Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsi ötən gün baş tutan iclasında uçot dərəcəsini 6,5 bənd artıraraq 8,5 faizdən 15 faizə yüksəldib.
Qərardan əvvəl 23,55 səviyyəsində olan dollar/TL tədricən artaraq gün ərzində 25,48 lirəyə çatıb. Avro isə 27,88 lirəyə yüksəlib.
Maraqlıdır, TMB-nın atdığı addımı doğru hesab etmək olarmı?
İqtisadçı Natiq Cəfərli Teleqraf.com-a açıqlamasında TMB-nın atdığı addımların kommunikasiyasının zəif olduğunu deyib.
O bildirib ki, toplantıdan öncə gözləntilər kifayət qədər yüksəldildi: “Mediada uçot dərəcəsini 40 faizə qədər artırılacağı ilə bağlı xəbərlər tirajlanmağa başlandı. Bu da bazar iştirakçılarının gözləntilərini həddindən artıq yüksəltdi. Düşünüldü ki, TMB çox kəskin faiz artımına gedəcək və bununla da lirənin dəyərdən düşməsinin qarşısı alınacaq. Bu baxımdan kommunikasiya doğru qurulmamışdı. Yəni gözləntilərin öncədən yüksəldilməsi doğru yanaşma deyildi.
Uçot dərəcəsi 8,5 faizdən 15 faizə qədər artırıldı. Bu, kifayət qədər ciddi artımdır, amma bazar iştirakçıların bu qane etmədi. Nəticə etibarilə gözləntilər daha yüksək olduğundan türk lirəsinin dəyərdən düşməsi prosesi sürətləndi”.
İqtisadçı hesab edir ki, proseslər bir müddət belə davam edəcək: “İclasdan sonra TMB açıqlama verdi ki, növbəti toplantılarda faiz artırıla bilər. Təqribən 45 gün sonra keçirilməsi nəzərdə tutulan toplantıda ola bilər ki, uçot dərəcəsi 5 faiz bənd artırılaraq 20 faizə çatdırılsın.
Amma gözləntilərə indi cavab vermədiyi üçün lirənin dəyərdəndüşmə prosesi gedir. Çünki istənilən halda uçot dərəcəsi 15 faizdirsə, inflyasiya 40-45 faiz civarındadır. Gözlənti formalaşıb ki, zatən inflyasiya yüksəkdirsə, qiymətlər yenə artacaqsa, dollara tələbat da yüksələcək. Ona görə də indidən dollar alışının sürətlənməsinin şahid oluruq”.
Natiq Cəfərlinin qənaətincə, uçot dərəcəsini sürətlə artırsalar Türkiyədə resessiya (iqtisadi geriləmə) təhlükəsi yaranar: “Faiz dərəcəsinin sürətli artımı nəticəsində iqtisadiyyat daralır və aktivlik azalır. Ona görə də burada yaxşı qərara yoxdur, çox pislə, pis qərar var. İndi hələlik pis qərar verildi. Bundan sonrakı dövrdə faiz artımına getsələr Türkiyə iqtisadiyyatında təəssüf ki, resessiya təhlükəsi artacaq. Ona görə də bir müddət belə dalğalı məzənnə siyasətini görəcəyik. Amma bu, daimi ola bilməz. Bazarın öz doyumluluğu var.
Yəqin ki, bir müddətdən sonra türk lirəsinin təqribən 25-26 civarında sabitləşməsini də görəcəyik. Hətta 45 gündən sonra növbəti faiz artımı olarsa, lirə bir qədər də dəyər qazanıb 23-22-yə düşə bilər.
Təəssüf ki, lirənin dəyər qazanması Türkiyənin xroniki problemlərini həll etmir. Xroniki problemlər odur ki, ölkənin çox ciddi şəkildə valyuta ehtiyacı var. Enerji daşıyıcılarını xaricdən alır, təbii qaza, neftə milyardlarla dollar vəsait xərcləyir. İstehsal artdıqca komponentləri xaricdən alır. Bu da valyutaya tələbi artırır.
Bundan əlavə, Türkiyədə özəl sektorun təqribən 400-450 milyard dollar civarında xarici borcu var. Hər rübdə bu borcun 60-70 milyard dollarını qaytarmaq məcburiyyətindədir. Bütün bunları nəzərə aldıqda təəssüf ki, Türkiyə iqtisadiyyatında daralmanın və zəifləmənin şahidi olacağıq.
Bir müddət sonra bazardakı daralma valyutanın da məzənnəsinin sabitləşdirəcək. Artıq iqtisadiyyatda alım gücü olmayacaq ki, daim dollar alsın. Bir müddətdən sonra sabitləşmə mümkündür”.