Xalq artisti Arif Babayev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Arif müəllim, Prezident İlham Əliyevin sərəncəmına əsasən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundunuz. Təəssüratlarınızı eşitmək istərdik.
- Cənab Prezident İlham Əliyevə fəxri diploma görə təşəkkür edirəm. Həmişə məni yada salırlar, heç vaxt unutmurlar. Mən bütün fəxri adlara, o cümlədən “Şöhrət” ordeninə, “İstiqlal” ordeninə, ”Şərəf” ordeninə layiq görülmüşəm. “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunanda da çox sevindim. Cənab İlham Əliyev sağ olsun, çox razı qaldım.
- Yaxın günlərdə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində 85 illik yubiliyeniz də qeyd edildi.
- Bəli, 85 illik yubileyim çox yaxşı keçdi. Tədbirdə çoxsaylı tamaşaçı iştirak etdi, 500-dən artıq qonaq gəlmişdi. Maraqlı gecə oldu, sevənlərimiz böyük alqışlarla qarşıladılar. Bütün tələbələrim əl-ələ verib, səhnədə oxudular. Tədbir üçün çox böyük zəhmət çəkilmişdi. Milli Konservatoriyanın rektoru Siyavuş Kərimiyə borcluyam, çox sağ olsun, gözəl bir tədbiri təşkil etmişdi. Gecəyə o qədər qonaq dəvət etmək asan deyil. Ömrü boyu onlardan razı qalacam. Mən də oranın müəllimiyəm.
Milli Konservatoriya doğrudan da milli musiqimizin adını daşıyır, yeni xanənədələrimiz yetişir. Çox işlər görülür.
- Yuxarıda qeyd etdiyiniz kimi bütün mükafatlara layiq görülmüsünz. Arzusunda olacağınız nəsə varmı?
- Ən böyük arzum işğalda olan torpaqlarımızın azad edilməsi idi. Şükür Allaha, arzum yerinə yetdi və torpaqlarımız alındı. Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin. Güclü ordumuz var və həmişə qəlbimdə onlar üçün dua oxuyuram.
Allah ordumuzu daha da qüvvətli eləsin. Torpaqlarımızı azad etdilər, düşmən tapdağından qurtardılar.
- 85 illik həyatın sizin üçün özəlliyi və gözəlliyi nədədir?
- Nə bilim vallah... Çətin yollardan keçmişəm, amma yaxşı günlərim də az olmayıb. Ömür beləcə ötüb keçib. Bütün çətinliklərə dözmüşəm. Ağdamda 1958-1959-cu illər çox çətin dövr idi. Elə yerlərdə konsert vermişik ki, orada insan heç ağzını aça bilməzdi, ancaq biz bunu etmişik.
Şükür Allaha, mənə qarşı sevgi, məhəbbət indi də qalıb və özünü göstərir. Səhnəyə çıxanda görürəm ki, necə hörmət edirlər...
- Arif müəllim, torpaqlarımız işğaldan azad edildikdən sonra sonra ilk dəfə Ağdama getdiniz. Hansı hissləri keçirdiniz?
- Hissimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Ondan gözəli ola bilməzdi. Mən Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşam. Doğma yurdumda ata-anamın qəbrini ziyarətə getdim, amma məzar daşlarını tapa bilmədim. Qəbiristanlıq şumlanıb. Fəxr ediləsi odur ki, torpağımızı azad etdik, torpaq bizim üçün böyük bir nemətdir.
- İşğaldan azad edilən torpaqlarımızda tələbələrinizin iştirakı ilə konsert vermək istərdinizmi?
- Sağlıq olsun, səhhətim o qədər də yaxşı deyil. İstəyirəm ki, insanların yaddaşında Arif Babayev kimi qalım. Bu sənət elədir ki, gərək səhnədə həmişə sağlam görkəmdə olasan. Tamaşaçı görməsin ki, səndə bu var, bu yoxdır...
Məsələn, bu halımda çıxdım oxudum, tamaşaçılar yaxşı qəbul etməyə bilər. Tamaşaçı təravətli musiqi istəyir. Biz də çalışırıq ki, elə olsun. Allah millətimizi var eləsin.
Dünyanın 70-75 ölkəsini gəzmişəm, Azərbaycan kimi ölkə yoxdur. Millətimiz də çox gözəldir. Torpaqlarılmız işğaldan azad edildi. Köçkünlərimiz yavaş-yavaç doğma torpaqlarına qayıdırlar. Bu, böyük bir uğur və işdir.
