türkiyəni dolayısı ilə digər dünya güclərinə tərəf itələməkdən başqa bir şey deyil”.

N.Miri daha sonra deyib:

“Əgər bu gün qondarma soyqırımı qətnaməsi və iqtisadi sanksiyalar paketi Konqresdə bu qədər rahatlıqla qəbul olunursa əmin olun ki, sabah ABŞ-ın geostrateji maraqları Türkiyədə böyük zərbəyə məruz qalacaq. Bilirsiniz ki, ABŞ-ın Türkiyədə “İncirlik” bazası və onun radar stansiyası – “Kürəcik” var. Düzdür, bu bazalar NATO-ya məxsusdur. Ancaq oradakı əsas radarlar və bu radarların əldə etdiyi bütün məlumatlar ilk növbədə ABŞ-a ötürülür. Bundan əlavə məlumat toplayan bu radar sistemləri həm də Yaxın Şərqdə ABŞ-ın strateji müttəfiqi olan İsrailin təhlükəsizliyini təmin edən informasiya mənbəyidir. Əgər ABŞ bu bazalardan çıxarılarsa bu, İsrail üçün də çox ciddi boşluq və təhlükəsizlik problemi yaradacaq. Ona görə də mən bunu ABŞ-Türkiyə münasibətləri kontekstində deyil, konkret güc-maliyyə şəbəkələrinin və Türkiyə düşmənçiliyində olan qüvvələrin birliyinin cəhdi kimi dəyərləndirirəm. Bu da açığı həm Türkiyə-ABŞ münasibətlərinə, həm də ABŞ-ın regionda geosiyasi maraqlarına zərbə vurur. Məsələnin mahiyyəti budur”.


Müəllif: Səxavət Həmid