“Muzeydə bir gün” layihəmiz çərçivəsində bu dəfə Azərbaycan Milli İncəsənət Muzeyinə baş çəkdik. Bura 1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin nəzdində incəsənət şöbəsi şəklində yaradılıb. 1936-cı ildən müstəqil statusda fəaliyyətə başlayıb.
Milli İncəsənət Muzeyi XIX əsrin sonlarında inşa olunan iki tarixi binada fəaliyyət göstərir ki, hazırda korpuslardan biri təmir olunur. Kolleksiyasında 17000-dən artıq eksponat qorunan muzeydə Azərbaycan, Qərbi Avropa, Rus incəsənəti nümayiş olunur və ekspozisiya ölkələr üzrə tarixi xronoloji ardıcıllıqla qurulub.
Fotoqraf Elçin Murad, mən və muzeyin elmi-kütləvi işlər şöbəsinin əməkdaşı, mütəxəssis Gülnarə Abbasovayla səyahətimizə başlayırıq...
Qərbi Avropa incəsənəti bölməsindəyik, Gülnarə xanım bizi italyan rəssamlarının əsərlərinin nümayiş olunduğu zala aparır:
Santinin gözəl qadınları
“Birinci zalımız İtaliya zalıdır. Burda məşhur italyan rəssamlarının əsərləri nümayiş etdirilir. Hazırda Rafael Santinin məşhur bir əsərinin – “Madonna quş ilə”nin qarşısındayıq. Bu, əsərin sürətidir. Əsli isə Florensiyanın qalereyasında qorunub-saxlanır. “Madonna quş ilə” rəssamın Florensiyaya köçdükdən sonra yaratdığı ilk əsərdir. Arxada Florensiyanın mənzərəsini, ön planda Məryəm obrazını görürük. Rafael Santi deyirdi ki, gözəl qadın obrazını canlandırmaq üçün çoxlu gözəl qadın görmək lazımdır: “Bu işin öhdəsindən gələn azdır, ona görə öz üzərimə götürürəm”.
“Venesiyanın görünüşü”
“Rafael Santi, Leonardo Da Vinçi Florensiyanı tərk etdikdən sonra Andrea del Sarto Florensiyanın ən görkəmli nümayəndəsinə çevrilib. Rəssamın muzeydə dini mövzulu əsərlərini görə bilərik.
Antonio Kanalettonun “Venesiyanın görünüşü” əsərindən danışarkən veduta janrından da söhbət açmalıyıq. Veduta janrında şəhər peyzajları detallı təsvir edilir. Kanaletto veduta janr məktəbinin başçısı, şəhər mənzərə rəsmlərinin mahir ustasıdır”.
Növbəti zallarda bizi flamand, holland, alman incəsənətinin gözəl nümunələri gözləyir: “Flamand incəsənətində Mediçilər nəslinin önəmli yeri var. Bu zalda II Mediçinin portretini görürük. Flamand incəsənətinə ilk dəfə məişət mövzularını gətirən Adrian Brauver idi. Ekspozisiyamızda onun “Cərrah yanında səhnə” əsəri nümayiş olunur.
Diri-diri yandırılan Evstaxi
Holland rəssamlarının əsərləri içərisində dikt üzərində dağ mənzərəsini, Frans Halsa məxsus olan kişi portreti qeyd edə bilərik. “Frans Hals Hollandiyanın məşhur portretçi rəssamı olub. Burda dəyərli əsərlərimizdən biri “Natürmort”dur. Alman zalındakı 16-ci əsrə aid “Müqəddəs Evstaxi haqqında əfsanə” çox dəyərli əsərlərdən biridir. Evstaxi elmi tədqiqat aparan alim olub. O qədər məşhur imiş ki, onun şərəfinə Evstaxi borusu inşa edilir. Dini ehkamçılar bunu özlərinə təhqir hesab edirlər və alimi cəzalandırırlar. Onlar alimi, ailəsini, hətta deyilənə görə, tərəfdaşlarını da diri-diri yandırırlar”.
İki fərqli Aleksandra Fyodorovna
“Fikir verin, alman zalında ikinci Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın iki portreti nümayiş olunur. Hər iki əsər Fridrix Avqust fon Kaulbaxa məxsusdur. Biri yağlı boyayla kətan üzərində, digər əsər isə qarışıq texnikayla işlənib”.
Qərbi Avropa bölməsinin rəsm əsərləri nümayiş olunan bölməsi ilə işimizi yekunlaşdırıb, dəhlizə addım atırıq. Burda heykəltaraşların heykəlləri nümayiş etdirilir.
Ekspozisiyanın Rus bölməsinə gəlirik. Bu bölmədə XVII əsrin sonu XX əsrin əvvəli Rus boyakarlıq məktəbinin tanınmış nümayəndələrinin tabloları nümayiş etdirilir. Onların arasında V.L.Borovikovski, V.A.Tropinin, Makovski qardaşları, İ.K.Ayvazovski, A.İ.Kuinci, V.V.Vereşagin və digər tanınmış rəssamların əsərləri sərgilənir.
...Din xadimləri belə ona sifariş verirmiş
Gülnarə xanım deyir ki, bu zallarda nümayiş etdirilən bütün əsərlər orijinaldır: “Burda rus rəssamları ilə yanaşı xaricdən Rusiyaya dəvət almış orda yaşayıb, yaratmış rəssamların əsərləri də nümayiş etdirilir. Tropini çox məşhur portretçi rəssam olub. Hətta o qədər nüfuzlu olub ki, məhz Rusiyaya ilk dəfə boyakarlığı gətirən Karl Bruyor belə bütün sifarişlərindən imtina edərək “artıq sizin öz rəssamınız var” deyə bildirmişdi. İnsan obrazını günah hesab edən din xadimləri belə Tropiniyə sifariş vermişdi. Ekspozisiyamızda onun iki əsəri nümayiş etdirilir”.
“Pozulmuş nigah”ın maraqlı hekayəsi
Gülnarə xanım bizə Pukiryova məxsus “Pozulmuş nikah” əsəri barədə məlumat verir: “Ümumiyyətlə, Pukiryovun qadına aid iki əsəri var: “Bərabər olmayan nikah” və “Pozulmuş nikah”. Sonuncu əsərə bəzən “iki arvadlılıq” deyilir. Əsərin hekayəsi çox maraqlıdır. Bəy evlənir, amma müflisləşir. Pul hərisi olduğu üçün yenidən varlanmaq qərarına gəlir və bu məqsədlə də həyat yoldaşı xəbər tutmasın deyə o biri şəhərə köçərək, orda zəngin bir qızla evlənib, varlanmaq sevdasına düşür. Bunu reallaşdırır, qızla tanış olur və kilsədə nikah mərasimi qurulur. Ancaq hər şey onun istədiyi kimi getmir. Belə ki, qanuni həyat yoldaşı bundan xəbər tutur və özünə şahid tutaraq kilsəyə gəlir. Şahidlik kağızı rahibə təqdim edir, bəy ifşa olunur. Gəlin olmağa hazırlaşan qızın isə ürəyi gedir, əlindəki şam yerə düşərək sönür. Bu nikahın pozulmasına işarədir. Bəyin əlindəki şamın isə öz həyat yoldaşına uzanması onu göstərir ki, o, barışmaq istəyir”.
Mənzərə janrının müəlliflərindən biri Vasilyevin əsərlərinin qarşısındayıq: “Vasilyev o qədər şedevr əsərlər yaradıb ki, onun tamamlanmamış əsərləri belə satın alınıb. Dostları onu möcüzəli oğlan adlandırırdılar. Deyirdilər rəssam sehirli fırçası vasitəsilə möcüzəli əsərlər yaradıb”.
Tağıyev Ayvazovskiyə hansı əsəri sifariş edib?
Növbəti zalda nəinki Rusiyada bütün dünyada məşhur olan Ayvazovskinin əsərləri nümayiş etdirilir. Buna “Deneprdə gecə”, “Meşə yolu” və “Fırtınada gəmi” əsərləri daxildir: “Fırtınada gəmi” Azərbaycanın milyonçusu və xeyriyyəçisi olan Hacı Zeynallabdin Tağıyevin sifarişi ilə təsvir edilib”.
Muzeyin Azərbaycan incəsənəti bölməsi ziyarətçiləri öz qaynaqlarını qədim dövrlərdən almış tətbiqi və təsviri sənət inciləri ilə tanış edir. Bu sənət nümunələri e. ə VI-IV minilliklərdən başlayaraq XXI əsrə qədər olan dövrü əhatə edir. Muzeydə arxeoloji qazıntılar zamanı tapılmış dulusçuluq məmulatları, orta əsrlərə aid bədii metal nümunələri, qədim xalça və xalçaçılıq məmulatları, miniatür və əlyazma kitabları, milli geyimlər və zərgərlik nümunələri nümayiş etdirilir.
“Dörd fəsil”də kimlər yoxdur ki...
“Məşhur xalçalardan biri olan “Dörd fəsil” xalçası Təbriz məktəbinə aid edilir. Sadiq Zaman tərəfindən şəxsi kolleksiyadan muzeyə hədiyyə olunub. Mərkəzi medalyonda Ömər Xəyyam , şərab paylayan qız-saqi, medalyonun kənarlarında Ömər Xəyyamın rübailəri təsvir edilib. Burda həmçinin Hafiz Şirazi, Sədi Şirazi, Əbülqasim Firdovsi, Nizami Gəncəvinin əsərlərindən motivlər, Adəm və Həvva, İbrahim peyğəmbər İsmayılı qurban vermək istədiyini an da təsvir edilib”.
Cadudan xilas olmaq üçün...
“Bu vitrində misgərlik əşyaları nümayiş etdirilir. Xörəkqabı, dolça, hamamda istifadə etdilən satıl. Baxın, bu hamam sandığıdır. Qadınlar hamama gedəndə öz zərgərlik əşyalarını bu qabın içərisinə qoyardılar. Məhz bu səbəbdən də hamam sandığı adlanır.
Bu isə qırx açardır. İçərisinə səkkiz ayə yazılıb. Bunu adətən cadudan xilas olmaq üçün istifadə edirmişlər. İçərisinə su tökürmüşlər, səkkiz ayəni oxuyurmuşlar, oxuduqdan sonra suyu ya üfləyir, ya içir, ya da onunla yuyunurdular. Bəzi hallarda da uşağın qırxını tökmək üçün istifadə edirmişlər”.
“Bu, güzgü qutusudur. Üzərində Nizami Gəncəvinin illistrusiyalarından fraqmentlər yer alır. Muzeydə xüsusi yeri olan döşəmə xalça 19-cu əsrə aid edilən Şuşa xalçasıdır”.
Ekspozisiyada Mirzə Qədim İrəvaninin dekorativ əsərlərini, Əzim Əzimzadənin karikaturalarını da görmək olar: “Əzim Əzimzadənin əsərlərində insanların yaşayış tərzi, məişəti, adət-ənənələri, varlı və kasıb təbəqələşmə əks olunur”.
Eyni zamanda, ekspozisiyada XX əsr Azərbaycanın görkəmli rəssamlarının boyakarlıq və qrafik əsərləri sərgilənir. Bu əsərlər sırasına tanınmış fırça ustaları Mirzə Qədim İrəvani, Mir Mövsüm Nəvvab, Abbas Hüseyni, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Böyükağa Mirzəzadə, Rasim Babayev, Tahir Salahov,Toğrul Nərimanbəyov, Ömər Eldarov və digər rəssamların sənət əsərləri daxildir.
Muzeydə tez-tez dövlət əhəmiyyətli tədbirlər və sərgilər keçirilir. Hazırda muzeydə “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi nümayiş olunur. Yanvarın 26-a kimi davam edən sərgidə izləyicilər Fransa incəsənətinin gözəl nümunələrini izləyə biləcəklər.
Milli İncəsənət Muzeyinə səyahətimizi burda başa çatdırırıq. Geniş və gözəl zallarda həm Avropaya, həm Rusiyaya, həm qədim Azərbaycana səyahət etmək istəyirsinizsə bu muzeyə baş çəkin.
Muzeyə giriş biletinin qiymətlərinə gəlincə, xarici ölkə vətəndaşları üçün: muzeyə baxış – 10 AZN, ekskursiya xidməti – 8 AZN-dir. Yerli vətəndaşlar üçün muzeyə baxış – 5 AZN, tələbələr üçün 2 AZN, məktəblilər üçün 1 AZN-dir.
Nərmin Muradova
Fotolar Elçin Murad