Əməkdar artist Cavanşir Məmmədov “Gəl danış” verilişində qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda olduğu iddia edilən Türkiyə vətəndaşı Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesindən danışıb.
Teleqraf.com xəbər verir ki, Cavanşir Məmmədov bu sözləri qeyd edib:
“Kemal Mustafa İbilinin iki vəkili olduğuna görə mən də iki vəkil tutdum. Üçüncü sinfi bitirən adamı işadamı kimi təqdim edirsiniz. O, dələduzdur. Bakı Şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlərə Dair İstintaq şöbəsində mən və digər maddi zərərçəkmişlərin şikayəti ilə Türkiyə vətəndaşı Kemal Mustafa İblinin başlanan cinayət işi 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə məhkəmədə yekunlaşdı. Apellyasiya məhkəməsində də işə baxıldı, qərar qüvvədə saxlanıldı. Təqsirləndirilən şəxsin ümumi 100 min dollar borcu var, 70 min mənə, 30 min isə qohumuma aiddir".
Cavanşir Məmmədov aparıcının “Kemal Mustafa İbilini bağışlayarsınızmı?” sualına cavabda deyib: “Məni ailəmlə vurmaq, camaatın gözündən salmaq istəyirdi. Qızımın 42 yaşı var. Əgər səsli qeydlər olmasaydı, heç nə edə bilməzdim. Kemal Mustafa İbili ona görə dilxordur ki, səsyazıları var. Qızım ona səsinin yazılacağı haqqında məlumat vermişdi, o da razı olmuşdu. Bir az əvvəl qeyd etdiyim kimi səsyazıları olmasaydı, indi Türkiyədə evində otururdu. Namus-qeyrəti pula satmaram. Üzrxahlıq etsin. Özü etməsə, qardaşı gəlib üzr istəsin. Mənə pulu vermək şərtilə üzr istəsin. Pulu versə də üzr istəməsə qəbul etmərəm”,-deyə cavab verib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi keçirilib. Kemal Mustafa İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub. Qərardan narazı qalan Mustafa apellyasiya şikayəti verib. Ötən gün baş tutan Apellyasiya Məhkəməsində isə Mustafanın şikayəti təmin edilməyib.