4 May 10:26
3 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Günəş Mehdizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Günəş xanım, filmoqrafiyanıza göz gəzdirəndə, mənə görə, şanslı aktrisalardansınız. Peşəkar insanlarla çalışmısınız, festivallarda uğur qazanan filmlərdə, sevilən seriallarda baş rollarda oynamısınız. Ötən il teatr sahəsində də ilk mükafatınızı aldınız. Özü də Qazaxıstandan... Siz necə düşünürsünüz?

- Azərbaycan çərçivəsində özümü şanslı aktrisalardan sayıram. Ümumiyyətlə isə gileylənməyi sevmirəm. Deyingən insanlardan qaçıram. Heç planımda olmayan bir vaxtda – universitetin birinci kursundan filmlərə çəkilməyə başladım. Ən böyük işim - ilk tammetrajlı filmim - “Hökmdarın taleyi”ndə Ağabəyim rolu oldu. O filmdən sonra kinolentə film çəkmək ənənəsi də yoxa çıxdı. İndi kimsə kinolentdən danışanda mən qürurla deyirəm ki, onun istifadə edildiyi dövrlərdə filmə çəkilmişəm.

- Vaqif İbrahimoğlunun kursunda təhsil almısınız. Mədəniyyət və İncəsənət Universitetində yazılmamış qanunlarından biri müəllimlərin tələbələrə ilk kursda filmə çəkilməyinə, teatrda oynamaqlarına icazə verməməsidir. Maraqlıdır, Vaqif müəllimdən icazəni necə almışdınız?

- O film birinci kursun sonunda – yay tətili müddətində çəkildi. Müəllimin mənə qadağaları yox idi. Amma bir şeyi hiss etmişdim. Həmin filmdə Fəxrəddin Manafov oynayırdı, o da Vaqif müəllimin tələbəsi olub. Bu iki hadisəni sevinə-sevinə müəllimə deyəndə gördüm ki, mənə qulaq asmaq istəmir. Dedi, keç dərsə, dəftərini aç, bir sözlə, söhbəti beləcə yayındırdı. Hiss etdim ki, onun xoşuna gəlmədi.

Mən isə dayanmadan çəkilmişəm: kliplər, qısametrajlı filmlər. Hətta alman rejissor Fayt Helmerlə iki filmdə çalışmışam.

- İlk seriallara da siz çəkildiniz: “Qaranlıqlar çiçəyi”, “Miras”, ardınca “Məryəm”

- “Miras” mənim komediya serialımdır. Mənimlə tanış olan hər kəs yaxşı yumor hissimin olduğunu deyir. Amma rejissorlar məni komediyaya çəkmirlər.

- Vaqif İbrahimoğlunun tələbəsi olmaq, onun məktəbini keçmək aktyora ən vacib nə qazandırır?

- O mənim vizit kartımdır. İstənilən yerdə Vaqif İbrahimoğlunun tələbəsi olduğumu deyəndə mənə artıq-əksik sual vermirlər. Onun adı çox şeyi həll edir.

Vaqif müəllim hərtərəfli mənə təsir edib. O, şəxsiyyətə çox önəm verirdi. Bir sözü var idi, deyirdi, yaxşı aktyor olmur, yaxşı şəxsiyyət olur. Bu mənim qulağımda sırğadır. Ona görə də istedadlı olub, şəxsiyyəti olmayan insanlarla çalışa bilmirəm.

- İnsanın şəxsiyyətini iş prosesində daha yaxşı anlamaq mümkündür. Artıq razılıq verdiyiniz işdə bu cür problemlə qarşılaşanda yarıda kəsirsiniz, yoxsa birtəhər dözürsünüz?

- Kobudluq etməyi bacarmıram, kübar formada imtina edərəm. Şəxsiyyətsiz adamlarla iş görə bilmirəm. İlk növbədə şəxsiyyət, sonra sənət. Bu ikisi üst-üstə düşən insanlara isə çox böyük hörmətim var.

