“Moskva və KTMT məsələləri həll etmək üçün siyasi və diplomatik üsullardan istifadə edir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Azərbaycana yönəlik son təxribatlarına münasibət bildirən rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert Ermənistanın Azərbaycana qarşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətinə diqqət çəkib:
“Ermənistanın hüquqi baxımdan KTMT və Rusiyaya hərbi dəstək çağırışı qanunsuzdur. Söhbət yerli sərhəd hadisəsindən gedir və Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiya olunmayıb, yəni belə olmadığı halda, faktiki olaraq tərəflər arasında təmas xətti mövcuddur.
Silahlı insidentin mənbəyi Ermənistan tərəfi və onun silahlı təxribatlarıdır. Azərbaycanın addımları cavab tədbiridir və məcburidir. Bunlar özünümüdafiə kateqoriyasına aiddir.
Azərbaycan işğaldan azad edilmiş ərazilərinin dinc yolla bərpası və inkişafı istiqamətində genişmiqyaslı işlərlə məşğuldur, Ermənistan isə iki il əvvəlki vəziyyətdədir: revanşizm, təhdidlər, təxribatlar...
Moskva və KTMT məsələləri həll etmək üçün siyasi və diplomatik üsullardan istifadə edir”.