2 May 23:12
2 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları təxminən 75 min il əvvəl yaşamış neandertal qadının üzünü süni intellektlə bərpa ediblər.

Teleqraf.com xəbər verir ki, qadının sümükləri 2018-ci ildə İraqın şimalında bir mağarada tapalıb.

Şanidar mağarası bu arxaik insan növünün bir neçə fərdinin qalıqlarını ehtiva edən mühüm Neandertal arxeoloji ərazi kimi tanınır.

Görünüşün ən son rekonstruksiyası “Neandertalların sirləri” adlı sənədli filmdə təqdim olunub. Bu rekonstruksiya tədqiqatçıların mağarada tapdıqları Şanidar Z ləqəbli qadının qalıqlarına əsaslanır. Qalıqlara kəllə və oynaq sümükləri daxildir.

Qadının kəllə sümüyü o qədər də yaxşı qorunmayıb. Böyük ehtimalla kəllə torpaqda sıxılma nəticəsində əzilib və on minlərlə il ərzində çöküntü nəticəsində daha da sıxılıb.

Mütəxəssislər 200-dən çox fraqmenti birləşdirərək kəlləni yenidən qurublar.

Təhlillər göstərir ki, Şanidar Z-nin təxminən 40 yaşı var.

Neandertallar nəsli kəsilmiş ən yaxın əcdadlarımızdan biridir. Bu növ təxminən 40 000 il əvvəl nəsli kəsilənə qədər Avrasiyada yaşayıb. Müəyyən bölgələr və dövrlərdə anatomik cəhətdən müasir insanlarla birlikdə yaşayıblar, hətta onlarla qaynayıb-qarışıblar.


Müəllif: Mənsur Rəğbətoğlu