20 Yanvar 2018 09:51
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Vaşinqtonda anım mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyində baş tutan tədbirdə Vaşinqton şəhərində və ətraf ərazilərdə yaşayan soydaşlarımız və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək 20 Yanvar hadisəsi zamanı mülki əhaliyə sovet ordusunun silah tətbiq etdiyini, xalqımızın çoxsaylı oğul və qızlarının şəhid olduğunu, bu tarixin xalqımızın yaddaşında bir faciə kimi əks olunduğunu söyləyib. Eyni zamanda, səfir bu faciənin xalqımızın müstəqillik əzmini daha da möhkəmləndirdiyini və milli- mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulayıb. Bu xüsusda, E.Süleymanov ümummilli lider Heydər Əliyevin Vətənimiz üçün həmin taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və əzmkarlığını nümunə gətirib, onun Moskvada mətbuat konfransı keçirərək Azərbaycan xalqına və dünya ölkələrinə səsləndirdiyi müraciətinin soydaşlarımıza mənəvi dəstək olduğunu, habelə Azərbaycan xalqının müstəqillik yolunda qərarlı olmasının göstəricisi kimi qiymətləndirib. Səfir vurğulayıb ki, hər il hüznlə qeyd edilən 20 Yanvar faciəsi, eyni zamanda, ölkəmizin müstəqilliyinin böyük qurbanlar bahasına əldə edildiyini xatırladır və bunun daha da möhkəmləndirilməsi uğrunda bütün soydaşlarımızın sıx birləşməsi və birgə səylərinin vacibliyini göstərir.

Daha sonra mərasimdə iştirak edən digər şəxslər də öz fikirlərini bölüşüblər. Azərbaycanın ABŞ-dakı icmasının fəal üzvü Həbib Azərsina 20 Yanvar faciəsinin hər bir soydaşımız üçün hüzn günü olduğunu qeyd edib, bu qanlı hadisənin təfərrüatlarının dünya ictimaiyyətinə çatdırılmasında ABŞ-dakı soydaşlarımızın gördüyü işləri xatırladıb. O, qanlı hadisənin milli oyanışımız və həmrəyliyimiz yolunda mühüm amil olduğunu vurğulayıb.

Sonda 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilib və onların ruhuna ehsan verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər