16 May 14:03
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində 1998-ci il təvəllüdlü Ruslan şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Elmana (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ruslan 2022-ci ilin təxminən sentyabr ayının, dəqiq bilmədiyi günündə əvvəllər sevgi münasibətində olduğu, hazırda isə Elmanın qeyri-rəsmi ər-arvad münasibəti olduğu Tahirənin yanında onun ünvanına nalayiq sözlər deyib.

Bu zaman Elman hansı səbəbə ünvanına nalayiq söyüşlər işlətdiyini aydınlaşdırmaq məqsədi ilə 2022-ci il oktyabrın 17-də, saat 18 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən mağazanın qarşısında Ruslanla görüşüb. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Ruslan özündə olan bıçaqla Elmana xəsarət yetirib.

Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

“Dost və ya sevgili olduqları barədə heç bir fikrim olmayıb”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, valdeyinləri ilə birlikdə yaşayır: “Qeyri-rəsmi olaraq fərdi əmək kimi gül dükanında florist (gül yığan) işləyirəm. Müqaviləsiz təxminən 5 ildir ki, gül dükanında işləyirəm. Elman adlı şəxsi təxminən 3-4 ildir ki, tanıyıram. Elman ilə bir məktəbdə oxumuşam. Elman ilə yaxın münasibətim olmayıb, adəcə salam-sağolum olub. Tahirə adlı qızla mənim aramda uzun müddətli sevgili münasibətimiz olub. Hadisədən təxminən 1 ay əvvəl Tahirədən ayrıldım. Tahirədən ayrılan ərəfədə Elman onunla münasibət qurdu. Lakin dost və ya sevgili olduqları barədə heç bir fikrim olmayıb”.

“Əlaqə saxlamadım”

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən təxminən 20-25 gün əvvəl Tahirə ona zəng edib: “Tahirə yaşadığı küçədə divara ona sataşmaq məqsədi ilə guya mənim onun və öz adımın baş hərflərini yazdığımı dedi. Mən də işdən çıxıb küçəyə gedəndə həmin yazıları gördüm. Elmanı orada görəndə onun anasını və kişiliyini söydüm. Tahirə də Elmanın idarə etdiyi markasını görmədiyim avtomobilə minərək qaçdı. Bir ay müddətində də nə Tahirə ilə, nə də ki, Elamanla əlaqə saxlamadım”.

“Soruşdu ki, anasının ünvanına söyüş söymüşəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Elman ona zəng edib, görüşmək istədiyini deyib: “Mən də Elmana işdə olduğumu dedim. Təxminən 3-4 dəqiqə sonra Elman və qardaşı Bəhlul işlədiyim dükanın qarşısına gəldi. Elman və Bəhlulla söhbət edə-edə üzü manqal kabab restoranı istiqamətinə getdik. Elman və Bəhlul aqressiv şəkildə məndən nalayiq ifadə işlətməyimə aydınlıq gətirməyimi istədilər. Mən də dedim ki, bu söhbət bir ay əvvəl olub, bu müddət ərzində nə üçün gəlməyib? Bu zaman Elman yenə də təkrar olaraq məndən soruşdu ki, nə səbəbə bir ay əvvəl anasının ünvanına söyüş söymüşəm. Söhbət əsnasında Elman gözləmədiyim anda yumruqla sifət nahiyəmə bir dəfə vurdu. Mən də qarşılıq verərək Elmana yumruq atdım”.

“Hər gün özümü öz vicdanım qarşısında mühakimə edirəm”

Ruslan qeyd edib ki, həmin vaxt yanlarında olan Elmanın qardaşı Bəhlul arxadan obyektlərdən birinin qarşısından vedrə götürüb və onun başına atıb: “Həmin vedrə baş nahiyəmə dəydi. Sonra hər ikisi məni yerə yıxaraq təklədilər, əl və ayaqları ilə məni döyməyə başladılar. Bundan sonra cibimdə olan bıçaqla üzərimdə uzanıqlı vəziyyətdə olan Elmanın sol yan tərəfinə bir dəfə vurdum. Bu zaman ətrafda olan tanımadığım şəxslər və müdirim Məmməd bizi araladılar. Sonra Elman və Bəhlul getdilər. Mən də dükana gedərək su içdim. Sonra heç kimə heç nə demədən evə getdim. Səhəri günü dava-dalaş etməyim və bir nəfər şəxsi bıçaqla vurmağıma görə polis idarəsinə getdim. Baş vermiş hadisəni olduğu kimi polislərə danışdım. Polis idarəsində mənə məlum oldu ki, əvvəlki gün bıçaqla vurduğum Elman xəsarət alaraq Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına müraciət edib və əməliyyat olunub. Mən Elmana cəmi bir dəfə bıçaqla vurmuşam”.

Təqsirləndirilən şəxs əlavə edib ki, Elman və Bəhlulun onu döymələri ilə bağlı bağlı şikayəti olmayıb. Onun sözlərinə görə, tutduğu əməldən olduqca peşmandır, buna görə hər gün özünü öz vicdanı qarşısında mühakimə edir.

