28 Sentyabr 2023 19:42
2 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma rejimin ləğv olunması o anlama gəlir ki, artıq idarəetmə fərqli formada olacaq. Qarabağ, Xankəndi daxil olmaqla ermənilərin yaşadığı bütün ərazi və insanların Azərbaycan dövlətinin hüquq sahəsinə inteqrasiyası başlayacaq. İdarəetmə, eyni zamanda hüquq və təhlükəsizlik məsələsi Azərbaycan dövlətinin səlahiyyətlərinə aid olacaq. Artıq Azərbaycan polisinin Xankəndi şəhərində Rusiya hərbi kontingenti ilə paralel xidmət həyata keçirdiyi ilə bağlı görüntülər də var.

Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri belə deyib.

Onun sözlərinə görə, bundan sonra proseslər təxminən bu yöndə davam edəcək:

"Ancaq məsələ hələ prosesin tamamlanması anlamına gəlməməlidir. Çünki silahların təhvil verilməsi prosesi başa çatmayıb. Eləcə də atıcı silahların yalnız 10-15 faizi təhvil verilib. Nəzərə alsaq ki, Qarabağda qanunsuz silahlı birləşmələrin 10 000-ə yaxın üzvü var idi. Bu, ən azından 10 000 atıcı silahın olması anlamına gəlir. Bu gün təhvil verilən silahların sayı yalnız 1 132 ədəddir. Bu isə o deməkdir ki, heç 20 faizə qədər atıcı silahlar təhvil verilməyib. Qarabağda qalan mülki əhali və eyni zamanda Azərbaycan dövlətinə qarşı döyüşən silahlı birləşmələrinin böyük əksəriyyəti silahı təhvil verməyib. Silahsızlaşdırma prosesini həyata keçirən Azərbaycan dövləti olmalıdır. Əlbəttə ki, bu məsələ Rusiya hərbi kontingenti ilə koordinasiya olunmalıdır. Çünki bu, Azərbaycan üçün böyük təhlükə vəd edir. Yəni hələ də minlərlə silah əllərdədir. Dağlarda, meşələrdə hələ də təslim olmayan silahlı terrorçu ünsürlər mövcuddur. Bu da Azərbaycan ordusu, hüquq-mühafizə orqanları, eyni zamanda Azərbaycanın mülki şəxsləri üçü potensial təhlükə yaradır. Bu insanlar necə yanacaq çənini partlatdılarsa, gələcəkdə bu yöndə müxtəlif terror partlayışları törədə bilərlər. Qondarma qurumun özünü buraxması prosesin bitməsi anlamına gəlmir. Bundan sonra Azərbaycan dövlətinin məsuliyyəti bir az daha da artır. Yəni Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, həm də əsgərlərin təhlükəsizliyini təmin etmək üçün mütləq mənada bu insanlar tapılmalı, silahsızlaşdırılmalı və ölkə ərazindən çıxarılmalıdır. Paralel olaraq Azərbaycanın hüquqi sahəsinə inteqrasiya prosesi getməlidir. Çünki proseslərin tənzimlənməsi və konseptual olaraq qəbul olunan qərarların həyata keçirilməsi üçün ilk növbədə Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsinə ehtiyac var. Buna görə də Azərbaycan bayrağı altında yaşamaq istəyən insanlar bu prosedurdan keçməli, ümumi siyahı müəyyənləşdirməli, Azərbaycanda əsgər və mülki şəxslərin qanı əlinə batmayan şəxslərin vətəndaşlığı qəbul olunmalıdır. Digər - sosial, siyasi, dini, mədəni, bütün sahələr üzrə inteqrasiya prosesi başlamalıdır. Hər şeydən öncə mütləq mənada təhlükəsizlik təmin olunmalıdır".

Ekspert bildirib ki, minlərlə silah daşıyan müxtəlif çaplı silahlar, minalar, bombalar daşıyan insanları bir-bir tapıb silahsızlaşdırmaq, tərksilah edib ölkədən çıxarmaq lazımdır:

"Bu məsələyə nöqtə qoyulmayana qədər təhlükəsizlikdən danışmaq mümkün deyil. Bir daha vurğulamaq istərdim ki, söhbət atıcı silahlardan gedir. Bunlar terror üçün çox ciddi vasitədir və sayı minlərlədir. Ona görə də Qarabağda hansısa sabitlikdən danışmaq mümkün deyil. Əlbəttə ki, Azərbaycanın suveren hüquqları artıq bütün ərazilərdə təsbit olunur. Ən böyük uğur budur. Ancaq vəziyyəti qarışdırmaq istəyən xarici amillər var. Tədricən bütün ərazilər axtarılmalı, tapılmalı, silahsızlaşdırılmalı və lazımi tədbirlər görülməlidir".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər