27 Avqust 2023 09:36
5 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mehriban Xanlarova “Telefon söhbəti” rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.

- Mehriban xanım, avqust ayıdır, həmkarlarınızın əksəriyyəti istirahət edir. Siz necə, bu yay dincələ bilmisinizmi?

-Nə dincəlmək! İstirahətdən heç danışma. Hazırda “Sara” serialının çəkilişləri ilə əlaqədar Şəkiyədəyəm.

- Çəkilişlər necə gedir?

- Elə vaxt olur ki, biz səhər saat 6-da çəkilişə gedib, axşam saat 9-10-da bitiririk. Bəzən də gecə 4-dən səhər 7-ə qədər çəkilişdə oluruq. Amma ümumilikdə hər şey çox yaxşıdır. Bildiyiniz kimi, “Sara” serialının rejissoru pakistanlıdır. Biz bir-birimizin dilini bilməsək də, əl hərəkətləri ilə fikrimizi ifadə edirik. Düşünürəm ki, rejissorun mənimlə çətinliyi olmadı. Bir aktrisa kimi məndən nə istəyirdisə onu da geri qaytarmışam. Ümid edirəm ki, serial uğurlu olar.

Serialda Sara rolunu Oksana Rəsulova canlandırır. Mən isə onun qayınanasını canlandırıram.

Şəki camaatına söz ola bilməz, bizi çox gözəl qarşıladılar. Serialı bəyənib-bəyənməmək isə izləyicilərə qalıb. Həyatda hər şey tərəzi ilə ölçülür. Bu tərəzinin gözünün yuxarı qalxması tamaşaçının rəyinin yaxşı olması qənaətinə gətirib çıxarır.

- Ötən mövsüm Akademik Milli Dram Teatrının səhnəsində unudulmaz bir obrazla – Zöhrə ilə yadda qaldınız. Bu rol sizdə hansı hissləri yaratdı?

- Açığını desəm, ilkin vaxtlarda mən Zöhrə obrazını canlandırmaq istəmirdim, ancaq məşq prosesləri zamanı rejissorumuz Bəhram Osmanov bu rolu elə analiz edib başa saldı ki, mən istər-istəməz rola isinişdim. Dörd premyera oynadıq və mən çox sevinirəm ki, hamısı tamaşaçılar tərəfindən yüksək alqışlarla qəbul olundu.

Zöhrəyə yazığım gəlirdi, amma o sonda Şükriyyəyə kömək edə, ona balalarıyla “get!” deyə bildi, baxmayaraq ki, Zöhrənin balaları da tələf olub. Tamaşada bir cümlə var, xüsusən, o cümlədən sonra mən göz yaşlarımı saxlaya bilmirdim. Həqiqətən də, içdən göz yaşlarım axırdı…

“Bilirsən, Zöhrə ulduz deməkdir” bu sözü tamaşada Zöhrəyə deyəndə, o saçlarında yaylığı çıxararaq “Olmaz mənim kimi ulduzdan” deyir. Zöhrəni elə günə qoymuşdular ki, səfalət içindəydi, geyimi nimdaş, saçları kəsik-kəsik…

Çox sevinirəm ki, izləyicilər də bu tamaşanı çox böyük maraqla izlədi, içdən qəbul etdilər. Hətta, inanın ki, onlar öz göz yaşlarını saxlaya bilmirdilər.

Mən bütün aktyorlara belə obrazları oynamağı ürəkdən arzu edirəm.

- Zöhrədəki oyun tərziniz sənətşünaslar tərəfindən də yüksək qiymətləndirildi. Eyni zamanda güman edirəm ki, tamaşaçılardan da gözəl rəylər almısınız. Sizin üçün ən yadda qalan hansı idi?

- Mənim üçün rolumla bağlı yazılan rəylərin hamısı önəmli idi, çünki o insanlar barmaqlarına əziyyət verib o şərhləri yazıblar. Mən bunu yüksək qiymətləndirirəm, hər birinə də təşəkkür edirəm.

Onların arasında ən yadda qalan və mənə təsir edən bu idi - "Mehriban xanım, biz də sizinlə birgə ağladıq". Düzü, kimin yazdığını xatırlamıram, ancaq unutmadığım mesajlardan biri idi.

- Bilirsiniz ki, ötən mövsüm represiyaya məruz qalan qadınlar haqda teatrınızın baş rejissoru Mehriban Ələkbərzadənin quruluşunda Gənc Tamaşaçılar Teatrınında “Kod adı: V.X.A” (Vətən xainlərinin arvadları) tamaşası da oynanıldı. Tamaşaya baxmısınızmı? Sizcə, hansı tamaşada Şükriyyə obrazı daha dərin ifadə edilib?

- Əslində, bir tərəfdən sevinirəm ki, nə yaxşı mən bu tamaşaya baxmamışam. Baxsaydım, çox güman ki, təkrarçılığa əl atardım. “Şükriyyə” tamaşasındakı Zöhrəni mən özüm üçün oynamışam yəni onun içinə girib həyatını oynamışam. Bu, Zöhrəni qavramağımı daha da asanlaşdırdı. Mənə elə gəlir ki, Zöhrə tamaşaçı üçün çox qeyri-adi idi.

Yeni teatr mövsümünün açılmasını gözləyirəm. Zöhrəni sevə-sevə yenidən oynamaq istəyirəm. Yeni mövsümdə yeni rollarla tamaşaçıların qarşısına çıxmaq üçün səbirsizlənirəm.


Müəllif: Fatimə Nəsirli

Oxşar xəbərlər