“Dedi ki, sevgi sözlərini küçələrinin divarına yazıb”

İş üzrə zərərçəkmiş Elmanın sözlərinə görə, valideyinləri ilə birlikdə yaşayır, özü rəsmi olaraq heç bir yerdə işləmir: “Lakin ehtiyaclarımı qarşılamaq üçün fərdi əməklə məşğul olmuşam. Maşın ustası işləyirəm. Ruslanı əvvəllər bir şəhər sakini kimi tanımışam. Onunla heç bir düşmənçiliyim və yaxud da ədavətim olmayıb. Hadisədən təxminən 10-15 gün əvvəl dostluq etdiyim Tahirə zəng edərək harada olduğumu dedi. Mən də aptekin qarşısında olduğumu dedim. Sonra Tahirə mənimlə görüşmək istədiyini söylədi. Razılaşdıq ki, icra hakimiyyətinin qarşısındakı meydanda görüşək. Mən də həmin yerə getdim. Bir qədər gözlədim. Lakin Tahirənin gəlmədiyini gördüm, ona zəng etdim. Tahirə də dedi ki, əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Ruslan onun adının baş hərifini, eləcə də ona sevgi sözlərini küçələrinin divarına yazıb, həmin yazıları silir. Tahirə məni də həmin yerə dəvət etdiyi üçün dostum Əsədin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə həmin yerə getdik. Tahirənin yol ilə getdiyini gördüm. Maşını saxlayıb onu da maşına mindirdik və univermaq istiqamətində gedərək işıqforun qırmızı işığında dayandıq. Bu zaman arxadan gələn dövlət nömrə nişanını xatırlamadığım “VAZ-2107” markalı avtombil biz olan avtomobilin yanında dayandı. Bu zaman avtomobilin qabaq sərnişin yerindən qiyabi tanıdığım Ruslan adlı şəxs mənim anamın ünvanına nalayiq küçə söyüşü işlədərək avtomobillə oradan uzaqlaşdı. Mən dostuma həmin avtomobilin arxasınca sürməyini desəm də, dostum mənə sakit olmağımı və həmin şəxsi taparaq özü söhbət edəcəyini dedi. Sonra dostum məni və Tahirəni qəsəbədə düşürdü”.

“Bıçaqla vurduğunu hiss etdim”

Elman qeyd edib ki, bir neçə gün sonra Ruslan ona zəng edib: “Ruslan mənimlə işi olduğunu və görüşmək üçün məni Yeni Gəncə qəsəbəsinə çağırdı. Həmin yerə getsəm də, Ruslan oraya gəlmədi. Ruslanın anama heç bir səbəb olmadan söyüş işlətməsi mənə pis təsir etdiyi üçün bunun səbəbini ondan soruşmaq məqsədi ilə qardaşım Bəhlulla birlikdə onun işlədiyi gül mağazasına getdik. Ruslanı çölə çağırdıq və sonra söhbət etmək məqsədi ilə üzü digər obyektlərə tərəf piyada getdik. Yol getdikcə Ruslana bir neçə gün əvvəl nə səbəbə anamın ünvanına söyüş söyməsinin səbəbini soruşdum. Ruslan da dedi ki, nə üçün bir ay əvvəl olan hadisəyə görə indi gəlirəm. Soruşdu ki, bu söhbət indimi yadına düşüb? Buna baxmayaraq yenə ondan nə səbəbə anamın ünvanına söyüş söyməsinin səbəbini soruşdum. Ruslan aqressiv cavab verdi. Buna görə Ruslanla dalaşdıq. Davanın gedişində Ruslan cibindən tiyəsi və dəstəyi uzun bir bıçaq çıxararaq mənə tərəf tutdu. Bunu görərək qorxmadım və heç bir yerə qaçmadım. Həmin vaxt Ruslanın sol böyür nahiyyəmə bıçaqla vurduğunu hiss etdiyim üçün əlim ilə bir neçə dəfə onun sifət və baş nahiyəsinə vurdum. Ruslan tərəfindən bıçaqla vurulmağımı görən qardaşım Bəhlul yaxınlıqdan vedrə götürərək onun başına tərəf atdı. Sonra səsə-küyə ətrafa toplaşmış tanımadığım çoxlu sayda şəxslər bizi araladılar. Qardaşım ilə oradan uzaqlaşdıq”.

“Hadisədən olduqca üzgünəm”

Elmanın ifadəsinə görə, Ruslan tərəfindən bıçaqla vurulduğu və özünü pis hiss etdiyi üçün qardaşı ilə birlikdə təcili tibbi yardım xəstəxanasına gedib: “Həmin xəstəxanada həkimlər məni əməliyyat etdilər. Ruslanla aramızda əvvəllər ədavət olmayıb. Yalnız əvvəllər onun münasibətdə olduğu Tahirə adlı qadın hazırda mənimlə qeyri-rəsmi ər-arvad kimi yaşamışıq. Buna görə Ruslan hadisədən təxminən 10-15 gün əvvəl anamın ünvanına söyüş söyüb. Baş verən hadisədən olduqca üzgünəm. Buna görə Ruslanla barışmışam. Ruslan da məndən üzr istəyib”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ruslanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 3 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.


Müəllif: Hacı Zeynalov