18 İyun 2021 23:14
6 830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya iqtisadiyyatı üzrə məşhur rusiyalı mütəxəssis, Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (rusca İMEMO) prezidenti, Rusiya Elmlər Akademiyasının Elmi Şurasının sədri, Qlobal problemlər və beynəlxalq münasibətlər üzrə akademik-katibi, akademik Aleksandr Dınkin TASS agentliyinə geniş müsahibə verib.

Teleqraf.com xəbər verir ki, müsahibə “Primakov oxunuşu” (“Primakovskie çteniya”) ilə bağlı verilib. Akademik müsahibə zamanı Rusiya Federasiyası və ABŞ liderlərinin görüşündən bəhs edib, Avropada əsrin ən böyük münaqişəsinin (Ukrayna böhranı) həlli perspektivlərini qiymətləndirib, həmçinin “yumşaq güc” çatışmazlıqları və qlobal xəyal qırıqlığı barədə danışıb.

Müsahibənin Azərbaycan cəmiyyəti üçün daha çox əhəmiyyət kəsb edən hissəsini təqdim edirik.

– Aleksandr Aleksandroviç, gəlin Mərkəzi Asiya barədə danışaq. Bu yaxınlarda regionda ekspertlər üçün bəlkə də sürpriz olmayan bir hadisə baş verdi, amma bir çoxları üçün bu, aydın səmada çaxan şimşək oldu. Qırğızıstan və Tacikistan arasında tez-tez məişət səviyyəsində baş verən sərhəd münaqişəsi iki ölkənin orduları arasında silahlı toqquşma ilə nəticələndi. Eyni zamanda bu vəziyyəti Amerika qoşunlarının qarşıdakı dövrdə Əfqanıstandan çıxarılmasından təcrid olunmuş şəkildə nəzərdən keçirmək çətindir, çünki bir çox analitiklər qırğız-tacik sərhədindəki münaqişənin qaçaqmalçılara, narkotacirlərə faydalı olduğunu bildirirlər, belə ki, sərhəddə situasiya boz zonada qalır və həmin kriminal elementlər bu yolla öz maraqlarını həyata keçirə bilirlər. Sizcə, amerikalıların Əfqanıstandan çıxması fonunda bu ölkədə müxtəlif qrupların aktivliyinin artmasını, Mərkəzi Asiyada yeni sərhəd münaqişələrini gözləmək olarmı? Əfqanıstanda kriminalın və ekstremistlərin aktivliyinin mümkün artımı regionun münaqişə potensialını qidalandıra bilərmi?

– Siz Amerika qoşunlarının geri çəkilməsinin Əfqanıstanda bir çox istiqamətləri dəyişdirməsi məsələsində haqlısınız. Amerikalılar, ümumiyyətlə, narkotrafikə və narkotik istehsalına qarşı xüsusi mübarizə aparmadılar, çünki düşünürdülər ölkə o qədər qeyri-sabitdir ki, bu, əhaliyə heç olmazsa, bir qədər gəlir mənbələri təmin edir. Medalın digər üzü ondan ibarətdir ki, amerikalılar nə vaxtsa və əgər gedəcəklərsə, təbii ki, bu marşrut üzrə narkotrafik Amerikanın ölkədə hərbi mövcudluğu dövründən daha asan olacaq.

Düşünürəm ki, Mərkəzi Asiyadakı bu münaqişələrin SSRİ-nin dağılması ilə heç bir əlaqəsi yoxdur, çünki istənilən halda artıq 30 il keçib. Mənim fikrimcə, bu münaqişənin prujinləri (elastik, əyilmiş polad spiral) daxilidir. Ancaq regionda su problemi həmişə, hələ Rusiya imperiyası dövründə də olub. Buna görə də mən orada bunun necə həll ediləcəyini bilmirəm. Bu ölkələr arasında nəqliyyat dəhlizləri uğrunda da müəyyən rəqabət mövcuddur. Məsələn, Özbəkistan kimi böyük bir ölkə limanlardan məhrumdur. Buna görə də onlar coğrafi baxımdan ən yaxın olan Pakistan limanlarına ümid bəsləyirlər. Onların Çinlə hansısa münasibətlərə ehtiyacı var, çünki İslamabad Pekinlə çox sıx əməkdaşlıq edir. Buna görə Mərkəzi Asiya ölkələri orada yeni böyük oyunçulardan çox asılı olacaqlar. Təkcə Moskvadan yox və bəlkə də Moskvadan daha az dərəcədə... Və bu, hansısa gərginlik yaradacaq. Məsələn, Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olmaq istəmir. Daşkənd münasibətləri ikitərəfli əsasda inkişaf etdirmək istəyir, Özbəkistan bu baxımdan fərqlənir. Bu, Rusiya xarici siyasəti üçün bir çox yeni məsələlər yaradır.

