“Dəmir Günbəz” hava hücumundan müdafiə sisteminin satışı üçün İsraillə Cənubi Kipr arasında müqavilə imzalanıb.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Yunanıstanın “Katmerini” qəzeti çıxış edib.
Cənubi Kipr Müdafiə Nazirliyindən qəzetə sazişin imzalanmasından sonra alış prosesinin başladığı deyilib.
İsrail və Cənubi Kipr arasında “Dəmir Günbəz”lə bağlı danışıqlar yunan general Dimokritos Zervakisin 2021-ci ildə Təl-Əvivə səfəri ilə başlayıb.
Nəşr müqavilənin təfərrüatı ilə bağlı məlumat verməyib. İsraildən nə qədər batareyanın alınacağı, nə vaxt gətiriləcəyi və harada yerləşdiriləcəyi də bəlli deyil.
“Yerusəlim Post” qəzeti müqavilənin imzalandığını etibarlı mənbələrdən təsdiqlədiyini, İsrail Müdafiə Nazirliyinin isə sualları cavabsız qoyduğunu bildirib.
“Katmerini” sistemin “Türkiyədən gələn təhlükə”yə qarşı alındığını və 70 kilometr mənzilə sahib olan “Dəmir Günbəz”in bütün adanı qoruyacağını iddia edib.