22 Aprel 2022 14:26
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün obyektiv çətinliklərə, dünyada gedən qlobal proseslər və onun yaratdığı problemlərə baxmayaraq Azərbaycan davamlı inkişaf dövrünü yaşayır. Müstəqilliyimizin möhkəmləndirilməsi, demokratik hüquqi, dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin yaradılması ölkəmizin ildən-ilə daha da güclənməsinin bariz göstəricisidir. Azərbaycan müstəqil dövlət kimi bütün dünyada tanınır və dünya birliyində öz layiqli yerini tutur. Müstəqil inkişaf yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızın xoşbəxt gələcəyinə böyük inamla baxmağa ruhlandırır, yeni güc, qüvvət verir. Dövlətimizin hər bir uğuru dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və ixtiralar hissi doğurur.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, Azərbaycanlılar min illiklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr verib:

“Lakin ayrı-ayrı dövrlərdə baş verən müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, bir-birindən ayrı düşüb. İş və təhsil üçün də başqa ölkələrdə yaşayan azərbaycanlılar var. Bu mənada azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar. Hal-hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı, Avropa və Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranıb. Öz doğma yurdunda yaşayan azərbaycanlılar isə başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə həmişə maraqlanıb, onlarla əlaqələr yaratmaq arzusu ilə yaşayıb. Amma keçmiş sovet dövlətinin qadağaları bu arzunun həyata keçirilməsinə imkan vermirdi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndərin təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul edib. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycan hamımız üçün əziz bir bayram olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü təntənə ilə qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır”.

Komitə sədri hesab edir ki, dünya azərbaycanlıların təşkilatlanması, diaspor quruculuğunda ümummilli lider Heydər Əliyevin böyük rolu olub:

“2001-ci ilin may ayında ulu öndər "Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında" Sərəncam imzalayıb. İlk Qurultay 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib. Prezident İlham Əliyev bu mühüm strateji xətti daha da inkişaf etdirib. Dövlət başçısının rəhbərliyi və diqqəti nəticəsində Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirildi. 2018-ci ildə yeni “Strateji Yol Xəritəsi”nin işlənib hazırlandı. Eyni zamanda, diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi də mühüm əhəmiyyət kəsb etdi. Bu islahatlar və yeni yanaşma xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması prosesinə layiqli töhfə verdi. Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan Evi (Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərlərində) yaradıldı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəblərinin təsis olunması, bu gün həmin məktəblərdə 250-dən artıq azərbaycanlı uşaq ana dilində təhsil alır. Dünya Azərbaycanlıların 2006-cı il martın 16-da II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də IV qurultayları keçirildi. Bütün qurultaylarda iştirak və çıxış edən dövlət başçısının diaspor təşkilatları, dünya azərbaycanlıları qarşısında bir sıra mühüm vəzifələr qoyub. Bunlardan birincisi, Azərbaycan həqiqətlərinin çatdırılması idi. Azərbaycana qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir, mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, mətbuat orqanlar, ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparır. Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar. Diaspor təşkilatları bu sahədə ümidləri doğrultdu. Onlar nəinki erməni lobbi təşkilatlarına tutarlı cavab verir, eyni zamanda, onlar özləri orada Ermənistana qarşı çox ciddi və real faktlar əsasında qurulmuş təbliğat işləri aparır. Dövlət başçısı qeyd etmişdi ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır. Diaspor təşkilatlarımız bu çağırışa çox ciddi yanaşırdılar və müsbət nəticələr də var. Diasporun Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində davamlı fəaliyyət göstərir. Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdi. 44 günlük Vətən Müharibəsində Qələbə xalq-iqtidar birliyi, Ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilib”.

Hicran Hüseynova bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayı, torpaqlarımızın işğaldan azad olunduğu dövrə təsadüf edir:

“Bu tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Uzun illər idi ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bir nisgillə, həsrətlə yaşayırdılar. Onlar özlərini həmin ölkələrdə rahat hiss edə bilmirdilər, xüsusilə də ermənilərin təkəbbürlü, onların özünü qalib kimi aparmaları soydaşlarımız üçün çox ağır idi. Lakin artıq onlar başlarını dik tutur, Qələbənin gətirdiyi sevinci, qüruru yaşayırlar. Şuşa hər zaman insanları, dəyərləri birləşdirən tarixi Azərbaycan torpağıdır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının iftixar hissidir. Azərbaycanın mədəniyyət paytaxtı öz doğmalarını böyük sevgi və məhəbbətlə qarşılayır. Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı Azərbaycanın lobbiçilik və diaspor fəaliyyətinin daha da güclənməsinə mühüm təkan olacaq. Postmüharibə dövründə diaspor təşkilatlarımızın fəaliyyəti nəzərdən keçiriləcək, yeni reallığa uyğun vəzifə və öhdəliklər müəyyən ediləcək”.


Müəllif: Tapdıq Qurbanlı