Vergilər Nazirliyinin rəsmi qəzeti şou-biznesdə olan şəxslərin vergiyə cəlb edilməsi barədə silsilə yazılarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, "Vergilər" qəzeti bu dəfə müğənnilərin sahibkarlıq fəaliyyəti zamanı çəkdikləri qrim və geyim xərclərinə toxunub. Yazıda səslənən fikirləri təqdim edirik:
İlk baxışda qrim və geyim xərcləri insanın şəxsi istehlakı kimi qəbul edilə bilər. Lakin müğənnilik fəaliyyətində bilavasitə belə xərclərin çəkilməsi zərurəti yaranır. Bu baxımdan sahibkarlıq istiqamətində müğənnilik fəaliyyəti həyata keçirən fiziki şəxs bu fəaliyyətinin məqsədləri üçün çəkdiyi qrim və geyim xərclərini vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edə bilər. Müğənni konsert salonlarında, restoranlarda və digər əyləncə obyektlərində ifaçılığını nümayiş etdirərkən əvvəlcədən xüsusi geyimlər əldə edə və qrimlənə bilər. Hətta ifa zamanı geyimlərini və qrimini bir və ya bir-neçə dəfə dəyişdirə (yeniləyə) bilər. Belə hallar müğənnilik fəaliyyətinin xüsusiyyətlərinə uyğundur. Lakin konkret müğənnilik fəaliyyətinin həyata keçirilməsi məqsədindən kənar qrim və geyim xərclərinin vergitutmada gəlirdən çıxılan xərclərə aid edilməsi düzgün deyildir.
Müğənninin geyim ləvazimatlarına paltarlar, ayaqqabı və aksesuarları (bəzək əşyalarını) aid etmək olar. İfaçılıq zamanı müğənninin istifadə etdiyi bu əşyaların xərclərə aid edilməsi məsələsi ifaçılıq (müğənnilik) xidmətlərinin göstərilməsi ilə əlaqədar bağlanılan müqavilələrdən asılı ola bilər.
Adətən, müğənni özünün bu əşyalarla təminatını konserti və ya hər hansı şou təqdimatı təşkil edən təşkilatçının (prodüserin və ya hər hansı digər şou proqramları həyata keçirənlərin) üzərinə qoyur. Bu halda, müğənninin ifa zamanı istifadə etdiyi qrim və geyim xərcləri onun xərcləri hesab edilə bilməz və bu xərclər müğənni ilə prodüser (təşkilatçı) arasında bağlanan müvafiq xidmət müqaviləsinə uyğun olaraq prodüserin (təşkilatçının) xərcləri kimi hesab ediləcəkdir. Əgər qrim və geyimlə təminat müğənninin öz üzərinə qoyulmuşdursa, belə xərcləri müğənni sahibkarlıq fəaliyyəti istiqamətində öz xərcləri kimi tanıya bilər.
Müğənnilik fəaliyyətində istifadə etmək məqsədilə geyimlərin əldə edilməsinə və qrimlənməsinə çəkilən xərclərin sənədləşdirilməsinə müğənni özü maraqlı olmalıdır. Geyim ləvazimatlarını ticarət obyektlərindən alan müğənni həmin obyektlərdən malların alışını təsdiq edən NKA çeki və ya kassa mədaxil orderi (yaxud mədaxil-qəbzi) və qaimə-faktura tələb etməlidir. Geyim əşyaları xüsusi peşəkar dərzilər və digər sənətkarlar tərəfindən hazırlandığı halda, həmin şəxslərdən mədaxil qəbzi və ya digər ciddi-hesabat blanklarının tərtib olunmasını tələb edə bilər. Müğənni geyim ləvazimatlarını kirayəyə də götürə bilər. Belə halda, o, həmin ləvazimatları kirayə formasında əldə etdiyi obyektdən NKA çeki və ya mədaxil qəbzi, həmçinin hesab-faktura tələb edə bilər. Qrim üzrə xərcləri təsdiq edən sənəd kimi qrim ustasından (qrim xidmətləri üzrə fəaliyyəti həyata keçirən şəxsdən, qrimçidən və ya qadın salonlarından) mədaxil qəbzi və ya belə xidmətlərin göstərilməsini əhatə edən xidmət müqaviləsinin bağlanması və xidmətlərin təhvil-təslim aktının imzalarla təsdiq olunmasını tələb edə bilər. Müğənni yalnız sənəd əsasında təsdiq edilmiş alışını çəkilən xərcləri kimi sübut edə bilər. Diqqət yetirilməli bir məqam vardır: müğənniyə xidmət göstərən qrimçi fiziki şəxs olduqda, həmin fiziki şəxslə mülki-hüquqi müqavilə bağlanması üçün VÖEN-in və şəxsiyyət vəsiqəsinin surətinin alınması tövsiyə olunur.
VÖEN-i olan fiziki şəxslərlə müvafiq (qrim) xidmətlərin göstərilməsinə dair müqavilələrin bağlanması hüquqi baxımdan tam düzgün hesab edilir. Lakin VÖEN təqdim etməyən və ya vergi orqanlarında sahibkarlıq fəaliyyətinin göstərilməsi üçün uçota alınmayan qrimçi fiziki şəxs mülki-hüquqi müqavilə bağlamaqla müğənniyə xidmət göstərərsə, o, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi məsuliyyət daşıyır və bu halda, müğənni müqavilə bağladığı (xidmətlərindən istifadə etdiyi) həmin şəxslər barədə, Vergi Məcəlləsinin 73-cü maddəsinin tələbinə uyğun olaraq, vergi orqanına məlumat verməli və belə şəxslərə ödəmələr aparması və ödəmə mənbəyində vergi tutması barədə ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi təqdim etməlidir.
QEYD: Yuxarıda sadalanan və ya hər hansı digər geyim və qrim xərcləri o halda vergi məqsədli xərc hesab edilə bilər ki, həmin xərclər müğənninin bilavasitə sahibkarlıq fəaliyyətinə aid olan gəlirlərinin əldə edilməsi ilə bağlı olsun.
Rəqsanə