2 May 15:33
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Rusiya ordusunun cəbhə xəttini yarıb keçəcəyi təqdirdə Ukraynaya quru qoşunlarının göndərilməsini nəzərdən keçirəcəklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Fransa lideri Ukrayna buna ehtiyac duyacağı təqdirdə edə biləcəklərini deyib.

“Fransa son dövrlər də daxil olmaqla hərbi müdaxilələr həyata keçirən ölkədir. Bizə təhlükə yarada biləcək terrorizmlə mübarizə üçün Saheldə (Afrika) bir neçə min əsgər yerləşdirmişik. Bunu suveren dövlətlərin xahişi ilə etmişik. Əgər ruslar cəbhə xəttini yarsalar, bu durumda Ukraynadan sorğu gəlsə, qanuni olaraq özümüzə bu sualı verməli olacağıq”, - Makron bildirib.

Onun sözlərinə görə, Rusiya daha da irəli getmək qərarına gəlsə, bütün Avropa liderləri bu sualı özlərinə verməli olacaqlar.

“Düşünürəm ki, bu, son iki ilin dərslərini öyrənməmək deməkdir. 2022-ci ilin yayında NATO-nun sammitində hamımız tanklar, uzaqmənzilli raketlər və təyyarələrin tədarükündən imtina etdik. Hazırda hamımız bunu etmək prosesindəyik, ona görə də qalanlarını istisna etmək düzgün olmazdı”.

Fransa lideri Moskvanın onun bəyanatlarına reaksiyasına da diqqət çəkib:

“Mənim sözlərimə Rusiyanın reaksiyasının aqressivliyi göstərir ki, bu, istədiyim effekti verib. Düşünməyin ki, siz dayanmasanız, biz dayanacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu