6 Fevral 2016 11:59
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda "Suriyaya və regiona dəstək" konfransı keçirilib. Prezident İlham Əliyev BMT-nin Baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə konfransda iştirak edib.

Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edilib.

"Suriya qaçqınlarının halına acıyırıq"

Dövlət başçısı konfrans çərçivəsində keçirilən "Təhsil" mövzusunda sessiyada çıxış edib. Azərbaycan Prezidenti deyib: "Biz Suriya qaçqınlarının halına çox acıyırıq. Müstəqillik illərində - 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Bu, həqiqətən də, humanitar fəlakət idi. O zaman ölkəmiz çox gənc və kasıb idi. Həmin vaxt adambaşına düşən qaçqın sayına görə ən yüksək göstərici olan səkkiz milyon əhalidən bir milyonu evsiz və işsiz qalaraq, yaşayış imkanlarından məhrum olub. Biz beynəlxalq humanitar təşkilatlara, xüsusilə tariximizin çətin məqamında bizə dəstək olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarıq".

"Azərbaycan özü donor ölkədir"

Prezident bu gün Azərbaycanın özünün donor ölkə olduğunu vurğulayıb: "Biz, Suriya qaçqınları da daxil olmaqla maliyyə yardımını təmin edirik. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi müəyyən edilib. Əfsuslar ki, o vaxtdan bəri danışıqlar masası ətrafında bu münaqişənin həlli ilə bağlı ciddi irəliləyişə nail olunmayıb. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır ki, Ermənistan tərəfindən bu qətnamələrə məhəl qoyulmur.

Lakin 1994-cü ildə atəşkəs razılığının əldə olunması bizə inkişaf etmək imkanını verdi. O vaxtdan bəri Azərbaycanın inkişafı çox sürətli olub. Biz demək olar ki, 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə bildik. Bizdə qaçqınlar da daxil olmaqla 100 faiz savadlılıq səviyyəsi var. On il bundan əvvəl qaçqınların təxminən 70 faizi yoxsulluq şəraitində yaşayırdı. İndi isə qaçqınlar arasında yoxsulluq səviyyəsi yalnız 12 faiz təşkil edir. Ümumilikdə işsizlik və yoxsulluq 5 faizdir. Mən bu göstəriciləri nəyə görə sizin diqqətinizə çatdırıram? Çünki ölkə yalnız sabitlik və sülh şəraitində inkişaf edə və böyük çətinliklərin öhdəsindən gələ bilər".

"Suriyadakı bacı və qardaşlarımıza dəstək olmağa davam edəcəyik"

Dövlət başçısı daha sonra deyib: "Bu gün biz bir çox çıxışları və yardım çağırışlarını dinlədik. Azərbaycan Suriyada humanitar inkişafa artıq töhfə vermiş və verəcək ölkələr arasındadır. Lakin ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır. Yalnız bundan sonra iş yerləri açılacaq, təhsil istənilən səviyyədə olacaq və insanlar öz gələcəyinə inanmağa başlayacaqlar. Biz bu böyük iqtisadi və sosial çətinliklərdən əziyyət çəkmiş bir ölkə kimi buna necə nail olmağın yolunu bilirik. Biz iş yerlərinin yaradılmasında təcrübəmizi paylaşa bilərik. Son on illikdə Azərbaycanda 1,5 milyon iş yeri yaradılıb. Biz təhsil sahəsindəki təcrübəmizi də paylaşa bilərik. Ölkəmizdə 3 mindən çox məktəb inşa edilib və dediyim kimi, Azərbaycanda 100 faizlik savadlılıq səviyyəsinə nail olunub. Humanitar böhranın idarə olunması üzrə təcrübəmizi də paylaşa bilərik və biz bunu edəcəyik. Lakin ən önəmlisi sülhdür. Buna görə də Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılması bizim gündəliyimizdə duran bir nömrəli məsələdir. Əminəm ki, bu gün apardığımız müzakirələr həmin siyasi həllin tapılmasında öz vacib rolunu oynayacaqdır. Bu gün Azərbaycan əsaslı maliyyə və iqtisadi potensialı olan bir ölkə kimi buna sülh deyil, yalnız atəşkəs şəraitində nail ola bilib.