Vaqif müəllim deyirdi ki, aktyor düşünməlidir, o marionetka deyil və rejissorun əlində oyuncaq olmamalıdır. Bu sözləri təkrar edə-edə şüuraltımıza yeridirdi.

- Bəs Vaqif müəllimə etiraz edə bilirdiniz?

- (Pauza). Mən ona etiraz edə bilmirdim.

- Adətən, rejissorlar etiraz edən aktyorları sevmirlər.

- Dahi adamlarda təzad olur. Vaqif müəllim bu keyfiyyətləri bizə aşılasa da, iş prosesində onunla kəllə-kəlləyə gəlmək mümkün deyildi. Həmin dəqiqə adamı qovurdu. Bəli, belə sərt davranışı var idi. Bir dəfə ona etiraz etdim, birinci kursda oxuyurdum, Vaqif müəllimin də xasiyyətinə bələd deyildim. Bizə çox müxtəlif tapşırıqlar verirdi, onların mahiyyətini çox sonralar anladım.

Bir tapşırığı bu idi ki, məşğələdə özümüzü eybəcər hala salmalıydıq. Təsəvvür edin, 11 tələbəyik, hamımız özümüzü təsdiq etmək istəyindəyik. Bu əhvalda birdən-birə Vaqif müəllim bizə belə bir tapşırıq verəndə qəti etiraz etdim və dedim ki, bunu etməyəcəm. Dedi, əgər etmirsənsə çıx bayıra. Məni həqiqətən dərsdən çıxardı. Vaqif müəllimə etirazım birinci və axırıncı dəfə o zaman oldu.

Müəllimin məşğələləri bizi komplekslərimizdən azad olmağa kömək edirdi. Bir-birimizin yanında utanmamaq hissini aşılayırdı. Bu, sonralar mənə kino karyeramda çox kömək oldu. Kamera önündə azadlıq hissini məhz Vaqif müəllimin o məşğələlərindən sonra öyrəndim.

- Vaqif müəllimin tələbələri, adətən, Yuğ teatrında qalırdılar. Bəziləri qısa müddət, bəziləri isə indiyə qədər də həmin teatra bağlıdırlar. Və əksəriyyəti də üzdə olmağı sevmirlər. Bəlkə ona görə sizin İbrahimoğlunun tələbəsi olduğunuzu biləndə çox təəccüblənmişdim...

- Tələbə ikən günlərimiz teatrda keçirdi, dördüncü kursu bitirən kimi mən teatrdan ayrıldım. Düşünürdüm ki, birdən müəllim məni filmlərə çəkilməyə qoymaz. İçimdə kino karyeramı qura bilməmək qorxusu var idi. O dönəm mənim üçün kino daha önəmli idi. Amma böyük səhv etmişəm, indi peşmanam.

- Niyə belə fikirləşirsiniz?

- Vaqif müəllimi tez itirdik, teatrda qalsaydım onunla ünsiyyətə, ondan öyrənməyə daha çox vaxtım olardı.

- Qayıdışınız hansı vaxta təsadüf etdi?

- Teatra “Suğra və oğulları” filminə çəkilən dönəmdə qayıtdım. Təxminən 2021-ci ildə. Qəribəsi odur ki, teatra qayıdandan sonra bayaq dediyiniz kimi ilk xarici səfərimdə “Ən yaxşı aktrisa” mükafatını qazandım. Düşündüm ki, mən teatrda nələri, nələri qaçırmışam. Daha çox uğurlarım ola bilərdi.

İndi teatr mənim üçün meditasiyadır, hər şeydən, hər kəsdən qopub özümlə baş-başa qaldığım məkandır.

Teatr həm də aktyorun formada qalması üçün çox önəmlidir. Teatr mütaliədir, ələlxüsus Yuğ teatrı. Heç bir əsəri kor-koranə oynamırıq. Çox analizlər edirik, yazıçının avtobioqrafiyasını öyrənirik, ondan çıxış edərək əsəri bir də başqa gözlə oxuyuruq. Uzun proses gedir və bu da yaradıcı insanı düşündürür.

Amma kinoda və serialda çəkiləndə insanda kütləşmə gedir. Mütaliə etmirsən, serial ümumiyyətlə fabrikdir, orda rol üzərində iş mümkün deyil. Ona görə iki ildir ki, uzun bölümlü seriallara çəkilmirəm. Çünki o cür seriallar bir aktrisa kimi məni tükəndirirdi və işimə fabrik istehsalı kimi baxmağa başlayırdım: səhər durub çəkiliş meydançasına gedirəm, gün ərzində 35 səhnə oynayıram və heç bir səhnədə düşünmürəm, sanki robotam. “Burda bu reaksiyanı göstərmək lazımdır” düşüncəsi ilə rolu oynayıram.

Vaqif müəllimin “Mən təklif olunmuş vəziyyətdə...” prinsiplərini serial çəkilişində edə bilmirəm. Mümkün deyil və heç etmək də istəmirsən.

- Yəni o qədər acımasız bir mühit var?

- Bəzən elə şərait olur ki, onlar üçün heç nə etmək istəmirsən, sadəcə yola verirsən. Çünki o sahədə daha çox işini bilməyən insanlar çalışır. Digər tərəfdən fikirləşirəm ki, axı bu mənim işimdir. Belə çıxır ki, mən öz işimə xəyanət edirəm.

Bilirsiniz, 35 səhnəni bir günə çəkmək və yola verməmək sadəcə mümkün deyil. Hansı aktrisa desə ki, serialda mən hər səhnəni düşünərək, obrazı dərindən yaşayaraq oynayıram, yalandır, inanmayın.

- Sonuncu dəfə “Vətəndaş A” serialında baş qəhrəman - Almazı canlandırmısınız. Maraqlıdır, orda hansı şəraitdə çalışmısınız?

- Dediklərim qısa bölümlü seriallara aid deyil. “Vətəndaş A” 12 seriyalı bədii filmdir. Elvin Rüstəmzadə rejissor kimi heç bir səhnəni yola vermirdi. Elə bir rejissorla işləyirsənsə nəyisə yola verməyə ixtiyarın yoxdur. Biz o serialı film kimi işlədik... Çətin oldu, çəkilişlər uzandı da... Beş gün deyilmişdi, iki ay oldu, amma çox böyük keyf aldım. Çünki bütün səhnələrin dadını hiss edərək oynadım.

Deyəcəksiniz ki, o da serialdır, bu da? Səbəb odur ki, orda vaxt var və heç kim yola vermir. Oradakı vəziyyət, hal-əhval filmlərin çəkiliş meydançasında olduğu kimiydi.

“Vətəndaş A” serialının prodüseri Sevinc Əliyeva özü də aktrisadır. Özünə və peşəsinə hörmət etdiyinə görə çalışırdı ki, çəkiliş meydançasında hər şey yüksək səviyyədə olsun. O prodüser ki, pul alır, amma xərcləri azaldır, deməli, o, sənətin yiyəsi deyil.

- Təklif gələndə layihədə ən çox nəyə, yaxud nələrə diqqət edirsiniz?

- Ssenari tutarlı olmalıdır. Tərəf müqabillərimin kimliyi önəmlidir. Hər aktyorun həyatında uğursuz işləri olur. Sadəcə onlardan yaxşı nəticə çıxarmaq lazımdır. Bəzən sahəyə aidiyyəti olmayan adamla tərəf müqabil olmaq məcburiyyətində qalırsan. Buna görə başım çox ağrıyıb.

Bəzən kütləvi səhnələrdə çıxış edən insanı birdən-birə baş rola çəkirlər. Bu necə ola bilər? Məktəb görməyən, fikri ancaq kamera qarşısında gözəl görünməyə fokuslanan adamla necə tərəf müqabil olasan? Sən səhnə oynayırsan, o isə pomadasının hayındadır...

“Vətəndaş A” serialında mən Zülfiyyə Qurbanova ilə tərəf müqabil oldum. Bir dönəmdə oxumuşuq, qiyabi tanışlığım var idi, amma ilk dəfə qarşılıqlı oynayırdım. Onunla oynamaq çox maraqlı və keyfli idi. Aktrisa işinə çox məsuliyyətlə yanaşır, bir an belə fikri özündə deyil, geyim davası etmir.

Amma elələri var ki, meydançaya gəlib geyim davası edir. Mənim üçün geyim ən axırıncı yerdədir. Düzdür, buna görə bizi tənqid edirlər. Yazırlar ki, nə zövqsüz aktrisadır, amma başa düşmürlər ki, bizi geyindirirlər.

- Günəş xanım, bir neçə il öncə “Suğra və oğulları” ilə Hindistanda Kerala Beynəlxalq Kino Festivalında təmsil olundunuz. Festivaldan, Hindistandan hansı təəssüratlarla ayrıldınız?

- Hindistanda film bazarı böyükdür. İnsanlar filmlərə baxmağa çox həvəslidirlər. Heç bir yerdə elə tamaşaçı görməmişəm. O qədər incəsənət meylli, kinoya vurğun tamaşaçıdır. Bütün filmlərə ürək yanğısı ilə baxıb, reaksiya verirdilər.

“Suğra və oğulları” filminə baxanda hindistanlı tamaşaçılar emosional anlarında ayağa qalxıb, qışqırırdılar. Hər film nümayişindən sonra mənimlə söhbət etməyə çalışırdılar, əlləriylə toxunmaq istəyirdilər.

- Şöhrət dostlarınızın sayını artırdı, yoxsa azaltdı?

- Bunu çox gec başa düşdüm ki, hər uğur qazananda bir dostumu itirdim. Görünür, daha uğurlarıma dözə bilmədilər. Paxıllıq hissini gizlətmək çox çətindir. Bəziləri gizlədir, bəziləri müəyyən həddə qədər gizlədib, sonra “partlayırlar”.

Məni pisləyib gözdən salmaq cəhdləri, müəyyən layihələrdən adımın silinməyi, uzaqlaşdırılmağım az olmadı. Sonradan başa düşmüşəm ki, bunu edən kim, yaxud kimlərdir.

Hərdən fikirləşirəm ki, bu hissin insanda olmaması da pisdir. O hiss insanı hər vəchlə, hər cəhdlə qabağa getməyə vadar edir. İnsanda ambisiya yaradır.

Digər tərəfdən, paxıllıq hissi insanı içəridən yeyir, zamanla xəbisləşdirir. Fəxri adları həsrətlə gözləyənlər, buna görə xəstəlik tapanlar var...

- Sizin hədəfiniz nə idi?

- Mən özümü tanıyandan bilirdim ki, Mədəniyyət və İncəsənət Universitetinə sənəd verəcəm.

- Amma hamıya həkim olacağınızı demisiniz...

- Anamın arzusu olub. Dilimdə həkim olacağımı deyirdim, amma beynimdəki hədəfim başqa idi. Film mənim üçün möcuzəli aləm idi. Düzdür, düşünmürdüm ki, şansım gətirəcək və universitetə qəbul olan ildən filmlərə çəkiləcəm. Dostlarımı da elə o illərdən itirməyə başladım. Birinci kursda çox yaxın rəfiqəmi “itirdim”. İkimiz də eyni fakültəyə sənəd vermişdik, mən parladım, o parlamadı və yoxa çıxdı.

Hədəfimə çatmışam, amma... Əlbəttə, hər aktrisa məşhur olmaq, dünyada tanınmaq istəyir. Mənim çəkildiyim film niyə “Netflix”də göstərilməsin? Başqa ölkələrdə türk aktyorlarının necə qarşıladıqlarını görəndə bizimkilərin belə diqqət və qayğıdan kənarda qalması, əlbəttə, məni də narahat edir.

Foto: Elnur Muxtar


Müəllif: Nərmin Muradova