1990-cı il təvəllüdlü Yevlax rayon sakini Rəşad İsayev Rusyada kafelərdən birində 1992-ci il təvəllüdlü Rusiya vətəndaşı Aleksandr Bessonovu qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rəşad 9 yanvar 2016-cı ildə Azərbaycanı tərk edərək əvvəl Ukraynaya, bir müddət sonra isə Rusiya Federasiyasına gedib.
O, müxtəlif şəhərlərdə qaldıqdan sonra 2016-cı il martın əvvəlində Rusiyanın Lipetsk vilayəti, Lebedyan şəhərinə tanışı Raminin yaşadığı evə qonaq gedib.
Aprelin 3-də gecə saat 01.00-da Turqenev küçəsi, 30 ünvanda yerləşən “Veqas” kafesinin qarşısında tanışı və onun dostları ilə avtomobildə səslənən mahnın sədaları altında rəqs ediblər. Həmin vaxt “Veqas” kafesinə müştəri kimi gələn Aleksandr musiqi səsinin yüksək olması ilə əlaqədar onlara yaxınlaşaraq irad bildirib.
Bu zaman mübahisə yaranıb,. Rəşad Alkesandra bıçaqla xəsarət yetirib. Aleksandr xəsarətlə əlaqədar təcili-tibbi yardım tərəfindən çatdırıldığı Lebedyan rayonlarası xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərilməsinə baxmayaraq vəfat edib.
Bu cinayət hadisəsindən sonra Azərbaycana gələn Rəşad uzun müddət burada gizlənə bilib. Amma 2021-ci ilin sentyabrın 27-də üzərində silah gəzdirdiyi üçün saxlanılan Rəşadın bu qətli törətməsi üzə çıxıb.
İstintaq orqanı tərəfindən Rəşadın barəsində Cinayət Məcəlləsinin 12.1, 126.3-cü (Azərbaycan hüdudlarından kənarda törədilən cinayətlərə görə qüvvəsi, qəsdən sağlamlığa ağır xəsarət yetirməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Rəşadın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rahib Salmanovun sədrliyi ilə araşdırılıb.
“Yoldaşlıq münasibətlərim olub”
Məhkəmədə dindirilən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisəni özünü müdafiə etmək məqsədilə törədib.
Rəşad zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən ona qarşı qaldırılmış 2 min manatlıq mülki iddianı qəbul edib və əməlinə görə peşmançılıq çəkdiyini deyib.
Məhkəmə Rəşadın ibtidai istintaq zamanı verdiyi ifadəsinin tədqiq edib. O, istintaqa verdiyi ifadəsində göstərib ki, 2016-cı ilin martında Moskva şəhərində tanış olduğu dostu, əslən azərbaycanlı olan Ramin onu Lipetsk vilayəti, Lebadyan şəhərinə qonaq dəvət edib: “Ramin həmin şəhərdə yaşayırdı və orada kafe açmışdı. Raminlə Moskva şəhərində tanış olmuşuq, bir məktəbdə təhsil almışıq. Lebedyan şəhərində elə onun yaşadığı evdə qalırdım. Hazırda Raminin dəqiq yaşayış ünvanını xatırlamıram.
Raminin vasitəsi ilə Lebedyan şəhərində yaşayan dostları və milliyətcə azərbaycanlı olan Rüstəm, Pərviz və Samir ilə tanış oldum. Həmin şəxslər də Lebedyan şəhərində yaşayıb, işləyirdilər. Hamısı ilə normal münasibətlərim vardı. Həmin şəhərdə 2-3 dəfə onlarla birgə yoldaşlıq etmişəm”.
“Kluba gəlməsini söylədi”
Təqsirləndirilən şəxs deyib ki, 2 aprel 2016-cı ildə, axşam saatlarında Ramin və Pərvizlə yemək yeyib və araq içiblər: “Sərxoş olandan sonra qərar verdik ki, şəhərdə hər hansı bir kluba gedək. Bir müddət sonra isə evə Rüstəm və Samir də gəldilər.
Ramin şəhəri yaxşı tanıdığı üçün məsləhət bildi ki, “Vegas” adlı kluba gedək. Dedi ki, münasibətdə olduğu Katya adlı qızın da ad günüdür. Ramin Katya ilə danışdı, ona birbaşa “Vegas” klubuna gəlməyi tapşırdı”.
“Bura niyə yığılmısmız çurkalar?”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Pərvizin “Lada” markalı avtomobili ilə “Vegas” klubunun qarşısına gəliblər: “Rüstəm isə bizdən ayrılaraq özünə məxsus “Lada 2109” markalı avtomobili ilə getdi və dedi ki, qız tanışını götürüb gələcək.
Təxminən 1 saat sonra klubun qarşısına çatdıq və Katyanın orada gördük. 20-30 dəqiqə ərzində Rüstəm də avtomobil ilə klubun qarşısına gəldi. Xatırladığım qədər onun yanında adını yada sala bilmədiyim milliyyətcə rus olan cavan oğlan da vardı.
Klubun qarşısında toplaşaraq söhbət etdik. Kefimiz yaxşı olduğundan Rüstəm avtomobilin baqajını və qapılarını açaraq maqnitofonda "Ləzginka" mahnısını qoşdu. Mahnıya Rüstəm, Ramin və Pərviz oynamağa başladılar. Elə bu anlarda qəflətən adını sonradan bildiyi Aleksandr klubdan çıxaraq Rüstəmin avtomobilinə yaxınlaşdığını gördüm. O, əsəbi halda əvvəlcə baqajı bərk bağladı, sonra isə avtomobilin salonuna girərək maqnitofonu söndürdü.