Əlbəttə, Tacikistan radikal “Taliban” hərəkatı üçün ən həssas ölkədir. Bu yaxınlarda Rusiyanın müdafiə naziri Sergey Şoyqu oranı ziyarət etdi. Əlbəttə ki, Tacikistanda dislokasiya olunmuş Rusiyanın 201-ci diviziyası indi yeni hazırlıq rejimindədir. Mərkəzi Asiyadakı hakim rejimlər dünyəvidir və onlar islamçılığın nüfuz etməsindən qorxurlar.

Türkmənistan tamamilə qapalı ölkədir. Orada da oradan Çinə neçə boru kəmərinin uzandığı tam aydın deyil. Necə deyərlər, hər şey xalçanın altındadır.

– Bu kontekstdə KTMT ilə bağlı sual yaranır. Aydındır ki, Amerika qoşunları Əfqanıstandan çıxdıqdan sonra Mərkəzi Asiya regionunda və bütün post-sovet məkanında təhlükəsizliyin təmin edilməsi baxımından bu struktur daha ağır yük daşıyacaq. Ancaq biz bu strukturda ciddi çətinliklər görürük. Bu yaxınlarda KTMT-yə daxil olan iki ölkənin silahlı qüvvələri birbaşa toqquşmalara başladı. Qarabağ münaqişəsi olanda da bu strukturla bağlı suallar var idi - KTMT-nin bəzi üzvləri, Rusiya və Belarus uzun illər ərzində təşkilatın üzvü olan Ermənistana və bu struktura daxil olmayan Azərbaycana silah satırlar. Siz bütün bu çətinliklər və Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra ekstremizm təhdidinin artması fonunda KTMT-nin gələcəyini necə görürsünüz?

– Eyni müdafiə ittifaqının iki ölkəsinin bir-biri ilə döyüşməsi xəbər deyil: NATO üzvü olan Yunanıstanla Türkiyə arasındakı silahlı münaqişəni xatırlamaq olar. Yəni, bu xoşagəlməz haldır, amma ən böyük xəbər deyil.

Mənim fikrimcə, KTMT-yə daxil olan ölkələrin paytaxtları arasındakı münasibətlər Sovet İttifaqının institusional yaddaşı ilə məhdudlaşır. NATO-da bu cür institusional yaddaş yoxdur, amma burada var. Post-sovet ölkələrindəki elitalar rəhbərliyin Moskva ilə sıx münasibətləri möhkəmləndirmək üçün atdığı addımlara çox həssasdırlar; onlar hakimiyyət strukturlarını RF-dən asılılığı bərpa etməkdə ittiham etməyə başlayırlar. Bu, münasibətlərin incəliyidir. Ancaq islamçı təhdidin artımı mövcud olduqda, bunun əhəmiyyəti qalmır. Kimin qoruduğu vacib hala gəlir.

Mən tez-tez erməni ekspertlərə deyirəm ki, “çağırış naminə müttəfiq” olmaq olmaz. Siz Krımın Rusiyanın tərkibinə daxil olmasını dəstəklədinizmi? Cavab olaraq susurlar. Bu şəkildə olmur. Onlarda bu var - təhlükə anında Rusiyaya üz tutmaq, hər şey yaxşı olduqda isə hamı ilə münasibətləri bərabər qaydada – azimut üzrə qurmaq. Heç kim bunu qadağan etmir, amma əgər sən məsuliyyətlə müdafiə ittifaqına daxil olursansa, istənilən halda bəzi öhdəliklər də daşımalısan. Mənə elə gəlir ki, bu məsələ bu ölkələrin elitasının zehniyyətində hələlik sonadək başa düşülməyib. Və fon hələ də SSRİ ilə bağlı yaddaşdır.

