ABŞ və müttəfiqlərinin 20 il əvvəl – 7 oktyabr 2001-ci ildə Əfqanıstanda başladıqları müharibə 30 avqust 2021-ci ildə başa çatdı.
Teleqraf.com bildirir ki, təxminən 800 min amerikalının yolu bu münaqişədən keçdi.
Sovet qoşunları isə 25 dekabr 1979-cu ildən 15 fevral 1989-cu ilə qədər bu ölkədə mövcud olub. Müharibədə 620 min sovet hərbi qulluqçusu iştirak edib. Belə ki, rəsmi adı Əfqanıstanda Sovet Qoşunlarının Məhdud Kontingenti (OKSVA – Oqraniçennıy Kontinqent Sovetskix Voysk v Afqanistane) olan hərbi missiyanın mövcud olduğu illər ərzində onun sıralarından təxminən 620 min sovet hərbçisi keçib. Sovet kanselyarit termini ilə desək, onlar Əfqanıstanda beynəlmiləl borclarını yerinə yetirirdilər…
Sovet Ordusu ilə mücahidlər arasında döyüş. 1982-ci il.
Rəsmi versiyaya görə, hər iki halda Əfqanıstanı ən son tərk edənlər yüksək rütbəli generallar olub – Kris Donahyu və Boris Qromov.
Təqdim olunan birinci fotoda general-mayor Kris Donahyunun 30 avqust 2021-ci il gecəsi Kabil Beynəlxalq Hava Limanında “Boeing C-17” hərbi nəqliyyat təyyarəsinin göyərtəsinə qalxması əks olunub. Generalın avqust ayında 52 yaşı tamam olub. O, doğum gününü Əfqanıstanda qeyd edib. Kris Donahyu 2020-ci ildən ABŞ ordusunun 18-ci hava-desant korpusunun 82-ci diviziyasına komandirlik edir. Daha əvvəl o, Cənubi Koreya, Panama və ABŞ-da komandir vəzifələrində çalışıb. Əfqanıstandan əvvəl İraq və Suriyada döyüşüb.
ABŞ Ordusunun general-mayoru K.Donahyu. 30 avqust 2021-ci il gecəsi Kabil hava limanını tərk edir
İnfraqırmızı kamera ilə lentə alınan tarixi görüntü “Twitter”də Pentaqon tərəfindən yerləşdirilib. “Bu, inanılmaz dərəcədə mürəkkəb, çoxlu çətinliklərlərə, daimi təhdidlərlə dolu gərgin missiya idi. Qoşunlarımız təmkin, nizam-intizam və həssaslıq nümayiş etdirdilər”, - deyə 18-ci ordu korpusunun fotonu müşayiət edən mesajında deyilir.
Bu foto isə 15 fevral 1989-cu ildə çəkilib. General-leytenant, Sovet İttifaqı Qəhrəmanı Boris Qromovu Əfqanıstan-SSRİ sərhədindəki “Dostluq” (“Drujba”) körpüsündə oğlu Maksim qarşılayır. Həmin vaxt generalın 45 yaşı var idi. O, Əfqanıstanda 1980-1982 və 1987-1989-cu illərdə xidmət edib.
General-leytenant B.Qromovu Sovet-əfqan sərhədində oğlu Maksim qarşılayır
B.Qromov Əfqanıstana ikinci ezamiyyət zamanı Türküstan Hərbi Dairəsinin tabeliyində olan 40-cı ümumqoşun ordusuna komandanlıq edib, eyni zamanda qoşunların Əfqanıstanda müvəqqəti qalması üçün SSRİ hökumətinin səlahiyyətli nümayəndəsi olub. 1989-cu ildə qoşunların çıxarılmasına rəhbərlik edib. Hinduquş dağlarında strateji “Salanq” dolayından (“Pereval Salanq”) və çıxış qalereyaları ilə birlikdə uzunluğu 3,6 kilometr olan tuneldən keçməklə qoşunların çıxarılması planını hazırlayıb. Bu plan 3878 metr hündürlüyə malik dolaylardan itkisiz keçidi təmin edib.
Salanq dolayı ilə Sovet Ordusunun hərəkəti. 15 fevral 1989-cu il
Körpü üstündə verdiyi müsahibədə B.Qromov məşhur çıxışını edir: “Məndən arxada bir sovet əsgəri, zabiti və giziri yoxdur. Bununla da doqquz illik müddət (Əfqanıstanda Sovet Ordusunun olduğu müddəti nəzərdə tutur) yekunlaşdı... Bu doqquz ili keçirən əsgərlərimizə abidə ucaltmaq lazımdır”.
Hərbi kolon SSRİ ərazisinə daxil olur. Onu jurnalistlər qarşılayır.
Sonuncu PDM-dəki Boris Qromovdur.
Ancaq general-leytenantın sözləri yumşaq desək, həqiqətəuyğun deyildi. Düzdür, sovet qoşunları 15 fevral 1989-cu ildə Əfqanıstandan tamamilə çıxarılıb. 40-cı ümumqoşun ordusunun çıxarılmasına da onun komandanı general-leytenant B.Qromov rəhbərlik edib. Rəsmi versiyaya görə, o, Termez şəhəri yaxınlığında (Özbəkistan SSR) Amudərya transsərhəd çayının üzərindəki körpüdən keçən sonuncu sovet hərbçisi olub. Lakin onun “Məndən geridə heç bir sovet hərbçisi qalmadı” sözləri ona görə həqiqətə uyğun deyil ki, sərhədçilərdən ibarət bölmələr Əfqanıstanda qalmaqda idilər. Onlar qoşunların çıxarılmasını təmin edirdilər və SSRİ ərazisinə yalnız fevralın 15-də, günortadan sonra qayıdıblar. Bundan əlavə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sərhəd qoşunları və digər hissələr 1989-cu ilin aprelinə qədər Əfqanıstan ərazisində ayrı-ayrı bölmələrlə Sovet-Əfqanıstan sərhədinin mühafizəsi vəzifələrini yerinə yetirirdilər.
Bundan əlavə, Qromovun sözləri həm də ona görə həqiqətəuyğun gəlmirdi ki, Əfqanıstan ərazisində mücahidlər tərəfindən əsir götürülmüş sovet hərbçiləri, habelə mücahidlərin tərəfinə keçərək könüllü şəkildə Əfqanıstanda qalan ayrı-ayrı hərbçilər var idilər...