Bizə yaxınlaşdı və ünvanımıza “bura niyə yığılmısmız çurkalar?” deyərək söyüşlər söydü. Qəflətən Rüstəmin yaxasından yapışaraq dartmağa başladı. Aleksandrın bu hərəkətinin qarşısını almaq və onu Rüstəmdən ayırmaq istədik. O, mənim də sifətimə yumruq atdı. Hadisə yerinə Aleksandrın tanışları gələrək kütləvi dava saldılar”.
“Aleksandrı vurduğumu söylədim”
Rəşad qeyd edib ki, dava zamanı Aleksandr onun üstünə gəlib və onu vurmağa çalışıb: “Aleksandrın məndən iri olmasına və üstümə dayanmadan hücum çəkməsinə görə cibimdə olan bıçağı çıxardım və onun qorxaraq uzaqlaşması üçün sağ ayağına bir zərbə vurdum. Aleksandr bu zərbədən sonra sanki sakitləşərək məndən aralandı. Ancaq yerə yıxılmadığı və zərbəyə reaksiya vermədiyi üçün elə başa düşdüm ki, bıçaqla vurulduğunu hələ başa düşməyib, davanın həyəcanından ağrını hiss etməyib.
Bundan sonra dava bir anda dayandı, tez Pərvizin avtomobilinə mindim və yoldaşlarımı da avtomobilə çağırdım.
Yolda avtomobildə Pərviz, Ramin və Samirə Aleksandrın ayağına bıçaqla xəsarət yetirdiyimi söylədim. Hadisə yerindən təxminən 4-5 kilometrdən sonra heç kim fikir vermədən bıçağı avtomobilin salonundan yola atdım. Avtomobildə ön sərnişin oturacağında əyləşmişdim”.
“Atama heç nə demədim”
Rəşadın ifadəsinə görə, uşaqlar bir müddət ondan narazılıq edib, Aleksandrı bıçaqla vurmasının düzgün olmadığını söyləyiblər: “Onlara özümü müdafiə məqsədilə belə etdiyimi dedim. Bundan sonra uşaqlar sakitləşdilər. İlk öncə Raminin evinə çatdıq, paltarlarımı yığdım. Qərar verdim ki, səhər saatlarında Moskva şəhərinə qayıdım. Hadisədən təxminən 5-6 saat sonra tanımadığım taksi ilə birbaşa Moskva şəhərinə yollandım və atamın yanına gəldim.
Atama hadisə barədə heç bir məlumat vermədim. Bir müddət sonra Aleksandrı bıçaqla vurmağımı üstündə tutulacağımı bildim və Azərbaycana qayıtdım”.
“Bildim ki, axtarışa veriləcəm”
Təqsirləndirilən şəxs deyib ki, Azərbaycana qayıtdıqdan sonra Raminlə telefonla danışıb və Aleksandrın vəfat etdiyini öyrənib: “Məlum oldu ki, həmin faktla əlaqədar Rusiyada cinayət işi başlanılıb. Raminin özü və digərləri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dindiriliblər. Buna görə də bildim ki, məni Rusiyada axtarışa verəcək.
Hadisədən sonraki müddətdən bu günə kimi Bakı şəhərində yaşamışam və ölkədə olmuşam. Fərdi qaydada boyaçı usta kimi işləmişəm, dolanışığımı təmin etmişəm”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 27 sentyabr 2021-ci ildə saat 16 radələrində Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları ona yaxınlaşıb və barəsində Nərimanov rayon prokurorluğu tərəfindən axtarış elan edildiyi üçün saxlayıblar.
Rəşad bildirib ki, Aleksandrı öldürmək niyyəti olmayıb: “Öldürmək niyyətim olsaydı bıçaqla onun ayağından yox, qarın və ya ürək nahiyəsindən vurardım. Buna imkanım var idi. Niyyətim Aleksandrın məni boğduğu üçün yüngül xəsarət yetirməklə özümü müdafiə etmək idi”.
Cinayət işi üzrə zərərçəkmiş Aleksandrın atası hüquqi varis qismində ifadə verib. O bildirib ki, Lebedyan şəhərində həyat yoldaşı və kiçik oğlu ilə yaşayır: “Böyük oğlum Aleksandr Lebedyan şəhərində kafenin yanında ağır bıçaq yarası nəticəsində vəfat edib”.
“Hörmət qazanmışdı”
Hüquqi varisin sözlərinə görə, Aleksandr orta məktəbi bitirdikdən sonra İdman Akademiyasına qəbul olub: “Bir il oxuyandan sonra hərbi xidmətə çağırıldı. Ordudan qayıdandan sonra təhsilini davam etdirdi, qiyabi təhsil formasına keçdi və Lebedyan şəhərində məşqçi işlədi. Oğlumu sakit insan kimi xarakterizə edə bilərəm. Mənə heç vaxt kobud cavab vermirdi, zəhmətkeş idi, qonşularla ünsiyyətdə idi, ondan şikayət yox idi. İdmanla məşqul olurdu, nizamlı idi. Məktəbdə və institutda yaxşı oxuyurdu. İşdə iş yoldaşları tərəfindən hörmət qazanmışdı”.
Rəşad 11 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxsin hüquqi varisinin qaldırdığı mülki iddia təmin edilib. 2 min manat təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsin Rusiyada yaşayan hüquqi varisinə verilməsi barədə qərar qəbul edilib.