2 May 11:16
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülər qurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi və qarşıdurmanı azaltmaq, ayırıcı xətləri aradan qaldırmaq və irəliləmək yolunda dürüst fikir mübadiləsinə başlamaq mümkündür.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr" mövzusuna həsr olunmuş Parlamentlərarası konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qrupların evidir: “Bu gün cəmiyyətimiz əsrlər boyu formalaşmış dəyərləri rəhbər tutur. Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir”.

Sahibə Qafarova xalqımızın nümayəndələri və parlament üzvləri olaraq, mümkün olan ən yaxşı həllərin tapılmasında iştirak etmək üçün əhəmiyyətli imkanlara sahib olduğumuzu bildirib.

O vurğulayıb ki, 30 il ərzində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı həmin ərazilərdə ölkəmizin mədəni irsi üçün fəlakətli nəticələrə səbəb olub.

Spiker qeyd edib ki, Azərbaycan mədəni irsinin yüzlərlə obyekti qəsdən məhv edilib, talan olunub, qanunsuz yollarla mənimsənilib və daşınıb:

"Bu hərəkətlər Ermənistan tərəfindən işğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır”.


Müəllif: Nərmin Muradova