1 May 20:43
4 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Qərbin Afrika ölkələri ilə əlaqələri pozulur. Bu, uzunmüddətli perspektivdə Rusiyanın qitədəki yerini gücləndirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Hill” yazır.

Nəşrin fikrincə, bu baş vermiş hərbi çevrilişdən sonra ABŞ qoşunlarının Nigerdən məcburi çıxarılması Amerikanın Afrikanın Sahel bölgəsində ekstremist qruplara qarşı mübarizəsində ciddi məğlubiyyətdir.

Cənubi afrikalı analitik Jak Du Pre xəbərdarlıq edib ki, ABŞ-nin Saheldə mövcudluğunun zəifləməsi İŞİD kimi terror təşkilatlarının canlanmasına şərait yarada bilər.

Nəşr iddia edir ki, ABŞ-nin Saheldəki mövcudluğunun azaldılması Rusiyanın bölgədəki təsirini artıra bilər.

“The Hill” qeyd edir ki, ötən il iyulda Nigerdə hərbi çevrilişlə hakimiyyəti ələ keçirən general Əbdürahaman Çiani Qərbə yox, Rusiyanın “Vaqner” qruplaşması ilə münasibət qurub. Mali, Burkina Faso və Liviya da Rusiya ilə əlaqələrini sıxlaşdırıb. Mərkəzi Afrika Respublikası da Rusiyaya yaxındır.

Afrikada təkcə Rusiyanın yox, Çinin də maraqları var. Çin Afrika ölkələrinə kreditlər ayırır, bir sıra layihələri maliyyələşdirir. Bununla belə, Çinin hazırda Afrikada yalnız bir bazası var - Cibutidə.

Analitiklər deyirlər ki, Afrika ölkələrində anti-Qərb hərəkatları geniş vüsət alır. Qitədə əsas diqqət keçmiş Qərb müstəmləkə güclərinə (xüsusən də Fransaya) qarşı uzunmüddətli narazılıqlara yönəldilib.


Müəllif: Mənsur Rəğbətoğlu