Antalyada keçirilən yoxlama oyununda Azərbaycan millisi ilə qolsuz bərabərlə qalan Moldova yığmasının baş məşqçisi Aleksandr Spiridon oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, Spiridon öncə oyunla bağlı fikirlərini bildirib:
- Düşünürəm ki, Azərbaycan millisi topa bir qədər çox nəzarət edirdi. Bizim də qol epizodlarımız oldu. Qələbə qazana da bilərdik. Hər iki tərəf üçün yaxşı oyun oldu.
Azərbaycan yığması çox intizamlı komandadır. Bu, meydanda görünürdü. Bu cür rəqiblə qarşılaşmaq xoş idi.
- Millətlər Liqasının pley-off mərhələsində Azərbaycanla qarşılaşmaq istərdinizmi?
- Mənim istəyim rol oynamır. Sadəcə, həm sizin, həm də bizim üçün çətin olacaq. Bizi Lüksemburq, Belarus və San Marino ilə çətin oyun gözləyir. Sizin isə Kosovo ilə matçlarda işiniz asan olmayacaq. Buna görə də, indidən qrupda birinci yeri tutacağımızı demək olmaz.
- Ramil Şeydayevlə görüşdünüz. Onunla yaxın münasibətiniz hardandır?
- Ramili "Zenit”də işlədiyim vaxtdan tanıyıram. Çox potensiallı oyunçudur. Düz etdi ki, "Zenit"dən icarəyə getdi. Çünki həmin vaxt Dzyuba və Kokorinlə rəqabət apara bilərdi. Ramilə məşqçi inanmalıdır. O, üzərində işləsə, Azərbaycanın güclü hücumçusu olacaq.
- Qurban Qurbanovla bağlı fikriniz necədir?
- Qurban Qurbanov güclü məşqçidir. "Qarabağ"la yaxşı nəticələr qazanıb. Ona millidə işləmək daha rahatdır. Çünki "Qarabağ"ın futbolçularını tanıyır və onların əksəri millidə oynayır. Bu mənada Qurbanovun oyun üslubuna bələddilər. Mənim isə bu cəhətdən işim bir qədər çətindir.