22 Avqust 2017 18:01
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:18

Lerikin Vizəzəmin kəndində Mirzəhüseyn Həsənova məxsus evdə baş verən yanğın nəticəsində ev sahibi, onun həyat yoldaşı və qızı aldıqları xəsarətdən ölüblər.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib, ona yerində ilkin tibbi yardım göstərilib.

Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-cü il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şükufə Qüdrət qızının və ev sahibini 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızını yanmış meyitləri aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib.

Yanğın saat 07:09-da söndürülüb.

***

Lerikdə üç nəfərin öldüyü yanğının qəsdən törədildiyi ehtimal edilir.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Vizəzəmin kəndində 1963-cü il təvəllüdlü Elman Hüseynov, həyat yoldaşı, 1967-ci il təvəllüdlü Şükufə Hüseynova və qızı, 1995-ci il təvəllüdlü Süsən Mirzəzadənin yanaraq, ölməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Ailənin yaxınlarının bildirdiyinə görə, E. Hüseynovun oğlu Mehdi Hüseynovun polisə verdiyi ilkin ifadəsində hadisədən öncə evdə mübahisə baş verdiyini bildirib. O, atasının mübahisə zəminində anası və bacısını bıçaqladığını, evə od vurduğunu deyib. M. Hüseynov atasının əlindən qaçaraq, sağ qaldığını qeyd edib.

Lakin meyitlərin Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinəsi aparılarkən, məlum olub ki, sadəcə Elman Hüseynovun meyitinin üzərində bıçaq xəsarətləri var.

Bundan sonra, M. Hüseynov şübhəli şəxs qismində saxlanıb, hazırda dindirilir.

Qeyd edək ki, bu gün Lerikin Vizəzəmin kəndində baş verən yanğın söndürüləndən sonra hadisə yerindən Elman Hüseynov, Şükufə Hüseynova və Süsən Mirzəzadənin meyitləri aşkarlanıb.


Müəllif: Teleqraf.com