12 Fevral 13:58
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ildə elan olunmuş "Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin qalibləri müsabiqənin şərtlərinə uyğun olaraq Mədəniyyət Nazirliyinin üzərinə götürdüyü öhdəlikləri hələ də icra etmədiyini bildiriblər. Məsələnin həlli istiqamətində nazirlik hansı addımlar atır?

Mədəniyyət Nazirliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, qalib şirkətlərə nəzərdə tutulmuş vəsaitin yaxın zamanda köçürülməsi istiqamətində işlər görülür:

"Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan özəl prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş "Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar aidiyyəti qurumlarla razılaşdırmaqla zəruri sənədləşmə işləri həyata keçirilməkdədir. Yaxın zamanda qalib şirkətlərə nəzərdə tutulmuş vəsaitin köçürülməsi istiqamətində işlər davam etdirilir".

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında elan edilmiş müsabiqəyə ümumilikdə 45 layihə təqdim edilib. Münsiflər heyətinin müzakirələri və qiymətləndirməsi nəticəsində 45 layihədən 12-i növbəti mərhələyə - “pitçinq” mərhələsinə buraxılıb.

Münsiflər heyətinin yekun rəyi əsasında ümumilikdə 7 layihəyə (“Buta Film” MMC-nin "Ata və oğullar", “Ultra Production”-nın "Əlvida, noyabr", “Nova Gorica” Kino Mərkəzi MMC-nin "Qıfıl", “Mandarin Agency” Co-nun "Mavi sviterli adam", “Narimanfilm” MMC-nin "Müqəddəs inək", “Ultra Production” "Ölü Həsən", “Cinemedia” MMC-nin "Uçurum") müəyyən edilmiş məbləğdə dəstək göstərilməsi qərara alınıb.


Müəllif: Nərmin Muradova