27 İyul 2016 17:00
436

Deputat Tahir Kərimlinin “Dənizə getmirəm ki, qadınları lüt görməyim” sözləri birmənalı qarşılanmadı. Tahir Kərimlini geriçilikdə qınayanlar da tapıldı, “Milli mentaliteti qoruyur” deyənlər də.

Hansı tərəf haqlıdır? Qadınlar dəniz geyimlərinin açıq-saçıq olmasına fikir verməlidirmi? Bu suala cavab tapmaq üçün tanınmış xanım yazarlara üz tutduq.

Aysel Əlizadə: “Ölkədə müzakirə olunacaq çox ciddi problemlər var. Tahir Kərimlinin əgər mövzusu yoxdursa, deyək onunla bağlı mövqeyini ortaya qoysun. Hansı zəmanədə yaşayırıq? Sən gözlərini tərbiyə et. İnsanlar dənizdə paltoda çimməlidir? Neynəməlidir? Bu adam deyir ki, çimərliyə paltoda gedin. Hər yerin öz geyimi var. Çimərliyə çimərlik, toya, toy geyimində gedirsən. Dünya bu məsələləri çoxdan həll edib. Artıq geyim müzakirəsi ayıbdır. Daha ciddi müzakirələr aparmaq lazımdır”.

Rəbiqə Nazimqızı: “Bütün dünyada, - bir neçə ərəb dövlətindən başqa - qadınlar dənizdə çimir. Onda biz də kişiləri çimərlik geyimində görmək istəmirik. Bu kimi hallar mənə gülməli gəlir. O zaman birlikdə oturmayaq, işləməyək, eyni avtobusda getməyək, uşaqlarımızı eyni məktəbə qoymayaq... Bəs sonra nə olacaq? Bunun qəti əleyhinəyəm. Kim kişiləri məcbur edir ki, qadın əzalarına baxsınlar. Xanımların dənizə hansı geyimlə getməsinə qarışmıram. Ona xalatla çimmək xoşdursa, xalatda çimsin. Mənə maraqlı deyil, kimin nə ilə çimməsi. Dostum, rəfiqəm, ətrafım deyilsə, hətta çılpaq da görsəm, onun mənə aidiyyatı yoxdur”.

Sevinc Elsəvər: “Bəzi xanımlar çox mühafizəkar və qapalıdır. Yaxud da xarici görkəmlərindən razı deyillər. Kimsə qapalı ailədə böyüyür. Ona görə də çimərlik geyimindən istifadə etmirlər. Amma çox qadınlar çimərlik geyimindən istifadə edir. Düzünü deyim uzun zamandır çimərliyə getmirəm. Səbəbi isə dəniz suyunun çirkli olmasıdır. Çimərlikdə mədəni səviyyəsinə görə müxtəlif insanlar olur. Elə kişilər var ki, xanımları çimərlik geyimində normal qarşılayır. Eləsi də var ki, gözlərini zilləyib xanıma baxır. Xanımlar isə bu baxışları hiss etməmək üçün xalatda, şortikdə dənizdə çimirlər. Bir xatirəni danışım, uşaqkən çimərliyə getmişdik. O zaman anam xalatda, mənsə çimərlik geyimində çimirdim. Balaca idim və anama görə utanırdım ki, bizim rayondan gəlməyimizi hamı biləcək. O vaxt yalnız rayondan gələnlər dənizdə xalatla çimirdi. Amma hazırda bir çox xanımlar xalatda çimir. Mühafizəkar ölkələrdə qadın çimərlikləri ayrıdır. Mən isə ailə üzvlərimdən ayrı istirahəti təsəvvür edə bilmirəm”.

Nəzmiyyə Sabir: “Bakı Xəzərin sahilində yerləşir və tarixin bütün dövrlərində çimərlik geyimi mövcud olub. Hər insan öz düşüncəsinə görə, xalatla, donla, çimərlik geyimi ilə dənizə gedir. Mən dənizə çimərlik geyimində gedirəm və insanları çimərlik geyimində görmək istəyirəm. Yaxın günlərdə çimərlikdə oldum və orada bir çox insanlar çimərliyə həyat yoldaşı, ailəsi, uşaqları ilə getməklərinə baxmayaraq gecə paltarları ilə dənizə girmişdilər. Mən fikirləşdim ki, bu xanımlar ya həyat yoldaşlarından qorxurlar, ya da başqalarının diqqətini cəlb etməkdən çəkinirlər. Yay mövsümündə hər insan dənizə istirahət üçün gedir, orada kimsə kiminsə əndamına, bədəninə baxmağa getmir. Bu geridəqalmış bir təfəkkürdür. Mən dənizə çimərlik geyimində girdim. Mənim maşınımın yanında bir ailə var idi. Xanım dənizə xalatda girmişdi. Mən dənizdən çıxarkən xanım dedi “ay maşallah”. Ailəm yanımda olduğuna görı, “maşallah” sözünü nəyə görə dediyini öyrənə bilmədim. Sonra düşündüm ki, yəqin dənizə çimərlik geyimində getdiyim üçün deyib. Düşünürəm ki, isti havalarda heç kim kiminsə bədəninə baxmağa getmir. Belə ki, hər insan dənizdə çimərlik geyimində çimməlidir. Dənizə paltarla getmək ətrafdan çox əcaib görünür”.

Rəqsanə


Müəllif: