10 Noyabr 2020 21:43
7 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mustafa Kamal Atatürkün vəfatının ildönümü münasibətilə

Üç il sonra qardaş Türkiyə Cümhuriyyətinin qurulmasının yüzüncü ildönümü qeyd olunacaq. Azərbaycan siyasi mühacirəti əsasən bu ölkədə fəaliyyət göstərdiyi üçün Türkiyənin önəmli tarixi hadisələri haqqında mühacirlərimiz maraqlı yazılar qələmə alıblar. Bu məqalələr Türk millətinin istiqlal hərbi, cümhuriyyətin elanı və Mustafa Kamal Atatürkün şəxsiyyəti ilə bağlıdır. Məsələn, Məhəmmədəmin Rəsulzadə Mustafa Kamal haqqında 1928-ci ildə “Qurtulan Şərqin simvolu” (“Türkün altun kitabı” toplusunda dərc olunub), 1938-ci ildə isə “Kamal Atatürkün vəfatı münasibəti ilə” (“Şimali Kafkasya” jurnalında) adlı iki məqalə yazıb. Professor Əhməd Cəfəroğlu “Türk kültürü” jurnalında “Sağ ol, Mustafa Kamal” (1965-ci il) və “Kültürçü Atatürk” (1966) məqalələrini dərc etdirib. Cəfəroğlu baş redaktoru olduğu “Azərbaycan Yurd Bilgisi” jurnalının 1933-cü ildə çıxan 21-22-ci qoşasayını Türkiyə Cümhuriyyətinin 10-cu ildönümünə həsr edib. Jurnalın bu sayında mühacir siyasətçilərdən Mustafa Vəkillinin “Şanlı bayram”, Əhməd Cəfəroğlunun “Türkiyə Cümhuriyyətinin 10 illiyi”, Xəlil bəy Xasməhəmmədin “Qardaş cümhuriyyətin 10-cu illiyi” adlı məqalələri dərc edilib, türk istiqlal və inqilabi savaşının xronologiyası təqdim olunub. Legionerlərdən Abay Dağlı Sakarya müharibəsi və Mustafa Kamal haqqında bir neçə pyes qələmə alıb.

Ümumiyyətlə, Türkiyə mövzusu “Yeni Kafkasya”, “Odlu yurd”, “İstiqlal”, “Azərbaycan” və s. kimi jurnal və qəzetlərdə mütəmadi şəkildə yer alıb.

Yazılarında Türkiyə mövzusuna toxunan mühacirlərdən biri də Azərbaycan Cümhuriyyətinin sonuncu daxili işlər naziri olmuş Mustafa Vəkillidir. 1931-ci ildə M.Vəkillinin “Odlu yurd” jurnalında “Vətəncüda bizlər qardaş Türkiyədə”, 1934-cü ildə “İstiqlal” qəzetində “Yeni Türkiyə.1923-1933” adlı yazıları dərc olunub. 1938-ci ildə digər Cümhuriyyət naziri Xosrov bəy Sultanzadə ilə birlikdə Atatürkün dəfnində iştirak edən Mustafa Vəkilli 1963-cü ildə “Mücahid” jurnalında “Böyük Atatürk” adlı məqaləsində dəfnlə bağlı xatirələrini yazıb.

Mustafa bəyin “Yeni Türkiyə.1923-1933” məqaləsi bilavasitə onun müşahidələrinə əsaslandığı üçün türkcəmizə uyğunlaşdıraraq təqdim edirik.

***
Mustafa Vəkilli

“Yeni Türkiyə.1923-1933”

Bu gün məmləkətin hər köşəsində həyəcan və sevinclə təsid olunan Cümhuriyyət idarəsinin 10 sənəlik ildönümü yeni Türkiyənin milli və siyasi həyatında, həqiqətən, böyük bir bayramdır.

Bu son yarım əsrdə yaxın bir dövrdə yeni həyata atılmaq istəyən Türkiyəyə düşmənlər heç cür göz açdırmadılar; canlanmaq və əsriləşməyə doğru yürüyən bu milləti boğmağa uğraşdılar, bir-birinin arxasınca kaç hərbə sürüklədilər. Nəhayət, böyük hərb əsnasında və onu mütəaqib, məsələ aşkar oldu. Türk milləti onun milli mövcudiyyət və istiqlalına qəsd olunduğunu anladı...

Türk istiqlal cidalının ən qızğın zamanında Anadoluda idim. Azərbaycan yeni istila olunmuşdu. İzmirdəki faciələr Bakıda, Gəncədə başlamışdı. Ruslar oraları qılıncdan keçirirdilər...

İştə o sıralarda “imdad, imdad” fəryadı ilə bu qardaş ölkəyə - Anadoluya keçdim. Yurdumun bu böyük fəlakət və müsibətini anlatmaq üçün o zaman Anadolunun bir çox mərkəzlərini dolaşdım. Onları da atəş və iztirablar içində buldum. Qarsdan Amasiyaya qədər Anadolunun içiylə 29 gün yol gəldim. Bütün Anadolunu istila etmiş olan o böyük hərəkata niyə “Milli mücadilə” namı verildiyini o zaman anladım, gördüm.

Yollarda mərmi daşıyan uzun qəni karvanları. Arabaları sürənlərin hamısı qadın, aralarında bir-iki kişi, o da ixtiyar, cocuq...

Kamal Paşa adı gəlincə ixtiyarın, gəncin, qadının, cocuğun üzü sevinclə gülür, ümidlə canlanırdı. Kəndlərdə aşıqlardan “Uçar bir at üzərində hərbdən-hərbə qoşan Kamal Paşa” dastanlarını dinlədim.

Mücadilə cəbhəsini İzmir və Ağdəniz civarında zənn edən mən bütün Anadolunu bir cəbhə halında buldum.

Suşəhri və Sivasa doğru at çapdığım yollarda ruhumun iztirabları, fikir və düşüncələrimin sıxıntılı dalğınlıqları məni bəzən xülyalara daldırır, aşdığım Dersim dalğalarından uzaqlaşdırırdı. İçindən keçdiyim bu cidal sahəsi xəyalımda Qafqaz dağları və Türküstan çöllərinə qədər uzanan böyük və yek cəbhə halını alırdı. Mən və yanımdakı atlılar... omuzumuzda tüfəng, belimizdə fişəngliklər... biz də bu uzun və böyük milli mücadilə cəbhəsinin atəşlər içində yanan o səmtindən bu tərəfə imdad istəməyə gələn atlılarıq. Və o saniyələrdə şirin xülyalar məni qanadları üstünə alaraq yüksəklərdə dolaşdırır və gözəl-gözəl röyalar göstərirdi... Ağdəniz sahillərində zəfər bayrağı dalğalanır... Sonra axın geriyə, Şərqə doğru başlayır. Cəbhənin qanlar içində boğulan o tərəfinə əllərdə bayraqlar, atlılar, piyadalar imdada qoşurlar... Biz də onlara qarışmışıq...

Altımdakı atın birdən ayağının altından qopan daş məni bu şirin röyalarımdan ayırdı, daşlı, qayalı həqiqətlərlə qarşılaşdırdı...

İştə, Anadolu milli hərəkat və inqilabının ruhunu o sıralarda gördüm və anladım.

Bu on il içində Türkiyə, həqiqətən də, iri addımlarla irəlilədi. Edilən inqilablar bütün dünyanı heyrətə saldı. Cümhuriyyət idarəsi bu məmləkəti daxilən və xaricən yüksəltdi, qüvvətləndirdi.

Türk inqilabı milliyyətçilik, xalqçılıq və laiklik prinsiplərini ortaya atdı və dövlət idarəsi bu əsaslar üzərində quruldu. Bütün təşəbbüs və hərəkətlər şüurlu və dissiplinli bir milliyyətçilik bayrağı altında toplandı.

Daxilən özünü tam toplamış və qüvvətli ordusu ilə əsri dövlət təşkilatına istinad edən Türkiyə Cümhuriyyətinin xarici siyasəti də hər gün daha bir addım irəli ataraq müvəffəqiyyətlə inkişaf etməkdədir.

Cümhuriyyət hökumətinin dürüst və sülpərvəranə siyasəti Türkiyəyə bu gün beynəlmiləl sahədə qiymətli bir mövqe qazandırmışdır.

Türkiyənin Yaxın Şərqdə və bilxassə Balkanda son zaman oynamaqda olduğu rol və təqib etdiyi anlaşma və uzlaşma politikası və onun nəticələri göz önündədir.

Yeni Türkiyənin beynəlmiləl siyasəti müsavat prinsipinə söykənir. Aşağı millət müamiləsinə qətiyyən təhəmmül yoxdur. Beynəlmiləl münasibətlərdə uyuşdurucu sözlərlə öldürücü hərəkətlərin arasındakı fərqlər çoxdan anlaşılmış...

Türkiyə inqilabının böyük tarixi əhəmiyyətinin biri də Şərqdəki yeni oyanış hərəkatlarına örnək olmasıdır. Bilxassə Türk ellərindəki istiqlal savaşının yollarını Ankara işıqları aydınlatmaqdadır. “Şərq əldən gedir” təlaşı imperialistləri çoxdan almışdır.

Fəqət onların nə təhdidləri, nə də ki siyasət aləmindəki hoqqabazlıqları artıq pul gətirmir. Məhkum millətlər istiqlallarına doğru qətiyyətlə irəliləyirlər.

Türkiyə inqilabı Türk ellərinin indiki istixlas cidalının şərəfli ələmdarıdır.

Dövrümüz qüvvətli şəxsiyyətlər idarəsi dövrüdür. Və bu xüsusda Türkiyə milli hərəkatı tarixin önündə gedir. Çünki o böyük Qazini yaratdı. Qazinin kəskin və əhatəli görüşü və polad iradəsi bütün maneə və hücumları qırdı və qırmaqdadır.

Bu böyük dahinin yaratdığı böyük əsər dünya tarixinə, həqiqətən, gözəl və şərəfli səhifələr yazdıracaqdır.

“İstiklal” qəzeti, № 57, 1934


Müəllif: Dilqəm Əhməd