Ukrayna və Rusiya münasibətləri öz tarixinin ən kəskin dövrünü yaşayır. Rusiya Ukraynanı demək olar ki, Krım, Belarus, Luqanksi, Donetski istiqamətində məngənəyə salıb, eyni zamanda Ukrayna ilə sərhədə 130 minlik ordu cəmləşdirib. Qərb ölkələri Ukraynanın işğal planının fevralın 16-da başlanacağını elan ediblər. Son günlər Rusiya ordu birləşmələrinin Ukrayna istiqamətində sərhədə doğru çəkilməsi də müharibənin başlaya biləcəyinə dair iddiaları gücləndirir.
Teleqraf.com mövzu ilə bağlı hərbi ekspert Azad İsazadənin müsahibəsini təqdim edir:
- Azad müəllim, Ukrayna ətrafında vəziyyətin kritik olduğu məlumdur. ABŞ, Britaniya, Almaniya kəşfiyyatları sabah Ukraynaya qarşı Rusiya tərəfindən işğal planının başlaya biləcəyini bildiriblər. Xarici diplomatlar Kiyevi tərk edib, ABŞ səfirliyini Kiyevdən Lvova köçürür. Vəziyyəti necə qiymətləndirirsiniz?
- Əvvəla deyildiyi kimi vəziyyət həddən artıq gərgindir. İnanmıram ki, Rusiya genişmiqyaslı hücuma başlaya bilər. Çünki belə maşştablı hücum Rusiyanın özü üçün faciə ilə nəticələnə bilər. Aydındır ki, Ukrayna ordusu əsl mənada rus ordusuna müqavimət göstərə bilməyəcək. Bəli, rus ordusu müəyyən torpaqları işğal edəcək, hansısa itkilər nəticəsində... Ukrayna da öz torpaqları uğrunda mübarizəsini davam etdirəcək. Rus ordusu kütləvi itkilər də verə bilər. Üstəlik bu gün Rusiyanın real müttəfiqi yoxdur. Belarusa müttəfiq kimi baxmaq doğru olmazdı. Nə Çin, nə ABŞ, nə Avropa Rusiyanın bu davranışını dəstəkləməyəcək, əksinə Moskvaya qarşı çox ciddi sanksiyalar tətbiq olunacaq.
Ancaq həm Belarusda, həm Krımda, həm də Ukrayna ilə sərhəddə ordunun toplanması, Qara və Aralıq dənizində hərbi gəmilərin hazır vəziyyətə gətirilməsi sözsüz ki, ABŞ və Avropaya təzyiqdir. Ruslar istəyirlər ki, Ukrayna onların tələblərindən hansınısa yerinə yetirsin. Ukrayna da hələlik möhkəm dayanıb, arxaya çəkilmir. Ruslar üçün də arxaya çəkilmək, əməliyyata başlamamaq Moskvanın uduzması mənasını verəcək. Odur ki, vəziyyət çox gərgindir. Genişmiqyaslı əməliyyatlar deyil, müəyyən fəaliyyətlər, Donetsk və Luqanskdə xırda döyüşlər, təxribatlar baş verə bilər. Əlbəttə, bütün bunlar fərziyyədir. Prezident Putinin beynində nələrin olduğu bilinmir. Putin prinsiplə sona qədər gedə bilər. Rusiyanın gələcəyi onu o qədər də maraqlandırmır. Onun özünün hansısa mühüm “missiyası” var və hesab edir ki, bu missiyanı yerinə yetirməlidir.
- ABŞ və digər ölkələrin kəşfiyyatı Putinin Ukraynaya hücumuna dair zaman verir, planlar açıqlayır. Siz hesab edirsiniz ki, bütün bunlar Qərb təbliğat maşınının dezinformasiyasıdır?
- Yox. Real müharibə başlaya bilər. Müharibə planı xəritə üzərində cızılıb. Hələlik bir faktor müharibənin başlamasının qarşısını alır. Bu da Prezident Putinin əmr verməməsidir. Əslində müharibə üçün hər şey hazırdır.
İkincisi, rus politoloqların dediyindən çıxan ümumi nəticə belədir ki, hazırda Moskvada iki qrup arasında əsl mübarizə gedir. Söhbət hakimiyyətdə təmsil olunan qruplardan gedir. Bu qruplardan biri deyir ki, müharibəni başlamaq, Ukraynanı götürmək lazımdır. İkinci qrup isə müharibənin başlamasının ciddi nəticələrə və itkilərə yol açacağını bildirərək müharibədən imtina olunması mövqeyindən çıxış edir. Daha dəqiq desək, iki qrupdan biri müharibənin başlanmasının tərəfdarıdır, digəri müharibəyə qarşıdır. Hər halda rus politoloqların danışığından, şərhlərindən belə nəticəyə gəlmək mümkündür. Ən vacibi odur ki, Prezident Putin hələlik qərar verməyib. Aydın olan budur ki, müharibənin başlanması üçün hər şey hazırdır. Bu səbəbdən də Qərb liderləri “şər deməsən, xeyir gəlməz” prinsipi ilə ən pis ssenariyə hazırlaşır. Onlar diplomatlarını Kiyevdən evakuasiya ediblər, vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıblar. Çünki müharibə başlasa və qərb ölkələrinin vətəndaşları ziyan çəksələr, bu dövlətlər məcburi olub müharibəyə girişəcəklər. Onlar da bunu arzu etmirlər. Çünki bu artıq dünya müharibəsi deməkdir. Odur ki, qərb liderləri də ehtiyatla iş aparırlar, eyni zamanda Ukrayna ordusunu silahlandırır, gücləndirirlər. Və Rusiyaya qarşı Ukraynanın cavab verməsini təmin etməyə çalışırlar. Bunun nə ilə bitəcəyi bəlli deyil, amma sözsüz ki, Ukrayna ordusu rus ordusunun addımlarına reaksiya verəcək, buna hazırlanır.
- Britaniya mediası iddia edir ki, Ukraynaya hücum Krım və Belarus istiqamətindən başlanacaq, rus ordusu şərqdən Kiyevə çatacaq və əsas zərbə buradan endiriləcək. Nə dərəcədə realdır?
- O qədər də real saymıram. Ukrayna ordusu o qədər də zəif deyil ki, bir neçə saat ərzində bütün əraziləri təhvil versin. Çox güman ki, mühüm döyüşlər gedəcək. Ordu öz yerində, ukraynalılar da bir millət kimi müharibəyə hazırdır. İstisna etmirəm ki, Kiyevə havadan raket zərbələri endirilə bilər, ayrı-ayrı rus qrupları Kiyevə yaxınlaşa bilər. Amma hər keçdikləri şəhərdə döyüşlərlə üzləşəcəklər. Ordudan əlavə ərazi böyükdür və Ukraynada yerli müqavimət batalyonları da formalaşıb. Onlar da hər şəhər və qəsəbə uğrunda vuruşacaq, müqavimət göstərəcəklər. Bu mənada Belarus istiqamətindən rus ordusunun qısa vaxt ərzində Kiyevə çatması o qədər də ağlabatan deyil.
- Ukraynanın sabiq baş naziri Nikolay Azarovun Minskdə peyda olmasını nəzərə alsaq, müharibəyə başlamaqla paralel olaraq Ukraynada hökumət dəyişikliyi baş verə bilərmi?
- Praktiki olaraq Putinin Kiyevdə rusyönümlü hökumət formalaşdırmaq imkanı yoxdur. Buna cəhd ediləcəksə, Kiyevdə çaxnaşma yaranacaq, yeni Maydan prosesləri başlana bilər. Əlbəttə, ruslar bu vəziyyətdən sonra hansısa əraziləri götürə bilərlər. Amma yenə də nəsə alınmayacaq.
İkincisi, ukraynalılarla ruslar bir-birinə çox yaxındır, eyni kökdən gəlirlər. Təxminən Azərbaycan və Türkiyə kimi. Amma indi ukraynalılar və ruslar düşməndir. Faktiki olaraq bu gün Ukraynada yaşayan ruslar da əlinə silah götürüb ölkəsini Rusiyadan qorumağa hazırdır.
- Prezident Zelenski Ukraynanı tərk edən deputatları, məmurları, zəngin insanları dərhal ölkəyə qayıtmağa, ümumiyyətlə ölkəni tərk etməməyə çağırıb. Bu artıq Ukraynada xaosun başladığına dəlalət etmirmi?
- Əlbəttə, çaxnaşma var, ancaq bu, Ukrayna daxilində baş verən hadisədir. Ukraynada xalq Rusiyaya qarşı mənfi mövqedədir. Həm də Ukraynadan qaçmaq istəyənlərin çoxu varlı təbəqələrdir. Onlar ailə üzvlərini aparırlar, bizneslərini xilas etməyə çalışırlar və s. Ancaq istisna etmirəm ki, Ukraynada vəziyyət sabitləşən kimi bu şəxslərə satqın kimi baxılacaq və onlara qarşı hansısa tədbirlər görüləcək.