5 Mart 12:33
1 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il iyulun 9-da idarə etdiyi motosikletlə qəzaya uğrayan və aylardır yataq xəstəsi olan 31 yaşlı Vladislav Adıgözəlov əlillik dərəcəsi ala bilmir.

Bu barədə Teleqraf.com-a danışan Vladislav dəfələrlə ambulator və stasionar müalicələr aldığına baxmayaraq vəziyyətində irəliləyiş olmadığını bildirib.

“İki il idi ki, “Volt” şirkətində çalışırdım. Qəza ötən il iyulun 9-da baş verdi. Qəza anı yadımda deyil. Həkimlər dedilər ki, günvurmadan, yaxud istidən özümü itirib avtobusa çırpılmışam. Onurğam, beş qabırğam və çənəm sınıb. “Semaşko”da əməliyyat olunub, evə buraxıldım. Elə o vaxtdan yataq rejimindəyəm, heç otura da bilmirəm.

Poliknikadan bildirmişdilər ki, mən 6 aydan sonra əlilliyə sənəd verə bilərəm. 6 ay gözlədik, sonra sənədləri qeydiyyatda olduğum poliklinikaya təqdim etdim. Oradan sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Nazirlikdən mənə göndərilən birinci mesajda sistemə düşdüyüm barədə məlumat verildi, ikinci mesajda isə məlum oldu ki, nazirlik mənə əlillik təyin etməkdən imtina edib. Bildirilib ki, əlavə müalicəyə ehtiyac var”.

“Hansı formada, necə müalicə olunmağınızla bağlı sizə bir söz deyilibmi” sualımıza cavabda Vladislav bildirib: “Bu barədə heç bir məlumat verilmir. Axırıncı dəfə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna getmişdim, on günə yaxın orda qaldım, fizioterapiya olundum, amma xeyri olmadı. Həkim dəyişiklik olmadığını dedi və bildirdi ki, 10 gün çox az müddətdir və müalicə üç-dörd ay sürməlidir. Dövlət isə yalnız 10 günün müalicəsini qarşılayır. Reabilitasiya pulludur. Günü 100 manatdır.

Sığorta pulu ilə reabilitasiyaya başlaya bilərdim, amma hazırda bu, mümkün deyil. Çünki mən əlillik kazığı almamış işlədiyim şirkətdən sığorta ala bilmirəm. Həkimlər ayağa qalxacağıma ehtimal edirlər. Şans çoxdur, amma müalicə lazımdır. Çox çıxılmaz vəziyyətdir”.

İşləmə qabiliyyətini itirən Vladislava anası baxır: “Hazırda nə mən, nə anam işləyir. Anam mənə baxır. Dostlarımın köməkliyi sayəsində yaşayırıq”.

Vladislav bildirib ki, nazirliyin imtina qərarından sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edib: “Amma hələ ki ordan da cavab gəlməyib. Gözləyirəm”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilən 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının çıxarışında Vladislav Adıgözəlovun vəziyyəti bu cür qiymətləndirilir: “Kəllə beyin travması, baş-beyin silkələnməsi, Th7 fəqərəsinin kompression fəsadlaşmış sınığı, sağda VII, VIII, IX qabırğaların sınığı, çənənin sağ bucaq və sol mental nahiyyələrin yerini dəyişən sınığı, solda VI, VII qabırğaların yerdəyişməyən sınığı, çanaq orqanlarının funksiyasının pozulması, xəstə yataq rejimindədir”.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov saytımıza açıqlamasında bildirib ki, yaxın günlərdə Vladislav Adıgözəlov evində müayinə olunacaq:

"Biz vətəndaşla əlaqə saxladıq və yaxın günlərdə evində müayinə olunacaq. Müayinədən sonra nəticə barədə sizə məlumat verəcəyik".


Müəllif: Nərmin Muradova