Əməkdar artist Mehriban Xanlarova hamını Bərdədə dörd nəfər tərəfindən cinsi zorakılığa məruz qalan 14 yaşlı qıza və ailəsinə mənəvi dəstək olmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
Xanlarova kəndin sakinlərini daha diqqətli olmağa səsləyib:
“Bir neçə gün bundan əvvəl Bərdə rayonunda 4 nəfər tərəfindən cinsi zorakılığa məruz qalan 14 yaşlı qızın məsələsi ölkə gündəminə oturmuşdu. Bu gün sosial şəbəkədə oxuyuram ki, ailənin vəkili Ruhəngiz Quliyeva açıqlama verib. Qızın kiçik bacısı ona zəng edərək ağlayıb. Kənddə qalmaq və orada məktəbə getmək istəmədiyini deyib. Səbəb isə kənddəki bəzi insanlar tərəfindən onların linç edilməsi və onlara yuxarıdan aşağı baxmalarıdır. Hətta təcavüzə məruz qalan qıza ölüm arzulayırlar. İndi qıza ölüm arzulayan və onun ailəsini cəmiyyətdən kənarlaşdırmaq istəyən ağzıgöyçəklərə sual verirəm:
Sizin ailənizdə, nəslinizdə qız uşağı böyümür? Nə bilirsiniz ki, gələcəkdə başlarına hansısa şərəfsiz tərəfindən bu hadisə gəlməyəcək? Hansı oğlanın, kişinin alnında pedofil, manyak olduğu yazılıb? Həmin qız ömrüboyu unuda bilməyəcəyi travma yaşayıb. Bir tərəfdən də sizin aşağılayıcı sözləriniz. Həmin kəndin sakinlərindən xahiş edirəm ki, qıza mənəvi dəstək olaraq, həyata adaptasiya olmasına kömək edək. Cəmiyyət olaraq yıxılanın yanında olmalıyıq!”
Aktrisa illər öncə çəkildiyi “Sahilsiz gecə” filmində özünün oynadığı səhnəni paylaşaraq cəmiyyətdə haqsızlıqla üzləşən qadına qarşı münasibətin dəyişmədiyinə heyfslənib:
“Bu epizod isə 1989-cu ildə oynadığım “Sahilsiz gecə” filmindədir. Filmin üzərindən illər keçsə də, cəmiyyətdə haqsızlığa məruz qalan qadına qarşı münasibət dəyişməyib”.