ABŞ dövlət katibi Entoni Blinken Körfəz ölkələrini İranın İsrailə son hücumundan sonra molla rejiminin artan təhlükəsi ilə üzləşməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, Blinken bu barədə Səudiyyə Ərəbistanına səfəri zamanı danışıb.
“Bu hücum İranın yaratdığı sürətlə böyüyən təhlükəyə qarşı vahid müdafiə qurmaq üçün birgə işləməyin zəruriliyini vurğulayır”, - dövlət katibi deyib.
Səudiyyə Ərəbistanı ABŞ-nin baş diplomatının regional turunun ilk dayanacağı olub. Blinken bu həftə İsrail və İordaniyaya da səfər edəcək və orada Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək.
Dövlət katibi Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyasında iştirak edəcək, Türkiyə xarici işlər naziri Hakan Fidanla danışıqlar aparacaq, həmçinin Misir, İordaniya, Qətər, BƏƏ və Fələstin nümayəndələri ilə görüşəcək.