Əlbəttə ki, biz Suriyadakı bacı və qardaşlarımıza dəstək olmaqda davam edəcəyik. Biz Suriya qaçqınlarını qəbul etmək üçün üzərinə belə böyük bir yükü götürən ölkələrə minnətdarıq. Bir daha qeyd etmək istəyirəm, biz buraya sülhü və bu cür dəyərləri təşviq etmək üçün gəlmişik. Bu baxımdan Azərbaycan öz vacib rolunu oynamağa davam edəcək".

"Regionda Azərbaycanın təcrübəsindən istifadəyə ehtiyac var"

"Londonda keçirilən "Suriyaya və regiona dəstək" donor konfransında Prezident İlham Əliyevin iştirakı dövlətimizin regionda önəmli yer tutmasını göstərdi".

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin konfransda çıxışı bir daha onu göstərdi ki, Azərbaycan hər zaman sülhün tərəfdaşıdır və ölkəmiz nəinki regionda, eləcə də dünyada sülhün bərqərar olmasında öz səylərini əsirgəmir: "Prezident İlham Əliyev konfransda çıxışı zamanı münaqişə şəraitində olan Azərbaycanın terrorizmlə mübarizə apardığını qeyd etdi. Ölkə başçısı çıxışı zamanı Azərbaycan torpaqlarının 20 ildən artıqdır ki, işğal olunduğunu, nəticədə 1 milyondan çox qaçqın və məcburi köçkünün yurdsuz-yuvasız qaldığını vurğuladı. Dövlət başçısı söylədi ki, Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır ki, Ermənistan tərəfindən bu qətnamələrə məhəl qoyulmur".

S.Fətəliyeva vurğulayıb ki, regionda, dünyanı sarsıdan bir sıra məsələlərdə Azərbaycanın təcrübəsindən istifadəyə ehtiyac var: "Münaqişələrə laqeyd qalanlar gələcəkdə yeni terror yuvalarının yaranmasına səbəb olurlar. Beynəlxalq hüquq və dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, işğal faktı BMT Təhlükəsizlik Şurasının 4, AŞPA-nın 2 qətnaməsində öz əksini tapıb. Buna baxmayaraq, torpaqlarımız hələ də işğal altındadır. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi kimi Suriya problemi də həll olunmaz olaraq qalır. Dövlətimiz bu illər ərzində böyük inkişaf yolu keçməklə özünün nə qədər güclü dövlət olduğunu isbat edə bildi. Əlbəttə, bütün bunlar ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə olunub".

"Suriyada sülh yaranarsa, Azərbaycanın təcrübəsi işə yaraya bilər"

