10 May 21:23
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısına qəsəbədə görüləcək işlər barədə məlumat verdilər.

Bildirildi ki, işğaldan əvvəl Şuşa rayonunda Şuşa şəhərindən sonra Turşsu qəsəbəsi azərbaycanlıların ən sıx yaşadıqları ikinci yaşayış məntəqəsi olub. Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə, Şuşa–Laçın yolunun kənarında yerləşən qəsəbə 1992-ci il mayın 15-də işğal edilib. 1989-cu ildə aparılmış siyahıyaalmaya əsasən qəsəbədə 755 nəfər yaşayıb. Qəsəbədə fərdi evlər, tibb məntəqəsi, xəstəxana, mədəniyyət evi, kitabxana, məktəb, televiziya ötürücü qurğusu, elektrik yarımstansiyası, uşaq bağçası, musiqi məktəbi, klub və s. binaları olub. İşğal nəticəsində bütün infrastruktur tam dağıdılıb. Hazırda Turşsu qəsəbəsində 353 ailə, 1403 nəfər qeydiyyatdadır.

Yenidənqurma layihəsinə əsasən Turşu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaq. Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaq.

Sonra Prezident İlham Əliyev Turşsu qəsəbəsinin təməlini qoydu.

***

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.

Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə - 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev Fondunun “PAŞA Holding”in dəstəyi məsciddə və məscid ərazisindəki bulaqda apardığı bərpa işlərinə 2023-cü ildə başlanılıb. Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Düzbucaqlı plan quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Bildirilib ki, işğal dövründə məscid və onun yanında yerləşən bulaq yararsız hala salınıb. Erməni işğalçıları şəhərdəki bir çox abidələr kimi ərazidəki Mamayı bulağını da erməniləşdirməyə çalışmışdılar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunmuşdu. Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk etmişdilər. Aparılan bərpa işləri nəticəsində artıq burada erməni vandalizminin bütün izləri aradan qaldırılıb.

Qeyd edildi ki, Mamayı məscidində tarixən mehrab sərt ağac materialından istifadə olunub. Bərpa zamanı bütün işlər tarixi görkəm nəzərə alınmaqla aparılıb. Məscidin pəncərələri tarixi görünüşünə uyğun bərpa edilib, qarşı tərəfdə yararsız halda olan döşəmə yenidən qurulub.

Məlumat verildi ki, bundan əlavə Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən işlər barədə məlumat verildi.

Qeyd edildi ki, bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilir. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunub. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Şuşanın işğalı zamanı Aşağı Gövhər Ağa məscidi erməni vandalizminin qurbanına çevrilmişdi. Məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmişdi.

Bərpa prosesi ilə tanışlıq zamanı Şuşa işğal altında olduğu dövrdə ermənilərin Aşağı Gövhər Ağa məscidində törətdikləri vandalizm faktları barədə məlumat verildi. Bildirildi ki, bərpa işləri zamanı divarda müxtəlif yazılar, o cümlədən divara həkk olunmuş xaç işarəsi aşkarlanıb.

Bərpa işləri zamanı yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə aparıblar. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq həyata keçirilir. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələrinin mikroinyeksiya üsulu ilə bərkidilməsi həyata keçirilib. Məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilir. Bərpa işləri eyni zamanda mədrəsə bölməsini də əhatə edir.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Şirin su hamamının bərpadan sonra açılışında iştirak ediblər.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev Fondu tərəfindən “Şirin su” hamamında 2022-ci ildən aparılan bərpa işləri başa çatıb. “Şirin su” hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam “Şirin su” hamamı adlandırılıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra “Şirin su” hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilib, əlavə tikililər aparılıb, hamam yararsız vəziyyətə salınmışdı.

Məlumat verildi ki, Avstriyanın “Wehdorn Architekten” şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılan bərpa işləri zamanı ilkin hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr - fasad, dam, qapı-pəncərə sistemi, döşəmə, tavan bərpa edilib. Hamamın daxilində günbəzlər və divarlardakı bütün zədələnmiş suvaqların, döşəmələrdə bütün uyğun olmayan örtük materiallarının, sonradan əlavə edilmiş quraşdırmanın aradan qaldırılması işləri həyata keçirilib. Ərazidə hasar divarları tikilib, pilləkənlər bərpa edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ətraf ərazidə görülmüş işlərlə də maraqlandılar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

15:05

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

14:42

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com