1 May 19:14
2 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman və polyak arxeoloqlar Nasist Partiyasının ən güclü simalarından biri olan və hərbi cinayətlərdə təqsirli bilinən Herman Görinqin evində qazıntı apararkən əlləri və ayaqları kəsilmiş skeletlər tapdıqlarını açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, beş skelet Adolf Hitlerin yaxın ətrafına meşədə qərargah kimi xidmət edən bunkerlər və xarabalıqlardan ibarət labirintdə tapılıb.

Arxeoloqlar bəzi tikililər əsasında tərk edilmiş ərazini araşdırmaq üçün getdiklərini və dəhşətli bir kəşfə imza atdıqlarını deyiblər.

Tədqiqatçılar Görinqin evində taxta döşəmənin altında əvvəlcə insan kəlləsinin qalıqlarını, daha sonra üç böyük, bir yeniyetmə və bir körpənin skeletini tapdıqlarını açıqlayıblar.

Skeletlərin heç birinin bütöv, əl və ayaqlarının olmadığı bildirilib.

Qazıntının rəhbəri Pyotrek Banaşkeviç bir skeleti belə təsvir edib:

“Ciddi şəkildə deformasiyaya uğrayıblar. Onurğa sütunu əyridir, kəllənin isə göz yuvası yox idi. Çənə yerindən çıxıb. Kəllənin çənə sümüyünün dişləri aşınıb, bu da yaşlı bir insanı göstərir. Paltar və ya zinət əşyalarının izləri tapılmadı, bu da qurbanların cəsədlərinin dəfn edilməzdən əvvəl soyulduğunu göstərir”.

Bölgədə çalışan tədqiqatçılardan Oktavian Bartoşevski komandasının skeletləri gördükdən sonra şoka düşdüklərini söyləyib.

Polşa polisi yaxınlarda baş vermiş cinayətə dair dəlil tapa bilmədiklərini açıqladıqdan sonra skeletlərin İkinci Dünya Müharibəsindən qalma ola biləcəyinə dair şübhələr artıb. Prokurorlar tapılan cəsədlərin nasist hərbi cinayətlərinin qurbanlarına aid olub-olmaması ilə bağlı araşdırma başlatmağa hazırlaşır.

Polşada yerləşən “Qurd yuvası” adlı məkan Hitlerin yaxın ətrafı tərəfindən nasistlərin gizli qərargahı kimi istifadə edilən 618 hektarlıq böyük bir kompleks idi. Nasistlər buradan 1941-ci ildən 1943-cü ilə kimi SSRİ-yə qarşı baza kimi də istifadə ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu