8 Fevral 2022 14:32
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atam Məmmədov Feruz Heydər oğlu Qarabağ müharibəsi başlayandan sonra 51 yaşında 816 saylı Şuşa özünümüdafiə batalyonuna hərbçi kimi yazılmışdı. 1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı ermənilər tərəfindən əsir götürülüb. Əsir götürüləndən sonra 1992-ci ildə bir dəfə rəsmi şəkildə dövlət tərəfindən axtarış elan edildi. Bu müddət ərzində biz özümüz də axtarış apardıq, məsələnin üzərinə düşdük.

Bunu Teleqraf.com-a açıqlamasında “Kaspi” qəzetinin jurnalisti Bəxtiyar Məmmədli deyib.

Onun sözlərinə görə, axtarış cəhdləri zamanı atası ilə bağlı bir neçə dəfə xəbər ala biliblər, amma bu xəbərlər rəsmi olmayıb:

“1992-ci ildə Füzuli rayonu ərazisində bir nəfər girov qaytarılmışdı, o girova bir erməni siyahı vermişdi və Azərbaycan tərəfinə keçirmişdi. Həmin əsirə demişdi ki, deyərsən ki, bu siyahıda olan şəxslərdən narahat olmasınlar. Həmin siyahıda atamın da adı var.

Bundan başqa, atamın sağ olması ilə bağlı bir neçə dəfə qeyri-rəsmi xeyli almışıq. Açığını desək, qeyri-rəsmi məlumatları dəqiqləşdirmək imkanımız olmadığı üçün onlar bir o qədər də inandırıcı gəlmirdi. Bir müddət sonra nə qədər çalışsaq da atam barədə heç bir məlumat öyrənə bilmədik, bütün nəticələrimiz puç oldu. Nə ölüsündən, nə də dirisindən xəbər tuta bildik...

Bu gün atamın qəbri yoxdur ki, gedib ziyarət edək. Sadəcə onu bilirik ki, atam əsirlikdə olarkən işgəncələrə məruz qalıb. Bu barədə danışmaq həqiqətən ağırdır. Gününü gözləyirdim ki, yaralarımı dilə gətirim... Atamın 51 yaşında orduya yazılması ilə həmişə qürur duymuşam, Şuşanın işğaldan azad olunmasına həm də ona görə sevinirəm ki, atam və digər şəhidlərimizin ruhu indi şaddır.

Əsir və Girovlarla İş üzrə Dövlət Komitəsinə dəfələrlə müraciətlər etmişik, bu məsələni nəzarətə götürüblər. Beynəlxalq Qızılxaç Komitəsinə müraciət etmişik ki, bu insanın sağ olması ilə bağlı xəbərlər də var. Lakin təəssüflər olsun ki, Beynəlxalq Qızılxaç Komitəsi nəinki mənim atamla bağlı, eləcə də 4 minə yaxın əsir, girovla bağlı çox laqeyd münasibət göstərir. Beynəlxalq Qızılxaç Komitəsi öz siyahılarında olan şəxslərin geri qaytarılması ilə bağlı hər hansı addım atmayıb”.

Bəxtiyar Məmmədli deyir ki, Qarabağ zəfərindən sonra atasından xəbər alacağı ilə bağlı ümidləri artıb: “İtkin yaxınlarının gözü hər zaman yolda, qulağı səsdə olub. Biz bilmirik atam həyatdadır, yoxsa dünyasını dəyişib. Artıq bu məsələyə aydınlıq gətirilməsinin vaxtıdır.

İkinci Qarabağ müharibəsindən, zəfərimizdən sonra ümidimiz ikiqat artdı ki, bu məsələyə aydınlıq gətiriləcək. Ən azından atam da daxil əsir düşmüş soydaşlarımızın dünyadan köçüblərsə, onların bir məzar yerləri olmalıdır. Dövlət başçısının bu məsələni qabartması çox doğru addımdır. İnsanlar artıq öz yaxınlarının taleyi haqqında dəqiq məlumat əldə etməlidirlər. Təsəvvür edin, 30 il ərzində bilmədik ki, atamıza can sağlığı arzu edək, yoxsa Allahdan rəhmət diləyək? Çox çətin məsələdir. Bunu insan özü yaşamasa, fikir bildirmək çətindir.

Dayım Məmmədov İlham Allahyar oğlu 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Hər il mayın 8-də Şəhidlər xiyabanına gedirik, dayımın qəbrini ziyarət edirik. Təsəlli üçün insanlar ancaq bunu edə bilirlər.

Bir nəfər səninlə üzləşəndə, vəziyyəti öyrənəndə bilmir can sağlığı diləsin, yoxsa rəhmət oxusun. Əgər bu insanlar sağdılarsa, geri qaytarılmaları üçün konkret addımlar atılmalıdır. Əgər dünyadan köçüblərsə, bu məsələyə aydınlıq gətirilməli, qəbir yerləri olmalıdır.

Ən azından yaxınlarının ürəyinə su səpilər ki, heç olmasa qəbri var. İnsanların gözü yoldan yığılar. 4 mindən çox əsir və itkin düşmüş şəxs var, araşdırılarsa, hələ nə qədər belə insanlar aşkarlanar. Ermənistan 30 ildir bütün beynəlxalq hüquqları pozur. Amma artıq kifayətdir. Əminəm ki, prezidentimiz bu məsələnin həllində birbaşa özü iştirak edəcək. Biz ümidliyik”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər