Ermənistan istəsə də kütləvi məzarlıqlar bağlı üzərinə götürdüyü öhdəlikdən sona qədər yayına bilməyəcək. Çünki bu məsələ ilə bağlı Azərbaycanın əlində yetərli qədər tutarlı faktlar var. 44 günlük müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə də kütləvi məzarlıq aşkarlandı. Onlarla belə fakt var. Kəlbəcərdə Başlıbeldə ötən ilin apelində 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edildi. Bunlar 1993-cü ildə Kəlbəcər işğal olunanda kənddən çıxmağa macal tapmayaraq, mağarada gizlənən sakinlər idi ki, sonradan erməni vandalları onları taparaq vəhşicəsinə qətlə yetiriblər. Azərbaycanlıların ermənilər tərəfindən amansızcasına qətlə yetirlməsilə bağlı nüfuzlu KİV-lərdə kifayət qədər materaillar dərc olunub.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bununla bağlı bir çox beynəlxalq KİV-lərdə məlumatların dərc olunduğunu söyləyib: “Böyük Britaniyanın “The Sunday Times” qəzetinin 1 Mart 1992-ci il tarixli sayında Qarabağa ezam olunmuş xüsusi müxbiri Tomas Qolts yazırdı ki, erməni əsgərləri azərbaycanlıları güllələyib, süngüdən keçiriblər. Onların əksəriyyəti qadın və uşaqlar olub, yüzlərlə, bəlkə də minlərlə insan itkin düşüb və ya həlak olub. Eyni mövzuda ABŞ-ın “Vaşinqton Post”, Böyük Britaniyanın “İndependent” qəzetlərində çoxsaylı məlumatlar dərc edilib. Yəni, Azərbaycanın kütləvi məzarlıqlarla bağlı tələbi faktlara və beynəlxalq hüquqa söykənir. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən itkin düşmüş şəxslərin ailə üzvlərindən alınan DNK nümunələri əsasında 3000-dən artıq insanın DNK bazası yaradılıb. Azərbaycan tərəfi bəyan edib ki, Ermənistan tərəfindən veriləcək məlumatlar əsasında kütləvi məzarlıqlardan çıxarılacaq qalıqlar nəticəsində 30 ilə yaxın müddətdə barələrində heç bir məlumat verilməyən, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilə bilər”.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev BMT baş Assambleyasının sessiyalarında da dəfələrlə bu məsələni qaldırıb: “Bəyan edib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb, Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Azərbaycan tərərfində olan məlumatlara görə, onların hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb”.
Könül Nurullayeva bildirib ki, ötən həftə Framsa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə videoformatda baş tutan dördtərəfli görüşdə də Ermənistan öhdəlik götürdü: “Bu öhdəliyi pozmaq isə daha ciddi məsuliyyət və cinayətdir. Paşinyanın guya 108 nəfəri təhvil verməklə işlərini bitmiş hesab etmələrinin isə heç bir hüquqi əsası yoxdur. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşıyır. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfinə təzyiq göstərərək itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirməkdə məsuliyyətli davranmalı və bu ölkənin öz öhdəliklərinə əməl etməsini tələb etməlidir”.