30 İyun 2022 17:30
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyanın “Azərbaycan növbəti dəfə müharibəyə hazırlaşır” açıqlaması olduqca absurd görünür. Çünki o, dəfələrlə bu cür qeyri-müəyyən, qeyri-adekvat, görüşlərin əksinə, bəzən də bu işlərin xeyrinə, başa düşülməyən bəyanatlar səsləndirib. Yəni bilmək olmur ki, o, bunu Ermənistan ictimaiyyəti üçün edir, yoxsa elə bu adamın zehni, zəkası bu qədərdir. Son olaraq onun Azərbaycanı “ittiham” etməsinə, təbii ki, onların özlərindən başqa heç kim inanan deyil.

Bunu Teleqraf.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları komitəsinin sədri Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan bütün beynəlxalq tədbirlərdə sülhə sadiq olduğunu bəyan edir: “Ölkəmiz Ermənistanla saziş imzalanmağa, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiya prosesinin gücləndirilməsini təklif edir. Bununla bağlı Paşinyanın özünün də iştirak etdiyi görüşlərdə razılıqlar əldə olunub. Moskvada, Brüsseldə keçirilən görüşlərdə əldə edilən razılaşmaları xüsusi qeyd etmək olar. Amma görünən odur ki, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərdən qaçır və qaçmaqda davam edir”.

Komitə sədri hesab edir ki, əslində Paşinyan bəzi məqamlarda düz danışır: “Çünki proseslər onu göstərir ki, deyəsən yenə də Azərbaycanın "Dəmir yumruğu" onların başına dəyəcək. Bundan sonra ola bilər ki, ağıllansınlar. Azərbaycan sülh istədiyini bəyan edə-edə onların absurd fikir və təxribatlarına sona kimi dözə bilməz. Ermənistan və Qarabağdakı separatçı ünsürlərin hərəkətlərinə son qoyulmalıdır. Bu günlərdə Ermənistan ordusunun baş qərargah rəisinin müavini deyib ki, “biz Qarabağa yalnız müqavilə ilə işə götürdüyümüz hərbiçiləri göndəririk”. Bu, o deməkdir ki, onlar Qarabağa erməni könüllülərini göndərir. Əslində bu, erməni tərəfindən açıq bir etirafdır. Qarabağa silahlı dəstələrin hələ də Ermənistandan göndərildiyinin daha bir təsdiqidir”.

Çingiz Qənizadənin fikrincə, Ermənistan tərəfi Qarabağa hərbiçilərini gödərməyə davam edərsə, Azərbaycan bu məsələyə səssiz yanaşmayacaq: “Ordumuzun qısa zamanda Qabağdakı erməni silahlılarının hamısını və əraziləri nəzərətə götürmək imkanı var. Ermənistan isə əslində “davranışları” Azərbaycanı buna təhrik edir. Prezident İlham Əliyevin Kəlbəcərdəki son bəyanatına nəzər salsaq Ermənistanın bu yoldan çəkinməsi daha məqbul olardı. Ölkə baçısının “Dəmir Yumruq yerindədir” ifadəsi Ermənistana edilən açıq bir xəbərdarlıqdır”.


Müəllif: Tapdıq Qurbanlı