"Bu gün Azərbaycan regionda həm iqtisadi, həm siyasi, həm də intellektual baxımından ən inkişaf etmiş ölkələrdəndir. Bu inkişafın əsasında Azərbaycanda həyata keçirilən uğurlu siyasət dayanır. Əgər bu göstəricilərin üzərinə yerləşdiyimiz siyasi-coğrafiyanı da gəlsək, Azərbaycanın regionda və subregionda nə qədər əhəmiyyətli dövlət olduğunu görmüş olarıq. Bu mənada Azərbaycan Prezidentinin Böyük Britaniyada keçirilən tədbirə dəvət olunması həm Azərbaycanın bir dövlət kimi əhəmiyyətindən, həm də Prezident İlham Əliyevin şəxsi nüfuzundan xəbər verir". Bunu isə millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, tarixən klassik Şərqlə Azərbaycan həm iqtisadi, həm mədəni, həm siyasi, həm də digər parametrlər üzrə bağlı olub: "Azərbaycanın milli mənəviyyatının və mentalitetinin tərkib hissələrindən biri olan din Yaxın Şərqdən gəlib. Orada cərəyan edən hadisələr dindaşlarımızın yaşadığı coğrafiyada baş verir. Bunun üzərinə çox uzun və birbaşa quru sərhədi olan Türkiyə faktorunu və Azərbaycanın qardaş ölkə ilə münasibətlərini gəlsək, Yaxın Şərqdə baş verənlərin Azərbaycandan o qədər uzaq olmadığını görərik. Yaxın Şərqdə baş verənlər məzhəb və dini müstəvidə olan qarşıdurmadır. Çox təəssüf ki, dindaşlarımızın yaşadığı coğrafiyada bu məsələ problem olaraq qalır. Azərbaycanda mövcud olan tolerantlığın, dini dözümlülüyün Yaxın Şərqə ixrac olunması məsələsi də aktualdır. Regionun gələcəyi baxımından əhəmiyyətli olan belə bir tədbirdə Prezident İlham Əliyevin iştirak etməsi ölkəmizin iqtisadi, hərbi qüdrəti ilə bağlıdır. Bundan başqa, Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, humanitar böhranın idarə edilməsi ilə bağlı Azərbaycanın kifayət qədər təcrübəsi var. Erməni işğalı nəticəsində ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Əgər Suriyada sülh yaranarsa, Azərbaycanın bu təcrübəsi də işə yaraya bilər və ölkəmiz bunu etməyə hazırdır.

Politoloq: "Azərbaycan qonşu dövlətlərin də sosial problemlərinin həllində rol oynamalıdır"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Londonda "Suriyaya və regiona dəstək" konfransında iştirakını müsbət qiymətləndirdiyini bildirib: "Bəli, indi bizim də iqtisadi vəziyyətimiz qənaətbəxş deyil, insanların sosial problemlərinin həllinə ehtiyac var. Ancaq ən ağır durumuzda belə Suriyadakı insanların acınacaqlı durumuna biganə qala bilmərik, biz bu prosesdə simvolik də olsa, iştirak etməliyik. Hətta bir neçə yüz və ya bir neçə min türkmənin və ya ərəb mənşəli suriyalının Azərbaycanda yerləşdirilməsində də qəbahətli heç nə görmürəm. Bununla qardaş Türkiyənin də dərdinə şərik çıxarıq.

Necə ki, biz bu gün Əfqanıstana maliyyə yardımı edirik, hərbçilərimiz oradadır, əfqan mütəxəssislər Bakıda müxtəlif kurslara cəlb edilirlər, o cümlədən qardaş Pakistana yardım edirik, zəlzələdən əziyyət çəkən pakistanlıları unutmuruq və bu ölkədə məktəb inşa edirik, eləcə də vaxt gələcək Suriyanın yenidən qurulmasında da rol almağımız mümkündür. Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu daşımaq istəyirsə, məncə öz vətəndaşları ilə yanaşı ağır durumda olan qonşu dövlətlərin də sosial problemlərinin həllində bu və ya digər dərəcədə rol oynamalıdır. Hər halda suriyalılara və əfqanlara etdiyimiz və edəcəyimiz qardaş köməyi güclü maliyyə vəsaiti tələb etməyəcək, dəyəri isə insana verilən qiymətdir".

Politoloq qeyd edib ki, türkmənlər bizim üçün həssas mövzudur: "Ancaq biz deyə bilmərik ki, "biz ancaq türkmənləri qəbul edə bilərik, ərəbləri yox". Bu, irqi ayrı-seçkilik olar. Türkiyə də bunu etmir. Belə bir tələb qoysaq bizim Ermənistandan nə fərqimiz olacaq? Onsuz da Azərbaycan Suriya qaçqınları üçün kvota müəyyənləşdirsə, Azərbaycana gəlmək istəyənlərin əksəriyyəti dilimizi paylaşan türkmənlər olacaq. Ancaq bunu xüsusi vurğulaya bilmərik".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər