1 Dekabr 2015 21:06
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Ermənistan ictimai qurtuluş cəbhəsi” Yerevanın Azadlıq meydanında fasiləsiz etiraz aksiyalarına başladığını elan edib və dekabrın 1-də mitinqdən sonra öz tərəfdarlarını meydanda qalmağa çağırıb.

“Yeni Ermənistan” vətəndaş itaətsizliyi hərəkətləri ilə dekabrın 6-na təyin olunmuş Konstitusiya referendumunun ləğv edilməsinə, bundan sonra isə “hakim rejimin” istefasına və növbədənkənar seçkilərə nail olmaq istəyir. Cəbhənin lideri Jirayr Sefilyan tərəfdarlarını mitinqə isti paltar və yemək ehtiyatı ilə gəlməyə çağırıb.

Jirayr Sefilyan hakimiyyətin devrilməsini “bir neçə günün işi” olduğuna əmindir. Onun sözlərinə görə, Serj Sarkisyan Konstitusiya referendumu gününədək “istefaya gedəcək”. “Əgər o [Serj Sarkisyan], vəziyyətin ciddiliyini anlayıb növbəti dəfə erməni xalqına saymazyana yanaşmağa cəhd etməzsə, ona yəqin ki, Yanukoviç aqibəti nəsib olar. Müqavimət göstərməyə cəhd edərsə, daha pis – Çauşesku variantı. Seçim onundur”, - bazar ertəsi mətbuat konfransında Jirayr Sefilyan deyib.

“Biz rejim başçısını geri çəkilməni zorsuz təşkil etməyə çalışmağa çağırırıq ki, bütün bu həngamədən dinc yolla çıxa bilək”, - Sefilyan əlavə edib. Aksiya iştirakçıları Azadlıq meydanında çadırlar qurmaq planları haqqında Yerevan bələdiyyə idarəsinə məlumat veriblər, ama hələ cavab almayıblar. Lakin mənfi cavab da alsalar, Jirayr Sefilyan gecələr meydanda qalan etirazçılar üçün çadırlar qurulacağını bildirib.

“Yeni Ermənistan” hərəkatı “psixoloji, fiziki və hüquqi təqiblərə məruz qalmamaq üçün” vətəndaş itaətsizliyi zamanı fəalların “davranma qaydalarını“ da hazırlayıb. “Bu, erməni xalqının hakim rejimə qarşı ayağa qalxmaq üçün son imkanıdır. Bizi həbs etsələr, biz mübarizəmizi məhbəsdən davam etdirəcəyik”, - Sefilyan deyib.

Xatırladaq ki, Jirayr Sefilyanın rəhbərlik etdiyi “100 illik rejimsiz” hərəkatının üzvləri bu il aprelin 24-də keçirməyə hazırlaşdıqları itaətsizlik aksiyasından qabaq həbs olunub, sonradan buraxılıblar. Və bu günədək Sefilyan və onun bir sıra məsləkdaşları üzərindən o zaman irəli sürülmüş ittihamlar götürülməyib.
Ermənistan polisi dekabrın 1-dən keçiriləcək çıxışlarla bağlı “aksiya iştirakçıları və başqa şəxslərin təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş xidmət rejimində” işləyəcəyini bəyan edib.

“Yeni Ermənistan ictimai qurtuluş cəbhəsi” bu il oktyabrın 12-də yaradılıb. Onun əsasını Qarabağ müharibəsi veteranı, keçmiş Livan vətəndaşı Jirayr Sefilyanın başçılııq etdiyi “Müəssislər məclisi” və Ermənistanın sabiq xarici işlər naziri, keçmiş ABŞ vətəndaşı Raffi Hovhannisyanın təsis etdiyi Jaranqutyun (İrs) Partiyası təşkil edirlər.

“Yeni Ermənistan” hərəkatı bəyan edib ki, başlıca məqsədi prezident Serj Sarkisyanın istefasına və Konstitusiya referendumunun ləğv edilməsinə nail olmaqdır.

Ermənistan prezidentinin fərmanına əsasən, Konstitusiya referendumu 2015-ci il dekabrın 6-da keçirilməlidir.

Yeni Konstitusiya üzrə Ermənistanda tam parlament idarəetmə sistemi tətbiq edilir, 7 il müddətinə və yenidən seçilmə hüququ olmayan ölkə prezidenti parlament tərəfindən seçilir və prezidentin səlahiyyətləri son dərəcə məhdudlaşır.

Müxalifət bu dəyişikliyin ikinci və son prezidentlik müddəti başa çatmaqda olan Serj Sarkisyanın və onun başçılıq etdiyi siyasi qüvvənin hakimiyyətdə qalmasını təmin etmək məqsədi daşıdığını bildirir.


Müəllif:

Oxşar xəbərlər