Saatlıq minimum əməkhaqqına keçid vətəndaşlar və işəgötürənlər üçün manevr imkanları genişləndirə bilər. Əməyin daha dolğun qiymətləndirilməsi ilə diskriminativ məqamların, formaların aradan qalxması mümkün olar. Hər bir şəxs işlədiyi saatlara uyğun əməkhaqqı ilə mükafatlandırılar.
Bunu Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.
O qeyd edib ki, bu amil indiki şərtlər daxilində Azərbaycanda əmək bazarında qeyri-formal məşğulluğun geniş yayılması kimi imkanlardan faydalanmaq imkanlarını məhdudlaşdırır:
“Gələcəkdə əmək bazarının leqallaşdırılması istiqamətində təşəbbüslər nisbətən vəziyyətin yaxşılaşması, proqramın ümumi faydalarına müsbət töhfə verə bilər. Həmçinin gələcəkdə şirkətlərin daha az aylıq əmək saatlarına uyğun olan işçilərin də rəsmiləşdirilməsi üçün imkanlar formalaşdırar”.
İqtisadçıya görə, ay ərzində 20 saat hər hansı bir əməyə tələb varsa, mövcud qanunvericiliklə minimum orta aylıq əməkhaqqı səviyyəsi nəzərə alınmaqla əməkhaqqı müəyyənləşdirilməlidir:
“Bu da müəyyən çətinliklər yaradır. Ola bilsin ki, bu istiqamətdə inzibatçılığa da müəyyən qədər töhfələr olsun. Sadəcə indiki şərtlər daxilində bu prinsiplər xüsusilə beynəlxalq təşkilatlarla əməkdaşlıq zamanı təklif edilən saatlıq əmək münasibətlərinin hüquqi əsaslarını də müəyyən qədər gücləndirəcək”.
Rəşad Həsənov hesab edir ki, layiqli əməkhaqqına keçid daha vacibdir:
“Texniki baxımdan saatlıq minimum əməkhaqqının tətbiqi müəyyən üstünlüklər yaratsa da bu, əməkhaqqının artımını şərtləndirməyə bilər. Ona görə də, burada əsas məqam layiqli əməkhaqqına keçiddir. Hökumətin də bununla bağlı strateji hədəfi var idi. Orta aylıq əməkhaqqının minimum səviyyəsinin aylıq əməkhaqının 60 faizinə çatdırılması nəzərdə tutulurdu. Bu istiqamətdə təşəbbüslər müvafiq mexanizmlər çərçivəsində öz əksini taparsa, o zaman daha faydalı olar”.