Bu ildən minimum pensiya ilə yanaşı, əmək pensiyaları da ötən il üzrə nominal orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunacaq. İndeksasiya rəsmi elan olunan faizə uyğun pensiya məbləğinin artırılması anlamına gəlir.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, adətən illik rəsmi nominal orta aylıq əmək haqqındakı artım faizi cari ilin yanvar ayının ikinci yarısında elan edilir:
"Buna baxmayaraq, indeksasiya nəticəsində artımlar cari ilin yanvar ayının 1-dən hesablanır. Yəni, indeksasiya nəticəsində əmək pensiyasındakı artımlar yanvar ayından hesablanır. Ötən il Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə nominal orta aylıq əmək haqqında artım 11,4% olmuşdu və ötən ilin əvvəlində əmək pensiyalarının məbləği həmin fazə indeksləşdirilmişdi. Artım məbləğinə gəldikdə isə, əmək pensiyaları əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksləşdirilir. Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya sistemindəki dəyişikliklər nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləvğ olundu. Buna görə də pensiya məbləği tam olaraq indeksləşdirilir".
Millət vəkili hesab edir ki, Maliyyə Nazirliyi bir müddət öncə 2021-ci ildə orta aylıq əmək haqqı 707,3 manatdan 742,8 manatadək yüksələcəyini proqnozlaşdırırdı: “Bununla belə, illik artımın nisbətən çox olacağı güman edilir. Bu, ötən il orta aylıq əmək haqqının təxminən 5 faiz artması anlamına gəlir. Rəsmi göstərici elan olunduqdan sonra isə əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalanır və artımlar ilin əvvəlindən hesablanır. İndeksasiya pensiyaçıların 95%-ə qədərinə (1 milyon 100 min şəxs) şamil olunacaq”.
Vüqar Bayramova görə, indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur:
““Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Bununla yanaşı, indeksləşdirmə əmək pensiyalarına edilən əlavələrə şamil edilmir. Ötən il üzrə orta aylıq əmək haqqındakı artım rəsmi olaraq elan olunduqdan sonra hər bir pensiyaçı aldığı pensiya məbləğinin üzərinə həmin faizi artım kimi gəlməklə pensiyasının nə qədər artdığını özü də hesablaya biləcək".