- Muğam ustadı kimi bu sənəti necə dəyərləndirirsiniz?
- Mənim tələbələrim, tələbələrimin tələbələri var. Yaxşı xanəndələrimiz yetişir. Xarici ölkələrə gedirlər, ölkəmizi təbliğ edirlər. Bu mənim üçün böyük fəxrdir. Ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyilə böyük işlər görülür.
- Hansı muğamınızı oxuyanda Ağdamı, Qarabağı xatırlayırsınız?
- “Ağdamım mənim”, “Qarabağ” mahnısı məni o illərə aparır.
- Ağdamla bağlı nə kimi planlarınız var?
- Mənim yaxşı tələbələrim var. O tələbələrə gedib, Şuşada konsert verək, xalqımız da gəlib dinləsinlər. Bu mənim çoxdankı arzumdur. Bu arzum da yerinə yetir, Allaha çox şükür.
- Tələbələriniz sizi ziyarət edirlərmi?
- Bəli, ziyarət edirlər. Onlardan çox razıyam, zəng edirlər, səhhətimlə maraqlanırlar, Aygün Bayramova, Nəzakət Teymurova, Sevinc Sarıyeva, Qəzənfər Abbasov... Bəzi tələbələrimin adlarını unuda bilərəm, amma çox sağ olsunlar, hamısı mənə diqqət ayırır, hörmət bəsləyir.
Tələbələrimlə yanaşı sənətimi sevənlər də az deyil. Mənsum İbrahimov həm tələbəm olub, həm də dostumdur, o da evimə gəlir. Məlahtli səsi var, gözəl oxuyur. Səhnəmizin sevimli Məcnunudur. Mən səhnədən gedəndə yerimi Mənsum İbrahimova vermişəm. Ona dedim ki, Məcnununu sənə tapşırdım.
- Həyat yoldaşınız Gültəkin xanım çox gözəl və mehriban xanımdır. Həyatda necə, Məcnun olmusunuzmu?
- Gültəkin xanım da həyatda Leylimdir, vəssalam!
- Gözəl bir ailəniz var. Gənclərimizə ailələrini qorumaq üçün nələri tövsiyə edərsiniz?
- Ailəmdən nə danışım, onu camaat bilir. Çox çətinlikdən keçmək lazımdır. Ailəni qorumaq asan deyil. Gərək onu bacarasan, ailənin bünövrəsi möhkəm olmalıdır. Ailə o zaman ailə olur. Xoşbəxtliyi yaşatmaq lazımdır. Həyat yoldaşın sənə, övladına qulluq edirsə, o, əsl xanımdır. Camaat bilir ki, kim necədir...
Məndən soruşurlar ki, necə belə yaxşı və güclü qalmısız? Bunun səbəbi var, səbəb həyat yoldaşımın diqqətidir. Allah hamınızı xoşbəxt eləsin. Həyat yoldaşımın üzərimdə çox zəhməti var. Onun əməyi böyükdür və bunu heç vaxt yadımdan çıxarmaram. Ailəmizin xanımı və əvəzedilməzidir.
- Son zamanlar gənclər arasında boşanmaların sayı çoxalıb. Ailələrin dağılmasının qarşısını almaq üçün nə etmək lazımdır? Bir böyük kimi məsləhətinizi eşitmək istərdik.
- Gənclərimiz ailələrini qorumalıdırlar. Ailələrin dağılmasına pis baxıram. Ümumiyyətlə, insanın gözü ailəsinin üzərində olmalıdır. Olmasa, düz gəlməyəcək. Ailə bir ordudur və hər şey o, ordunun başçısından asılıdır.O başçı da möhkəm və uğurlu olmalıdır.
- Hazırda səhhətiniz necədir?
- Şükür Allaha, babatam. Bir az çətinliklər var, amma buna da sevinirəm, daha ağır bir şey ola bilərdi. Sevinirəm ki, sizin kimi cavanlarımız var, bu işləri görürlər. Uğurlar qazanın, bu gözəl ölkədə yaşayın, yaradın. Ölkəmiz çox gözəldir. Xalqımız dövlət başçımızı və birinci xanımımızı sevir və daim sevəcəklər.
- Son olaraq nə demək istərdiniz?
- Qardaş Türkiyədə dəhşətli zələzələ baş verdi. Hamımız sarsıldıq. Zəlzələ fəlakətini eşidəndən özümə gələ bilmirəm. İnsanlar dağıntılar, betonun altında qalmışdılar. Qardaş ölkəyə "Başınız sağ olsun" deyirəm...