– Sizin fikrinizcə, Rusiya bu zehniyyəti həm KTMT çərçivəsində, həm də bütövlükdə post-sovet məkanında dəyişdirmək və yeni əməkdaşlıq modelinə başlamaq üçün bir model təklif edə bilərmi?

- Bu, çətin məsələdir. Düşünürəm ki, Rusiya bunu “yumşaq güc” adlanan banal söz birləşməsi nöqteyi-nəzərindən təmizləmir. Ukrayna böhranının ən vacib dərsi budur ki, biz 1992-ci ildən 2004-cü ilədək onları daxili qiymətlərimizlə (üstəlik nəqliyyat xərcləri) karbohidrogenlə təmin etmişdik, lakin onlarla ciddi şəkildə məşğul olmamışıq. Biz institutda Post-sovet Araşdırmaları Mərkəzi yaratmışdıq. Mərkəzin əməkdaşlarının ilk vəzifəsi Ukrayna məktəblərində yuxarı siniflər üçün tədris edilən tarix və ədəbiyyat dərsliklərini analiz etmək idi. Təxminən 1999-cu ildən bəri dərs vəsaitlərində çox ciddi anti-rus narrativlər meydana çıxdı. Biz bununla məşğul olmadıq. Biz ukraynalı müəllimləri, müxtəlif Amerika fondlarının sponsorluğu ilə hazırlanan bu dərsliklərin müəlliflərini bura dəvət etmədik. Düşündük ki, Ukrayna bizim yanımızdan heç yerə getməyəcək. Və biz Ukraynanın bu ağır elitasını yetişdirdik. Hansı ki, 1992-2004-cü illərdə karbohidrogenlərin güzəştli qiymətlərlə verilməsi nəticəsində təxminən 40 milyard dollar “mükafat”ı üsulluca mənimsəmişdi. 1990-cı ildə Ukraynada adambaşına düşən ümumi daxili məhsul Polşadan azca yüksək idi. Ancaq biz polyaklara neft və qazı bazar qiymətləri ilə verdik və onlar struktur və institusional islahatlar aparmaq məcburiyyətində qaldılar. Bu gün Polşada bu göstərici Ukraynadakını üç dəfə üstələyir. Gənclərin şüurunu ələ keçirmək naminə tarixi yaddaşa elan edilən münaqişə əleyhinə, gənclərin ekstremizmi əleyhinə mübarizə son dərəcə vacibdir. Əgər biz bununla məşğul olmasaq, başqaları məşğul olacaq.

Odur ki, vurğunu buna yönəltmək çox vacibdir. Birgə ali məktəbləri inkişaf etdirmək, post-sovet ölkələrinin intellektual və elmi elitası ilə işləmək lazımdır. Biz “Primakov oxunuşu” ilə bunu etməyə çalışırıq. Bu iş daha geniş aparılmalıdır. Əlbəttə, onların milli ordu zabitlərinin yetişdirilməsinə dair tələbləri təmin edilməlidir. Bu, çox vacibdir.

Qeyd: “Primakov oxunuşu” dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər üzrə ekspertlərin, diplomatların və siyasətçilərin iştirakı ilə 2015-ci ildən bəri hər il Moskvada keçirilən, dövlət xadimi və akademik Yevgeni Primakovun adını daşıyan illik böyük beynəlxalq forumdur. Forumun təşkilatçısı Rusiya Elmlər Akademiyasının Y.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutudur. Sayca VII “Primakov oxunuşu” iyunun 8-9-da Moskvadakı Dünya Ticarət Mərkəzində keçirilib. Forumun Təşkilat Komitəsinin sədri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, Təşkilat Komitəsinin sədr müavini isə İMEMO-nun prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Dınkindir.

Forumun daimi qonaqlarından və moderatorlarından biri RF-in xarici işlər naziri Sergey Lavrovdur. Təsadüfi deyil ki, A.Dınkin müsahibə zamanı S.Lavrovu "Primakov oxunuşu"nun "böyük dostu" adlandırıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər