4 May 10:02
1 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda keçirilən etiraz aksiyaları Paşinyan hakimiyyəti üçün ciddi təhlükə yaratmır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, bu marginal qrupların təşkil etdiyi nümayişlərdir:

“Ermənistanla apardığımız danışıqlarda demarkasiya və delimitasiya sahəsində Azərbaycan tərəfindən hər hansı problem olacağını düşünmürəm. Azərbaycan sülh müqaviləsinin imzalanmasına israrlıdır. Müqavilənin imzalanması üçün Azərbaycan Prezidentinin irəli sürdüyü bəlli şərtlər ortalıqdadır. Əgər Ermənistan hakimiyyətinin mövqeyinə Qərbdən bəlli dairələrin təzyiqi olmayacaqsa, Paşinyan iqtidarı siyasi iradə və qətiyyət nümayiş etdirə biləcəksə, əvvəlki ildə olduğundan fərqli olaraq konstruktiv danışmağa davam edəcəksə, bu halda tərəflər arasında ilin sonuna qədər sülh müqaviləsi imzalanacağı, o cümlədən delimitasiya və demarkasiya məsələlərinin həlli istiqamətində ciddi uğurların əldə olunacağını istisna etmirəm. Bütün bunlar Ermənistan hakimiyyətinin bu məsələdə sərgiliyəcəyi mövqedən, siyasi iradə və qətiyyətindən asılı olacaq. Hələlik Ermənistanda hakimiyyətin bununla bağlı mövqeyinə cəmiyyətin müəyyən kəsimi tərəfindən bəlli təzyiqlər var. Amma bu təzyiqlər hələlik ciddi xarakter kəsb etmir.

Təzyiq marginal qruplardan gəlir. Təzyiqlərin arxasında Ermənistan müxalifətinin bəlli hissəsinin və erməni kilsəsinin müəyyən maraqları var. Din adından danışan təşkilat sülh müqaviləsinin imzalanması ətrafında danışıqlara təsir göstərir və Ermənistanı bəlli addımlar atmaqdan çəkindirir. Hər şey Paşinyanın artıq indi istinad etdiyi konsepsiya nə dərəcədə sadiq olub-olmayacağından asılı olacaq.

Paşinyan bəyan edib ki, Ermənistanın cari problemlərinin həlli artıq real Ermənistanın maraqlarına söykənməlidir. Əgər Paşinyan sözündə duracaqsa, ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasına şahid olacağıq.

Politoloq hesab edir ki, sülh prosesində platforma olması Qazaxıstanın tərəflər arasında vasitəçi anlamında çıxış edəcəyinə dəlalət etmir:

Azərbaycan Prezidentinin bəlli mövqeyi var. Ümumiyyətlə Azərbaycan tərəfi regionun təhlükəsizlik problemlərinin həllinə 3+3 formatında yanaşır. Ermənistanla münasibətlərə vasitəçi olmadan həll olunmasının tərəfdarıyıq. Qazaxıstan variantı hər iki tərəfin maraqlarına cavab verən məqbul bir variant idi və Ermənistanın da bu variantı qəbul edəcəyini düşünürdük. Çünki Ermənistan və Qazaxıstan arasında sıx iqtisadi əlaqələri var.

Paşinyan 8 may Avrasiya İqtisadi Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəyi ilə bağlı mövqe sərgiləyib. Halbuki bir gün sonra Rusiyada Faşizm üzərində Qələbənin növbəti il dönümü ilə bağlı tədbirlərdə Paşinyanın iştirak etməyəcəyi ilə bağlı İrəvanın bəlli mövqeyi var. Bu bir daha İrəvanın KTMT ilə müqayisədə Avrasiya İqtisadi Birliyi ilə münasibətlərin qorunub saxlanmasına dəlalət edən ciddi faktordur.

Güman edirəm ki, İrəvan Bakı ilə məlum süqaviləsinin imzalanmasından sonra KTMT-nin tərkibindən çıxa biləcəyi ilə bağlı bəyanatla çıxış edəcək. Çünki hazırda Ermənistan hakimiyyətini ciddi şəkildə düşündürən, narahat edən əsas problem Azərbaycanla münasibətlərdə qalmaqda olan gərginlikdədir. Etiraf edək ki, sülh müqaviləsi imzalanmayıbsa, bu gərginlik qalmaqdadır. Ermənistan da gözəl anlayır ki, Azərbaycanla növbəti hərbi qarşıdurmanın yaşanacağı halda tərəflər KTMT, o cümlədən, Rusiya Ermənistanın yanında durmayacaq. Çünki Azərbaycan haqlı olaraq beynəlxalq hüquqa istinad edərək, özünə aid olan torpaqları Ermənistandan tələb edir. Bu, tamamilə haqlı mövqedir və Ermənistan ərazisində Azərbaycanın heç bir iddiası yoxdur”.


Müəllif: Əsəd Məmmədəliyev