6 İyul 2020 09:21
37 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Bu dəfə haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk kinosunun ən məşhur simalarından biridir.

Şəbnəm Həsənişugi (Şebnem Hassanisoughi) – aktrisa, musiqiçi.

Şəbnəm 1985-ci il dekabrın 7-də İstanbulda doğulub. Atası güney azərbaycanlı vəkil, anası isə türkdür. Memar Sinan Universitetinin İncəsənət, Dövlət Konservatoriyasının Səhnə sənəti fakültələrinin məzunudur. Kadir Has Universitetində kino sahəsi üzrə magistrlik dərəcəsinə yiyələnib.

Şəbnəm Həsənişugi bir çox teatr tamaşasında, reklam, bədii film və serialda rol alıb. Aktrisa fəaliyyətilə yanaşı, musiqi ilə də məşğul olan Şəbnəm gitarada peşəkar ifa edə bilir.

2011-ci ildə Çiydəm Vitrinəlin rejissoru olduğu “Geriye kalan” adlı bədii filmdə Devin Özgür Çınar, Ərkan Bektaş və Burak Tamdoğanla birlikdə baş rolda çəkilib.

2013-cü ildə Bülənt İnal, Burak Yamantürk, Burcu Kara, Özgə Özpirinçci və Umut Karadağın rol aldığı “Tatar Ramazan” adlı məşhur serialda Güzidə obrazına həyat verib. Şəbnəm Həsənişugi 2014-cü ildə “Bana artık Hicran de” adlı serialda Buğra Gülsoy, Alican Yücesoy, Aslı Enverlə birlikdə baş rollardan birinin məsuliyyətini öz üzərinə götürüb. Serialın yaradıcı heyətində Nadir Sarıbacak, Tamer Levent, Nur Sürer və Zeyno Eracar kimi məşhur simalar da yer alıb.

Məşhur “Poyrаz Karayel” serialında Poyrаzın həyat yoldaşı, Sinanın anası obrazına can verib.

Aktrisa ayrı-ayrı vaxtlarda çəkilən “Eve Dönüş: Sarıkamış 1915”, “Salıncak”, “Bulantı” və “Siyah Karga” kimi bədii filmlərdə rol alıb.

Şəbnəm 2012-ci ildə XII Beynəlxalq İzmir Film Festivalında “Geriyə kalan” filminə görə “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb. Bir il sonra həmin filmə görə “Ayhan Işık” mükafatını alıb. 2016-cı ildə “Bulantı” filminə görə “Ən yaxşı qadın dublyor” mükafatını da öz muzeyinə aparıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər