11 May 09:39
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycan və Ermənistan tərəfindən rəsmi şəkildə bu ilin noyabrında sülhün əldə ediləcəyi ilə bağlı müsbət proqnozlar verilib. Sizcə, hər iki tərəfdən verilən pozitiv açıqlamalar fonunda bu ilin tarixə sülh təqvimi düşməsi nə dərəcədə inandırıcı görünür?

- Sülh razılaşması qısa bir sənəddir. Bir neçə səhifəlik çərçivə sülh sazişindən söhbət gedir. Bu heç də yekun sülh sazişi deyil. Çərçivə sülh sazişinin mətni gələcəkdə olacaq məsələlərin həlli üçün ümumi prinsiplər və mövqelərin məcmusudur. Bunun üzərində artıq iş gedir. Artıq tərəflər arasında bu razılaşma əsasında 9 dəfə mübadilə olub. İndi isə Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu məsələ ətrafında danışıqları davam etdirəcək. Bu görüşdə digər ümumi mövzuların da müzakirəsi gözlənilir.

- Belə çıxır ki, tərəflərin mövqeyi indiki halda çərçivə sülh sazişinə daha uyğundur?

- Yekun sülh sazişini imzalamaq üçün bir neçə il lazım olacaq. Ona görə də, ilkin addım kimi çərçivə sülh sazişi imzalanacaq. Əsas məsələlərin həlli məhz yekun sülh sazişində öz əksini tapacaq. Daha çox mürəkkəb məsələlər burada yer alacaq. Sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiya xəttlərinin bərpası, hümanitar məsələlərin həlli, təzminat və s kimi prinsiplər yekun sülh sazişində təsbit olunacaq. Bu məsələləri danışıb həll etmək üçün isə çox vaxt lazımdır.

- 1991-ci ilin Almatı razılaşması əsasında delimitasiyanın aparılması, prosesin bu şərtlərlə yekunlaşması gözlənilirmi?

- Almatı razılaşmasında əslində Azərbaycanla Ermənistan arasında keçmiş sovet dövrünə aid inzibati, administrativ sərhəd anlayışları yoxdur. Çünki bu sənədə diqqətlə baxmayanlar öz istədikləri kimi prosesi şərh edir. Almatı razılaşması qısa, bir səhifəlik sənəddir. Orada isə administrativ sərhədlər haqqında heç bir qeyd yoxdur. Heç yerdə deyilmir ki, 1991-ci ilin sərhədləri olmalıdır. 1991-ci ildə Azərbaycanla Ermənistan arasında sərhəd yox idi. Hüquqi, faktiki baxımdan belə anlayış olmayıb.

- Bu halda sərhədlərin dəqiqləşməsində ayrı-ayarı illərin xəritələrinə istinad edilər bilərmi?

- Sərhədlərin bəzi hissələri sovet dövrünün ayrı-ayrı illərinə aid müxtəlif xəritələr əsasında müzakirələrin aparılması mümkündür. Məhz o dövrə aid konkret sərhədləri göstərmək olar. Bu yaxınlarda Qazax istiqamətində bu prinsiplərə aid irəliləyişlər əldə olunub. Gələcəkdə də bunun davamının olması mümkündür. Amma burada heç kəs 1991-ci ilin xəritələrinin əsas götürüldüyünü demir. Ermənistan 1975-ci ilin xəritələrini gündəmə gətirir. Azərbaycan da öz növbəsində müxtəlif illərə aid xəritələri masa qoyacaq.

- 1991-ci ilin şərtləri erməni tərəfinə hansı üstünlüklər verir?

- Burada Ermənistanın öz məqsədləri var. Onlar sovet dövründə ermənilərin ixtiyarına verilmiş Azərbaycan ərazilərinə sahib olmaq istəyir. Ermənistan da indiki halda bunu rəsmiləşdirməyə çalışır. Amma fakt odur ki, Ermənistan ərazisi keçmiş sovet dövründə üç dəfə artıb. Bu baxımdan da Azərbaycan heç bir halda razı ola bilməz ki, belə vəziyyət təsbit olunsun.

- Paşinyan-Putin razılaşmasına əsasən rus ordusu 44 günlük müharibə dövründə yerləşdiyi ərazilərdən çıxacaq. Daha çox Azərbaycanla təmas xəttindən rus ordusunun çıxarılması gündəmdədir. Bu hansı məqsədlərə xidmət edən bir gedişdir?

- Rus ordusunun həmin ərazilərdə yerləşməsi heç bir sazişlə təsbit olunmamışdı. Sadəcə olaraq 2020-ci ildəki 44 günlük müharibədən sonra Paşinyan qorxusundan Moskvaya xahiş etmişdi ki, bu ərazilərə rus ordusu yerləşdirilsin. Rus sərhədçilərinin Ermənistanda yerləşdirilməsi isə 1992-ci ilin sazişinə uyğun aparılıb. Amma burada MDB-nin sərhədlərinin qorunmasından söhbət gedirdi. Yəni, dolayısı yolla keçmiş SSRİ-nin sərhədlərindən bəhs olunur. Paşinyan da indi 2020-ci ildə çağırdığı rus ordusunu yola salır. Bunun üçün də teatr səhnəsi qurur ki, guya o rus ordusunu Ermənistandan çıxarır. Bunlar yalan üzərində qurulmuş səhnələrdir. Məqsəd Qərbdən daha çox maliyyə əldə etməkdən ibarətdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər